Yeraltı suların temperaturu – çox böyük diapazonda dəyişir. Bu əsasən onların qidalanma şəraitindən, formalaşdığı geotermiki zonalardan asılıdır. Ən aşağı temperatura (–5°C və daha çox) malik olan yeraltı sulara daimi donuşluq zonalarında rast gəlinir. Cavan və müasir vulkanik rayonlarda (Kamçatkada, İslandiyada və s. ərazilərdəki qeyzerlər) isə yeraltı suların temperaturu yüksək 100-120°C-ə qədər olur. Adətən çox dərində yatmayan (500 m-ə qədər) yeraltı suların temperaturu yerli iqlim və hirogeoloji şəraitdən asılı olaraq 5-20°C arasında dəyişir. Yeraltı sulardan müxtəlif məqsədlər üçün istifadə edilərkən onların temperaturu böyük əhəmiyyət kəsb edir. Belə ki, içmək və məişət xidmətləri üçün 7-11°C temperatura malik yeraltı şirin sular daha müvafiq (yararlı) hesab olunur. Onlar gözəl tama və sərinləşdirici xassəyə malik olurlar. Temperaturu 20°C-dən yuxarı olan, xüsusilə 3537°C, yəni insan orqanizminin temperaturuna yaxın temperatura malik olan yeraltı sular müalicə üçün çox əlverişlidir. Belə suları qızdırmağa və yaxud soyutmağa ehtiyac olmur və onlardan kurort zonalarında geniş istifadə olunur. Temperatur yeraltı suların kimyəvi tərkibinə də müəyyən dərəcədə təsir göstərir. Temperatur artdıqca suda gedən fiziki-kimyəvi proseslərin sürəti artır, bəzi duzların suda həll olması daha intensiv gedir. Bir qayda olaraq temperatur artdıqca natriumlu (Na) və kaliumlu (K) duzlar çox, kalsiumlu (sulfatlı) duzlar isə az həll olur. Ona görə çox zaman soyuq sular kimyəvi tərkibcə kalsiumlu, isti və qaynar sular isə natriumlu olur. Yeraltı suların qaz tərkibləri də temperaturla əlaqədardır. Bir qayda olaraq temperatur artdıqca sularda həll olan qazlar da azalır. Bir qayda olaraq suda həll olan qazların konsentrasiyası: qramlarla 100 ml-də (q/100 ml), qramlarla 1 l-də (q/l), milliqramla 1 litrdə (mq/l), millilitrlə 1 litr (ml/l) ifadə olunur. Ən geniş şəkildə son iki variantdan istifadə olunur.Hidrogeoloji tədqiqatlar zamanı yeraltı suların temperaturu onların çıxış yerlərində – bulaqlar, əl quyuları, buruq quyularında termometrlə ölçülür. Bu termometr bulaq termometri, bəzən isə «tənbəl» termometr adlanır. Yeraltı sular temperaturuna görə aşağıdakı kimi bölünür: