AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ TƏHLÜKƏSİZLİK
KONSEPSİYASI
Çoxəsrlik dövlətçilik tarixi keçmiş, 1918-ci ildə Şərqdə ilk demokratik respublika qurmuş və 1920-ci ildə müstəqilliyini itirmiş Azərbaycan Sovet İttifaqının süqutundan sonra 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmişdir. Azərbaycan xalqı daha geniş demokratik dəyərlərə qovuşmaq imkanından istifadə edərək, özünün milli dövlətçilik ənənələrinə, tarixi və mədəni irsinə söykənən müasir demokratik hüquqi dövlət quruculuğu yolunu seçmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bütün çətinlikləri dəf edərək, düzgün strateji inkişaf yolunu müəyyən edərək, hazırda uğurla irəliləyən, regionda və dünyada öz mövqelərini möhkəmləndirən iqtisadi, siyasi və digər baxımlardan dinamik inkişaf edən müasir ölkəyə çevrilməkdədir. Belə ki, Azərbaycan Xəzər-Qafqaz məkanında regional əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlət olub, xüsusən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rol oynamaqdadır. Bu ümumi strategiyanın başlıca məqsədi Azərbaycan Respublikasının çiçəklənməsi, davamlı inkişafı və əhalinin rifahının təmin edilməsi, eləcə də bütün regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir.
Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası (bundan sonra - Konsepsiya) dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və demokratik inkişaf yolunu, strateji seçimi kimi Avro-Atlantik məkana inteqrasiyasını, bununla yanaşı tarazlaşdırılmış xarici siyasətinin çoxşaxəliliyini vurğulayan, Azərbaycan Respublikasında şəxsiyyət, cəmiyyət və dövləti xarici və daxili təhdidlərdən qorumağa yönəlmiş siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur.
Dostları ilə paylaş: |