MÜhaziRƏ 11 ŞÜalanmalardan mühafiZƏ MƏSƏLƏLƏRİ p L a n



Yüklə 88.99 Kb.
tarix14.12.2016
ölçüsü88.99 Kb.
MÜHAZİRƏ 11

ŞÜALANMALARDAN MÜHAFİZƏ MƏSƏLƏLƏRİ

P L A N

1. İonlaşdırıcı şüalanmalar və onlardan mühafizə

2. Elektromaqnit şüalanmaları və onlardan mühafizə

3. Lazer şüalanmaları və onlardan mühafizə

4. Ultrabənövşəyi şüalanmalar və onlardan mühafizə

İonlaşdırıcı şüalanmalar və onlardan mühafizə

Müasir elmi-texniki tərəqqi dövründə, atom energetikasının, kosmik tədqiqatların, radioloji müalicə praktikasının və s. sürətlə inkişafı ilə əlaqədar olaraq mühəndis-texniki işçilərin, hətta hər bir ziyalının zərərli şüalanmaların mahiyyətini, orqanizmə təsirini, bu sahədə gigiyenik normaları və mühafizə üsullarını öyrənməsi zəruridir.

Mühitin ionlaşmasına (yüklənmiş atom və ya molekulların-ionların yaranması) səbəb olan hər hansı şüalanma ionlaşdırıcı şüalanma adlanır. Kosmik şüalar, təbii surətdə yayılmış radioaktiv maddələr ionlaşdırma xassəsinə malikdir. Süni ionlaşdırıcı şüalandırma mənbəyi xalq təsərrüfatında tətbiq edilən süni radioaktiv izotoplardır.

Radioaktiv maddələrlə (uran, radium, torium və s) işləmək insan həyatı üçün təhlükəlidir. Həddindən artıq radioaktiv şüalanma çox ağır nəticələr verir. Lakin müəyyən texniki və təşkilatı tələblərə riayət edildikdə radioaktiv maddələr təhlükəli deyil.

Canlı hüceyrələrə ionlaşma təsiri nəticəsində orqanizmdə müxtəlif birləşmələrin kimyəvi quruluşu dəyişir və molekullar arasında rabitə pozulur, hüceyrələr məhv olur. Canlı orqanizmdə 70%-ə qədər su olduğu üçün şüalanma zamanı bioloji proseslərə suyun radiolizi böyük təsir göstərir.

Radioliz məhsulları orqanizmdəki başqa molekullarla kimyəvi reaksiyaya daxil olub, sağlam orqanizmə xas olmayan yeni birləşmələr yaradır. Bioloji proseslərin belə pozulması dönən olduqda bədən hüceyrələri yenidən bərpa olunur, dönməyən olduqda isə pataloji dəyişikliklər müxtəlif xəstəliklərə, xüsusən şüa xəstəliyinə əlverişli şərait yaradır.

Bədəndə gedən bu bioloji pozulmalar şüalanma miqdarından, şüalanma müddətindən asılıdır. 400-500 rad şüalanma insan üçün öldürücü təsirə malikdir. 1000 rad ani ölümə səbəb olur.

Radioaktiv şüalanma buraxılabilən həddən artıq olduqda uzun müddətli təsir nəticəsində xroniki şüalanma xəstəliyi yaranır.

Şüa xəstəliyinin əlamətləri yuxunun pozulması, baş ağrıları, dərinin quruması, iştahanın pozulması və s. (ilk mərhələ). Sonra həzmetmə orqanları, maddələr mübadiləsi pozulur, ürək-damar dəyişiklikləri, qanaxma, dırnaqların tökülməsi (ikinci mərhələ) və nəhayət, beyin damarlarına və ürək əzələlərinə qan sızması, tüklərin tökülməsi, cinsiyyət xəstəliyi, irsi nəticələr (ücüncü mərhələ) əmələ gəlir.

İnsan bədəninin birdəfəlik ümumi şüalanmasında udulmuş şüalanma dozasından asılı olaraq aşağıdakı bioloji pozulmalar baş verə bilər.

