Kompüterdə verilənlərin təsvirinin inkişaf mərhələləri
Hesablama texnikasının yaradılması və istifadəsi ənənəvi olaraq proqram və verilənlər kimi iki əsas ifadə ilə bir-birilə əlaqədardır: proqramlar və verilənlər. Bu halda birincilər ikinciləri emal etmək üçün yaradılır. Beləki proqramçı hər hansı bir proqramı tərtib edir və onun emalı üçün tələb olunan verilənləri proqramın uyğun mövqelərinə daxil edir.
Sonrakı mərhələlərdə əhəmiyyətli dəyişikliklər baş verməyə başladı: verilənlər proqramdan ayrıldı və müxtəlif strukturlu verilənlər bazaları (VB) yaradıldı (relyasiyalı, yəni cədvəl tipli VB), ierarxiyalı, şəbəkə tipli və s. Eyni zamanda VB-ın idarə sistemləri (VBİS) yaradılmağa başlandı.
Təbiidir ki, verilənləri proqramdan ayırmaq üçün müxtəlif proqramlaşdırma dillərində verilənlərin təsviri vasitələri də yaradılmağa başlandı. Fortran və Alqol dilləri nisbətən sadə strukturlu verilənlərin kompüterin yaddaşında təsvir olunması üçün proqram vasitələrinə malikdir. Nisbətən mürəkkəb – ierarxiyalı strukturlu verilənlərin bazalarının yaradılması üçün KOBOL, ПЛ/1 və ПАСКАЛ dillərinin proqram vasitələri geniş istifadə olunmağa başlandı.
Paralel olaraq verilənlərin xarici yaddaş qurğularında təsviri istiqamətində işlərdə inkişaf etməyə başladı. Bu halda əsas məsələ informasiya massivinin (fayl) yaradılmasıdır. Faylda müxtəlif obyektlər barədə verilənlərin strukturlaşdırılmış yazılışının mətni və adı göstərilir. Fayla obyektin informasiya modeli kimi də baxmaq olar.
Xarici yaddaş qurğusunda verilənlərin təsviri aşağıdakı mərhələlərdə yerinə yetirilmişdir:
faylda verilənlərin yazılışının formalizasiyası üsulları, faylların yaradılması və onlara müdaxilə tamamilə istafədəçilərin konkret proqramlarında təyin olunmuşdur;
faylların idarəolunması və onlara müdaxilə kompüterin əməliyyat sistemləri ilə yerinə yetirilmişdir;
VB-in və onların inkişaf etmiş idarəetmə sisteminin (VBİS) yaradılması (bu məqsədlə müxtəlif təyinatlı verilənlərlə təchiz edilmiş inteqrallaşdırılmış VB-in müəssisələr, sahələr və s. üçün yaradılması nəzərdə tutulur).
Birinci mərhələdə məntiqi və fiziki səviyyələrdə verilənlərin yaradılması, saxlanması və onlara müdaxilə tam şəkildə hər bir proqramı yaradan proqramçıya və onun istifadəçisinə həvalə edilir. Bu halda bir proqramın verilənlərinin digər proqramda istifadə edilməsi çox əmək tələb edən və az səmərəli prosedura hesab edilir.
İkinci mərhələdə kompüterin xarici yaddaş qurğusunda verilənlərlə işin müəyyən hissəsi (əsasən fiziki səviyyədə) əməliyyat sisteminin üzərinə düşür. Növbəti 3-cü mərhələ, VBİS-in çərçivəsində mümkün oldu. Bu halda texnoloji olaraq müxtəlif təyinatlı proqramları (verilənləri yaradan, dəstəkləyən və istifadə edən) bir-birindən ayırmaq mümkün oldu. Beləliklə verilənləri emal edən proramları verilənlərdən asılı olaraq seçmək imkanı yarandı.
Verilənlərin təsvirinin növbəti mərhələlərində informasiya hesablama şəbəkələri və onların əsasında kollektiv istifadə olunan paylanmış VB-in yaradılması və idarə olunması məsələləri həll edilmişdir. Bu mərhələnin bariz nümunəsi kimi İnternet Şəbəkəsinin intellektual informasiya - axtarış sistemlərini göstərmək olar.
Dostları ilə paylaş: |