Radiasiya və kimya müşahidə postları (RKMP) – bütün obyektlərdə yaradılır və təhlükə yaranarkən bilavasitə fəaliyyətə başlayır. Onların əsas vəzifələri radioaktiv və kimyəvi zəhərlənməni vaxtında aşkar etmək, müşahidə sahəsində vəziyyətin dəyişməsinə fasiləsiz göz qoymaq və qərargaha müntəzəm surətdə məlumat verməkdir. Təbii fəlakət və istehsalat qəzaları vaxtı ona digər vəzifələr də tapşırıla bilər. Post elə bir yerdə qoyulmalıdır ki, oradan hər tərəfi müşahidə etmək mümkün olsun və postun özü MM idarəetmə məntəqəsinin yaxınlığında yerləşsin. Müşahidəçilərin daldalanması və növbədən sonra dincəlməsi üçün burada hökmən üstüörtülü səngər düzəldilir, müşahidəçi duran yerdə cəhətləri göstərən nişan qoyulur. Postun heyəti onun rəisindən və iki müşahidəçidən ibarətdir. Onlar müşahidəni vizual üsulla, habelə radiasiya və kimya kəşfiyyatı cihazları vasitəsilə aparırlar. Bu məqsədlə onlar cihazlardan əlavə, həmçinin fərdi mühafizə vasitələri, rabitə və xəbərdarlıq vasitələri, kompas, saat, səmt göstərən və bucaqölçən, xüsusi limb, müşahidə jurnalı, habelə öz vəzifələrini yerinə yetirmək üçün lazım olan digər avadanlıqla təchiz olunurlar.
Kəşfiyyat qrupu manqası isə təbii fəlakət, qəza nəticəsində bilavasitə obyektdə, digər fəaliyyət rayonunda, habelə düşmən basqınından sonra zədələnmə ocağında, hərəkət marşrutlarında yaranmış vəziyyəti öyrənmək məqsədilə göndərilir. Kəşfiyyat qrupu – qrup komandirindən və hərəsi 3 nəfərlik bir rabitə və bir neçə kəşfiyyat manqalarından ibarət olur. Hər manqa bir-birindən 500 m aralı üç mühafizə qurğusunda, yaxud 800 m-dək zolaqda (şəhərin 2-3 məhəlləsindən ibarət sahədə) kəşfiyyat aparmaq üçün nəzərdə tutulur. Qrup fərdi mühafizə vasitələri, radiasiya və kimya kəşfiyyatı cihazları, hədd nişanları dəsti, fərdi dozimetrlərlə təchiz edilir, fəaliyyətə başlayarkən ona nəqliyyat və rabitə vasitələri, habelə hərəkət marşrutunun sxemi, obyektdə kəşfiyyat apardıqda isə kəşfiyyat sxemi verilir.
Zəhərlənmə rayonlarında kəşfiyyat aparılarkən, radiasiya səviyyəsi 0,5 rentgen-saat olan, yaxud kimyəvi zəhərlənmə aşkar edilən zonanın hüdudları hədd nişanları vasitəsilə nişanlanır. Zəhərlənməni ölçdükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur və nişanda zəhərlənmənin növünü, səviyyəsini və ölçülmə vaxtını qeyd edir. Hədd nişanı yolun kənarında yaxşı görünən yerdə qoyulmalıdır. Nişanı elə qoyurlar ki, onun üz tərəfi zəhərlənmə olmayan və ya az olan sahəyə tərəf dursun. Qrupun komandiri hərəkəti davam etdirərək marşrutun sxemində hər dəfə zəhərlənmə ölçülən yeri, zəhərlənmənin növünü və ölçülmə vaxtını kəşfiyyat jurnalında qeyd edir və bu barədə radio vasitəsilə obyektin MM qərargahına məlumat verir. Obyektin ərazisində kəşfiyyatçılar müxtəlif sexlərdə, qurğularda, xüsusən də xilasetmə işləri aparılacaq sahələrdə zəhərlənmənin növünü, səviyyəsini (dərəcəsini) təyin edir, vəziyyətin dəyişməsinə nəzarət edirlər.
Kəşfiyyata başlamaq üçün çıxış məntəqəsinin yeri obyektin yaxınlığında müəyyən edilir. Burada qrupun komandiri vəziyyətlə tanış olub obyektdə kəşfiyyat aparmaq üçün manqalara tapşırıq verir. Kəşfiyyatçılar obyektin sexlərində, sığınacaqlarında, xilasetmə aparılacaq yerlərdə yaranmış vəziyyəti (dağıntıların, yanğınların xarakterini, adamlar qalmış yerləri və s.) öyrənir, zəhərlənmənin səviyyəsini ölçürlər. Belə yerlər, adətən, əvvəlcədən müəyyən edilir və yuxarıda deyildiyi kimi, obyektin kəşfiyyat sxemində (planında) göstərilir.
Kəşfiyyat qurtarandan sonra kəşfiyyat qrupu (manqası) toplanış məntəqəsinə gəlir, komandir qərargaha vəzifələrin yerinə yetirilməsi haqqında məlumat verir və kəşfiyyat sxemini təqdim edir. Bundan sonra o, lazımi hallarda avtomobilin, şəxsi heyətin zəhərlənmə dərəcəsini yoxlayır, buna ehtiyac varsa, xüsusi təmizləmə işlərini təşkil edir, dozimetrlərin göstəriciləri əsasında şəxsi heyətin məruz qaldığı şüalanma dozalarını hesablayır və qrupu yeni vəzifələrin icrası üçün işə hazırlayır. Müxtəlif təbii fəlakətlər və qəzalar zamanı aparılan kəşfiyyatın xüsusiyyətləri, əsasən, onun konkret vəzifələrində təzahür edir. Qəza yerlərini diqqətlə müayinə etməklə, adamlar toplanan yerlərə, anbarlara, su mənbələrinə xüsusi diqqət yetirməklə, havadan və torpaqdan nümunələr götürüb analizə göndərməklə bu vəzifələrin öhdəsindən gəlmək mümkündür. Güclü zəlzələdən sonra aparılan kəşfiyyatın əsas vəzifələri isə bina və tikililərin nə dərəcədə dağıldığını, uçqunlar altında adamlar qalan yerləri və onların vəziyyətini, ikinci zədələnmə ocaqlarının (yanğın, daşqın, kimyəvi zəhərlənmə) yaranıb-yaranmadığını öyrənmək, qaz, su, elektrik şəbəkələrində qəzaların yerini, dərəcəsini, xilasetmə işlərinin növünü, həcmini və s. müəyyən etməkdən ibarətdir. Daşqın və sel vaxtı kəşfiyyat bölmələri fəlakətli sahələrin hüdudlarını, yardıma ehtiyacı olan adamlar, habelə kənd təsərrüfatı heyvanları qalmış sahələri müəyyənləşdirir, daşqın zonasından çıxarılmalı maddi sərvətləri aşkar edir, üzgüçülük vasitələrindən istifadə edilməsi üçün marşrutlar axtarır və s.
Sülh və müharibə dövründə ətraf mühitin sağlamlığı üzrə kəşfiyyat işlərinin bir qismi də respublikanın müşahidə və laboratoriya nəzarəti şəbəkəsi tərəfindən yerinə yetirilir. Bu şəbəkənin vəzifələri, tərkibi və fəaliyyət qaydası xüsusi əsasnamə ilə müəyyən və təsdiq edilmişdir.
Dostları ilə paylaş: |