0,25 qreyə qədər - pozulma müşahidə olunmur

0,25…0,50 qrey - qanda dəyişikliklər yarana bilər.

0,5-1,0 qrey - qanın dəyişməsi, normal əmək qabiliyyətinin pozulması baş verir.

1,0…2,0 qrey - normal vəziyyətin pozulması, əmək qabiliyyəti itirilə bilər

2,0…4,0 qrey - əmək qabiliyyətinin itirilməsi ölümlə nəticələnə bilər.

4,0…5,0 qrey zədələnmələrin 50% -ə qədəri ölümlə nəticələnir.

6,0 qrey və daha çox zədələnmələrin 100% qədəri ölümlə nəticələnir.

İonlaşdırıcı şüalanmanın xassələri. Elektromaqnit-alfa, beta, qamma, rentgen, neytron və s. şüalanması maddə ilə bilavasitə, yaxud dolayı qarşılıqlı təsirdə olub atom və molekulları ionlaşdırır.

Nüvənin radioaktiv şualanması əsasən , ,  şüalanmaya səbəb olur.



şüalanma müsbət yüklü helium atomunun nüvələrindən ibarət hissəciklər selidir.

şüalanma elektron, yaxud pozitronlar selidir.

şüalar nüvədaxili energetik dəyişmələri elektromaqnit şüalanmasıdır.

Bəzi radioaktiv maddələr eyni zamanda  və  şüalar buraxır. Rentgen şüalanması maddənin elektroionlarının çox tez tormozlanması nəticəsində yaranan qısa elektromaqnit dalğalarından ibarətdir.

Neytron şüalanması neytronlar selindən ibarətdir. Neytron elektrik yükünə malik olmadığı üçün atom nüvəsi ilə asanlıqla əlaqəyə girib, nüvə reaksiyası yaradır.

Radioaktiv şüalanma hissəcikləri ionlaşdırıcı və nüfuzetmə qabiliyyəti ilə xarakterizə olunur.



hissəciklər maksimum ionlaşdırıcı və minimum nüfuzetmə qabiliyyətinə malikdir. hissəciklər üçün bu göstəricilər əksinədir. şüalar ən çox nüfuzetmə qabiliyyətinə malikdir.

İonlaşdırıcı şüalanmaların canlı orqanizmə bioloji təsiri, ilk növbədə, udulmuş şüalanma enerjisindən asılıdır. Udulmuş şüalanma dozasının ölçü vahidi Coul/kq-dır. Sistemdən kənar olçü vahidləri isə qrey, rad, millirad, mikrorad və s.dir.

1 rad =0,01qrey

Bəzən doza vahidi rad-ın bioloji ekvivalenti olan ber qəbul olunur.



Şüalanmanın buraxılabilən həddi. İnsan orqanizminin müxtəlif toxuma və üzvlərinin şüalanmalara həssaslığı eyni deyil . Ona görə də böhran üzv məfhumu qəbul edilmişdir. Verilmiş şəraitdə şüalanması sağlamlığa ən böyük zərər verən üzv, toxuma, bədən hissəsi və ya bütün bədən böhran üzv adlanır. Radiohəssaslığından asılı olaraq böhran üzvlər üç qrupa bölünür.

I qrup- bütün bədən, cinsiyyət üzvləri, qırmızı sümük iliyi

II qrup – əzələlər, qalxanabənzər vəzi, piy vəzisi, ciyərlər, böyrəklər, göz billuru, I və III qrupa daxil olmayan digər üzvlər.

III qrup – dəri örtüyü, sümük toxuması, əllər, bazu önü, topuqlar və ayaq pəncələri.

İonlaşdırıcı təsirdən insanın mühafizəsini təmin etmək üçün şüalanma buraxılabilən həddən artıq olmamalıdır. İonlaşdırıcı şüalanmaların buraxıla bilən səviyyəyələri «Radiasiya təhlükəsizliyi normalarında» və «Radioaktiv maddələrlə və digər ionlaşdırıcı şüalandırma mənbələri ilə işlədikdə əsas sanitariya qaydaları» nda göstərilir.

