Bir-biri ilə qarşılıqlı əlaqədə olan iqtisadi subyektlərin hər birinin bütün digər subyektləri seçdiyi strategiyanı nəzərə almaqla ən yaxşı strategiyanı seçdiyi situasiya Yuxarıda deyilənləri ümumiləşdirərək qeyd etmək olar ki, oliqopoliyadakı firmalar mənfəəti maksimallaşdırmaq üçün ayrı-ayrılıqda istehsalı seçdikdə onlar inhisarda olduğundan daha çox, rəqabətdə olduğundan isa daha az məhsul istehsal edirlər. Oliqopololiya qiyməti inhisar qiymətindən daha aşağı, rəqabət qiymətindən (marjinal maya dəyərinə bərabər olan) isə daha yüksək olur.
Oliqopoliyanın Həcmi Bazarda Məhsul Buraxılışına Necə Təsir Göstərir Duopoliyanın bu təhlilindən öyrəndiklərimizdən oliqopoliyanın bazarda məhsul buraxılışına necə təsir göstərdiyini müzakirə etmək üçün istifadə edə bilərik. Məsələn, Con və Coanın qəflətən öz mülkiyyətlərində su mənbəyi aşkar etdiklərini və su oliqopoliyasında Cek və Cilə qoşulduqlarını fərz edək. Cədvəl 1-dəki tələb qrafiki əvvəlki kimi qalsa da, indi bu tələbi ödəmək üçün daha çox istehsalçı mövcuddur. Satıcıların sayının ikidən dördə qədər artması şəhərdə suyun qiymətinə və miqdarına necə təsir göstərəcək?
Əgər su satıcıları kartel yarada bilərsə, onlar yenə inhisar miqdarını istehsal etməklə və inhisar qiyməti təyin etməklə məcmu mənfəətlərini maksimallaşdırmağa çalışacaqlar. İki satıcının mövcud olduğu halda olduğu kimi kartelin üzvləri hər bir üzv üçün istehsal səviyyəsi üzrə razılığa gəlməli və razılaşmanı həyata keçirməyin yolunu tapmalıdırlar. Lakin kartel genişləndikcə bu nəticənin əldə edilməsi ehtimalı azalır. Qrupun həcmi böyüdükcə razılaşmanın əldə edilməsi və həyata keçirilməsi daha da çətinləşir.
Oliqopolistlər kartel yaratmazlarsa - bu anti-inhisar qanunları ilə qadağan edilə bilər - onlardan hər biri nə qədər su istehsal etməklə bağlı özü qərar verməlidir. Satıcıların sayının artmasının məhsul buraxılışına necə təsir göstərdiyini bilmək üçün, hər bir satıcının qarşılaşdığı seçimi nəzərdən keçirmək lazımdır. İstənilən vaxtda, hər bir quyu sahibinin istehsalı 1 qallon artırmaq seçimi var. Bu qərarı verərkən quyu sahibi iki effekti müqayisə edir:
• İstehsal həcmi effekti: Qiymət marjinal maya dəyərindən yüksək olduğuna görə mövcud qiymətlə satılmış hər əlavə 1 qallon mənfəəti artıracaq.
• Qiymət effekti: Istehsalın artırılması məcmu satış həcmini artırır, bu isə suyun qiymətini aşağı salacaq və satılmış bütün digər qallonlardan gələn mənfəəti azaldacaq.
İstehsal həcmi effekti qiymət effektindən böyük olarsa, quyu sahibi istehsalı artıracaq. Qiymət effekti istehsal həcmi effektindən böyük olduqda isə, quyu sahibi istehsalı artırmayacaq. (Əslində, bu halda istehsalı azaltmaq faydalıdır.) Hər bir oliqopolist, digər firmaların istehsalını nəzərə almaqla bu iki marjinal effektin tam balansı yaranana qədər istehsalı artırır.
İndi isə sənaye sahəsindəki firmaların sayının hər bir oliqopolistin marjinal təhlilinə necə təsir göstərdiyinə baxaq. Satıcıların sayı nə qədər çox olarsa, hər bir satıcının bazar qiymətinə təsir imkanı bir o qədər az olur. Bu o deməkdir ki, oliqopoliyanın həcmi artdıqca, qiymət effektinin həcmi azalır. Oliqopoliya çox böyüdükdə, qiymət effekti tamamilə yoxa çıxır və yalnız istehsal həcmi effekti qalır. Son həddə aid bu halda oliqopoliyadakı hər bir firma qiymət marjinal maya dəyərindən yuxarı olduqca istehsalı artırır.
Bununla da, böyük oliqopoliyanın mahiyyətcə rəqabət aparan firmalar qrupu olduğunu görmək olar. Rəqabət aparan firma nə qədər istehsal etməklə bağlı qərar qəbul edərkən yalnız istehsal həcmi effektini nəzərə alır: Rəqabət aparan firma qiymətlə razılaşan firma olduğundan qiymət effekti mövcud olmur. Beləliklə, oliqopoliyadakı satıcıların sayı artdıqca oliqopolistik bazar getdikcə daha çox rəqabətli bazara bənzəməyə başlayır. Qiymət marjinal maya dəyərinə, istehsal həcmi sosial cəhətdən səmərəli səviyyəyə yaxınlaşır.
Oliqopoliyanın bu təhlili beynəlxalq ticarətin effektləri üzrə yeni perspektivlər təklif edir. Toyota və Hondanın Yaponiyada, Volkswagen və BMW-nin Almaniyada, Ford və "General Motors"un isə Birləşmiş Ştatlarda yeganə avtomobil istehsalçıları olduğunu təsəvvür edin. Bu dövlətlər avtomobil üzrə beynəlxalq ticarəti qadağan edərlərsə, hər bir ölkədə yalnız iki üzvü olan oliqopoliyalar mövcud olacaq və yəqin ki, bazarda məhsul buraxılışı rəqabətə aid idealdan əhəmiyyətli şəkildə fərqlənəcək. Lakin beynəlxalq ticarət olduqda, maşın bazarı dünya bazarıdır və bu misalda oliqopoliyanın altı üzvü olur. Azad ticarətə icazə verilməsi istehsalçının aralarından seçə bildiyi istehsalçıların sayını artıracaq və bu rəqabət qiymətini marjinal maya dəyərinə yaxın saxlayır. Beləliklə, oliqopoliya nəzəriyyəsi, Fəsil 3-də müzakirə olunan nisbi üstünlük nəzəriyyəsinə əlavə olaraq, bütün ölkələrin azad ticarətdən fayda götürə biləcəyini bir daha sübut edir.