Mühazirə 10 Neft yataqlarının işlənilməsi Plan: Yataqların işlənilməsi üçün quyu fondu və quyu şəbəkəsi
Yalnız təbii enerji ilə işlənilmə
Süni təsir üsulları ilə işlənilmə - Suvurma və Qazvurma üsulları
İşlənilmə sistemi yatağın neft, qaz, kondensat və digər faydalı komponentlərin hasilatı üçün tətbiq olunan kompleks texniki-texnoloji proseslərin dinamikasını nəzərdə tutur.
Hər hansı bir mədənin kəsilişində ayrılmış istismar obyektində işlənilmə iki variantda aparıla bilər:
- yalnız təbii enerji ilə işlənilmə,
- süni təsir üsulları ilə işlənilmə.
Yataqların işlənilməsi üçün tələb olunan quyu fondu və quyu şəbəkəsi Quyu fondu. Yataqların karbohidrogen ehtiyatlarının realizəsi müxtəlif təyinatlı quyularla həyata keçirilir. Layların neftçıxarma proseslərini tənzimləməyə imkan verən bu quyular yatağın quyu fondunu təşkil edirlər.
Quyu fondu yatağın layihə sənədlərinə müvafiq yaradılır. Fondun tərkibi işlənilmə prosesində dəyişilə bilər (yatağın bütün sahəsini işlənilmə ilə əhatə etmək üçün quyuların yeri, sayı və funksiyası).
Quyu fondu dörd qrup quyulardan təşkil olunur: istismar (hasilat), vurucu, xüsusi və köməkçi.
İstismar quyuları neftin və qazın hasil edilməsi üçün qazılır və təbii ki, fondun böyük əksəriyyətini təşkil edir. Bu qrupa işlək və fəaliyyətsiz quyular daxildir. Hər hansı bir ay və ya ildə hasilatın alınmasında bilavasitə iştirak edən quyular işlək, müxtəlif səbəblər üzündən saxlanılmış quyular isə fəaliyyətsiz adlanır.
Vurucu quyular laylara təsir üsullarının həyata keçirilməsində istifadə edilir. Yatağa suyun vurulmasında iştirak edən quyulara suvurucu, buxarın vurulmasında – buxarvurucu, qazın vurulmasında - qazvurucu quyular kimi təsnifat edilir.
Xüsusi quyular yatağın işlənilməsi üçün tələb olunan müxtəlif tədqiqatların aparılması üçün qazılır. Bunlardan bəziləri lay şəraitlərinin qiymətlərini öyrənmək üçün istifadə edilir və qiymətləndirici quyular adlanır. Digərləri isə işlənilmə dinamikasını izləmək üçündür və nəzarət quyuları kimi təsnif olunur.