30 yaşa qədər bütün hallar üçün bu norma 60 berdən artıq olmamalıdır.

İonlaşdırıcı şüalanma mənbələri ilə iş görən heyət üçün qoyulmuş buraxıla bilən doza həddi 50 il müddətində işcinin şüalanma nəticəsində sağlamlığının pozulmasının və irsi xəstəliyin yaranmasının qarşısını alır.

Bədəndə radioaktivliyin toplanması onun tez zədələnməsinə şərait yaradır.



İonlaşdırıcı şüalanmadan mühafizə vasitələri. Radioaktiv maddələrlə işlərkən təhlükəsizlik məqsədilə xarici və daxili şüalanmadan mühafizə olunmaq lazımdır. Xarici şüalanmadan mühafizə üçün zaman amili və şüalanma mənbəyindən olan məsafə dəyişdirilməli və ekranlamadan istifadə edilməlidir.

şüaları çox nazik şüşə, folqa və s. ekranlaşdırırsa, şüaları üçün daxili alüminiumla ötrülmüş qurğuşun ekran, şüalar üçün daha qalın ekran tələb olunur.

İstilik enerjisindən yuxarı həddə neytronlar maddə tərəfindən zəif udulur. Ona görə də neytron seli soyudulub sonra udulur. Soyudulma üçün ağır sudan, parafindən, plastik kütlədən və böyük udma qabiliyyəti olan maddələrdən istifadə edilir.

Radioaktiv maddələrlə işlərkən xüsusi hazırlanmış şkafdan, hermetik kameradan, məsafədən idarə olunmadan və s. istifadə olunmalıdır.

Belə maddələrlə işlərkən fərdi mühafizə vasitələrindən istifadə olunması əsas şərtdir.

Təcrübələr göstərir ki, pambıq parça, polietilen, polixlorvinil və bəzi rezin maddələrdən hazırlanmış iş geyimləri radioaktiv maddələrdən və tozlardan asanlıqla təmizlənə bildiyi üçün onların tətbiq edilməsi məsləhətdir.

Əllərin mühafizəsi üçün rezin və qurğuşunlu rezin əlcəklərdən istifadə olunur.

Radioaktivlik dərəcəsi yüksək olan yerlərdə təmir işində plastik maddədən hazırlanmış pnevmatik geyimdən (LQ-4, LQ-5) istifadə edilir.

Nəfəs yollarını respirator, yaxud əleyhqaz vasitəsilə, gözləri isə pleksiqlaz, qurğuşunlu şüşə və s. hazırlanmış gözlüklərlə radioaktiv təsirdən qorumaq olur.

Radioaktiv maddələrlə işləmək üçün istifadə olunan xüsusi geyimlərlə iş yerindən xaricə çıxmaq qadağandır. Kənara çıxmazdan qabaq geyimlərin təmizliyini yoxlamaq, əlləri yumaq, yaxud çimmək lazımdır.

Qəza hallarında bütün işçilər dərhal dozimetrik nəzarətdən keçirilməlidir.

Radioaktiv çirki su və sabunla, sintetik maddələrlə yumaq, 5%-li azot turşusu məhlulu və s ilə aktivsizləşdirmək lazımdır.

Radiasiyadan mühafizə üçün iş otaqlarında sanitar gigiyena şəraitinə riayət edilməsinin böyük əhəmiyyəfti vardır. Otaqlar azı beş qat hava mübadiləsi olan ventilyasiya və hava ilə isidilmə sistemi ilə təchiz edilməlidir. Hər gün otaqlar və avadanlıqlar yaş əski ilə silinib təmizlənməli, ayda bir dəfə isə qaynar su ilə əsas təmizləmə işləri aparılmalıdır. Otaqda radioaktiv maddələr iş yerindən kənarda, mexanikləşdirilmiş quyularda saxlanılır.

