Müsahibin nitqinə müdaxilə bütün hallarda hörmət və nəzakət çərçivəsindən kənara çıxmamalıdır. Dinləmə zamanı üz-gözünü turşutmaq, narazı halda başını yelləmək və s. danışanı çaşdıra, fikrindən yayındıra bilər. Danışanın nitqi bunun üçün əlverişli məqamlarda, daha çox müsahibin etdiyi davamlı fasilələr zamanı kəsilə bilər. Nitqə hər hansı bir münasibətlə müdaxilə edildikdə müsahibə “Bağışlayın”, “Üzr istəyirəm”, “İcazə verin”, “bir dəqiqə” və s. kimi nəzakətli söz və ifadələrlə müraciət olunmalıdır.
Dinləmə zamanı əsnəmək, başqaları ilə söhbət etmək, tez-tez saata baxmaq, gözü yol çəkmək və s. kimi hallar məqbul sayılmır. Nitqi dinləmə xüsusi qabiliyyətdir. İnsanda bu keyfiyyət onun mədəni səviyyəsini müəyyənləşdirən əsas göstəricilərdəndir.