Radioaktiv maddələrlə və ionlaşdırıcı şüalandırma mənbələri ilə əlaqədar olan bütün işlərdə çalışan işçilər ilk və vaxtaşırı həkim müayinələrindən keçirilməlidir. Bu işlərdə hamilə qadırlar bütün hamiləlik dövründə, açıq radioaktiv maddələrlə işləyən qadınlar isə bütün uşaq əmizdirmə dövründə işdən azad olunur.

Elektromaqnit şüalanmaları və onlardan mühafizə

Elektromaqnit dalğalarının enerjisindən istifadə edən sənaye sistemlərinin tətbiqi (məsələn, müxtəlif materialların termik emalında, radio və televiziya verlişlərində) mühitdə elektromaqnit dalğalarının yaranması ilə müşayiət olunur. Onların buraxıla bilən həddən yüksək səviyyələri peşə xəstəliklərinə səbəb olur.

Elektomaqnit sahələrinin mənbəyi induksiya dolaqları, generatorun ayrı-ayrı elementləri, transformatorlar, antenalar, yüksək gərginlikli elektrik xətləri, mühafizə quruluşları və avtomatikası, elektromaqnitlər və s. ola bilər.

Aşağı tezlikli (0,003 hs…30 khs) elektrik sahəsinin uzun müddətli təsirindən insanın mərkəzi sinir və ürək-damar sistemlərində funksional dəyişikliklər əmələ gəlir, elektrik sahəsinin yüksək gərginliyində həmçinin qanın tərkibi dəyişir.

Daha yüksək tezlikli elektromaqnit sahələrinin təsiri əsasən istilik və aritmiya effektləri ilə əlaqədardır.

İnsan orqanizminə nüfuz edən elektromaqnit şüalanmalarının enerjisi istiliyə çevrilərək üzvlərin, toxumaların, hüceyrələrin yerli qızmalarına və bütünlüklə bədənin temperaturunun xeyli artmasına səbəb ola bilər.

Elektromaqnit sahəsinin rəqs tezliyi artdıqca insana bioloji təsiri də artır və ən güclü təsir ifrat yüksək tezlikli (300 Mhs…300 Qhs) diapazonlarında yaranır. Yüksək intensivlikli elektromaqnit şüalanmaları toxuma və üzvlərdə morfoloji dəyişikliklər yarada bilər (yəni həm onların strukturunu, həm də xarici görünüşünü dəyişə bilər). Ən ağır hallarda yanıqlar, ölgünləşmə, qansızma, hüceyrələrin strukturunun pozulması və s. mümkündür. Morfoloji dəyişikliklər periferik və mərkəzi sinir sisteminin toxumalarında daha çox müşahidə olunur. Bu cəhətdən desimetrik dalğaların sinir sisteminə təsiri daha güclüdür.

Görmə üzvlərinin marfoloji dəyişikliklərini xüsusən qeyd etmək lazımdır, bu dəyişikliklər həm yüksək intensivlikli qısa müddətli şüalanmalarda, həm də aşağı intensivlikli, lakin davamiyyətli şüalanmalarda yarana bilər. İmpulslu şüalanmalar gözlər üçün fasiləsiz şüalanmalara nisbətən daha təhlükəlidir.

Kiçik intensivlikli elektomaqnit sahələrinin uzun müddətli xronik (istilik effekti yaratmayan) təsiri müxtəlif sinir və ürək-damar pozulmalarına səbəb olur ki, onlar baş ağrısı, yorulma, yuxunun pozulması, ürək ağrısı və s. şəkildə təzahür edir. Endokrin vəzilər sisteminin pozulması və qan tərkibinin dəyişməsi də mümkündür.

Elektromaqnit sahələrinin bioloji təsirindən yaranan funksional dəyişikliklər orqanizmidə yığıla bilər, lakin şüalanmaların təsiri kənar edildikdə və əmək şəraiti yaxşılaşdırıldıqda həmin dəyişikliklər bərpa olunur. Elektromaqnit şüalanmaların gərginliyi və enerji axınının sıxlığı buraxılabilən hədlərdən yüksək olduqda xidmətedici heyəti mühafizə etmək üçün aşağıdakı vasitələrdən və üsullardan istifadə edilməlidir.



  1. qurğuların yükünü azaltmaq və güc uducularından istifadə etməklə elektromaqnit sahəsinin, gərginliyin və enerji axını sıxlığının azaldılması;

  2. iş yerinin ekranlaşdırılması

  3. iş yerinin şüalanma mənbəyindən uzaqlaşdırılması;

  4. elektromaqnit enerjisini şüalandıran avadanlığın iş otaqlarında əlverişli yerləşdirilməsi;

  5. əlverişli iş rejimlərinin təyin edilməsi;

  6. xəbərdaredici siqnalizasiyanın tətbiqi;

  7. fərdi mühafizə vasitələrinin tətbiqi;

Aşağı tezlikli və radioşüalanmalardan mühafizənin ən səmərəli və çox yayılmış üsullardan biri ekranlaşdırmadır. Ekranlar, bir qayda olaraq, elektrik keçiriciliyi yaxşı materiallardan (mis, latun, alüminium və onun ərintiləri, polad) hazırlanır.

Ekranın əsas göstəricisi onun səmərəliliyi, yəni elektromaqnit sahəsinin zəifləmə dərəcəsidir. Elektromaqnit şüalanmalarının rəqs tezlikləri artdıqca ekranlaşdırmanın səmərəliliyi artır. Ekran bütöv metal lövhədən və ya metal tordan ola bilər ki, o da mütləq yerləbirləşdirilməlidir.

Elektromaqnit şüalanmalarından fərdi mühafizə vasitəsi kimi içərisində metal tellər yerləşdirilmiş parçadan hazırlanan iş paltarından, kombinizon, mühafizə eynəkləri və s. tətbiq edilir. Metallaşdırılmış parçadan hazırlanmış iş paltarından istifadə edəkən elektrik təhlükəsizliyi tədbirlərinə ciddi riayət edilməlidir.
Lazer şüalanmaları və onlardan mühafizə

Lazer xarici mənbəyin enerjisini koqerent xassəyə malik olan infraqırmızı, işıq və ya ultrabənövşəyi şüalanma enerjisinə çevirən optikomexaniki və elektrik qurğuları kompleksindən ibarətdir. Lazerin iş prinsipi atomun həyəcanlandırılmış vəziyyətindən əsas vəziyyətə (az enerjili) keçərkən özündən fotonlar şüalandırmasına əsaslanır.

Lazer şüalanmalarının insan orqanizminə təsiri çox mürəkkəbdir, həm toxumalara birbaşa təsiri, həm də şüalanma nəticəsində orqanizmdə gedən dəyişikliklərlə əlaqədar ikinci təsiri ilə fərqlənir.Lazer şüalanmaları ilə zədələnmə təhlükəsi şüalanmanın gücündən, dalğa uzunluğundan, impulsun davamiyyətindən, tezliyindən və təsir müddətindən, həmçinin şüalanma təsir edən üzvlərin, toxumaların bioloji və fiziki-kimyəvi xüsusiyyərlərindən asılıdır.

Lazer şüalanması insan orqanizminə istilik və qeyri-istilik (mexaniki,elektirik) təsirləri göstərir.

Canlı orqanizmin toxumaları lazer şüalanmalarını demək olar ki, keçirmir. Buna görə də, şüalanma əsasən dəri örtüyünə təsir edir. Deməli, dəri örtüyü müəyyən dərəcədə orqanizm ciddi daxili zədələnmələrdən qoruyur. Fasiləsiz iş rejimində işləyən lazer şüalanmalarının orqanzmə istilik təsiri çox cəhətdən yerli qızdırılmaya oxşayır; dəridə yanıqlar əmələ gəlir, şüalanmaının enerjisi 100 Couldan çox olduqda isə biotoxumaların dağılaraq buraxılması nəticəsində kraterə bənzər nekroz (ölgünləşmiş) sahəsi yaranır.

Lazer şüalanmalarının təsirinə insanın gözləri xüxusən həssasdır. Gözlər lazerin həm birbaşa, həm də əks olunmuş şüasından zədələnə bilər. Zədənin xarakteri dalğa uzunluğundan asılı olur. Ultrabənövşəyi şüalanma sahəsində ilk növbədə gözün buynuz təbəqəsinin zulalı dağılır və selikli qişasında yanıq yaranır. Enerji sıxlığı böyük olduqda bərpa olunmaz korluq əmələ gəlir.

Yuxarıda göstərilmiş zədələnmələr yalnız lazer şüalanmalarının insan orqanizminə birbaşa təsiri nəticəsində yarana bilər. Praktikada belə hallar ancaq təhlükəsizlik tədbirlərinin kobudcasına pozulması nəticəsində baş verə bilər. İş vaxtı xidmətedici heyət əsasən dağınıq və əks olumuş lazer şüalanmalarının təsirinə məruz qalır. Bu zaman insan orqanizmində müxtəlif funksional, ilk növbədə sinir və ürək-damar sistemlərinin pozulmaları baş verir: arterial qan təzyiqinin dəyişkənliyi, güclü tərləmə, əsəbilik, gözlərin ağrıması, narahatlıq,səhfə yol vermək və s. müşahidə olunur. Adətən, iş və istirahət rejimi qaydaya salındıqda uyğun mühafizə və profilaktika tədbirləri görüldükdə göstərilən əlamətlər öz-özunə keçib gedir.

Lazer təhlükəli zonalar çəpərlənməli və ya şüalanmalar ekranlanmalıdır. Ekranlar və çəpərlər əksetmə əmsalı kiçik olan odadavamlı materiallardan olmalıdır.

Lazer təhlükəsizliyi kollektiv mühafizə vasitələri ilə təmin olunmadıqda fərdi mühafizə vasitəsi kimi eynək və maskadan istifadə ediməlidir. Lazer şüalanmasının dalğa uzunluğundan asılı olaraq eynəklərdə narıncı, göy-yaşıl və rəngsiz şüşələrdən isifadə edilir.



Ultrabənövşəyi şüalanmalar və onlardan mühafizə

Ultrabənövşəyi şüalanmaların təbii mənbəyi Günəşdir. Onların süni mənbələri isə qaz boşaltma lampaları, elektrik qövsləri, lazerlər və s.-dir. Belə şüalanmalar enerji axınının gücü ilə xarakterizə olunur. Ultrabənövşəyi şüalanmalar insan orqanizminə fiziki-kimyəvi və bioloji təsirlər göstərir.

İnsan dərisi və gözləri UBŞ-in bir başa təsirinə məruz qalır. UBŞ dəriyə təsir edərək onu qızardır (epitem təsiri), sonra isə (adətən 48 saatdan sonra) dərinin piqmentizasiyasına (qaralmasına) səbəb olur. Şüaların fotokimyəvi təsirindən dəridə D vitamini əmələ gəlir. Bu şüalanmaların effekti həmin vitaminin əmələ gəlməsi ilə izah olunur.

UBŞ bakterisid, yəni mikrobları tələf etmə xassəsinə də malikdir. Bununla birlikdə orqanizmin infeksiyaya dözümlülüyü və immuniteti də yüksəlir. UBŞ-ın bakterisid xassəsindən havanın, suyun, ərzaq mallarının, taraların, cərrahiyyə alətlərinin və s. sanitar işlənməsində istifadə edilir.

İnsan orqanizminin normal fəaliyyəti üçün ultrabənövşəyi şüalar zəruridir. UBŞ uzun müddət olmadıqda orqanizmdə müxtəlif əlverişsiz hallar təzahür edir ki, bunlar «uşaq aclığı» və ya «ultrabənövşəyi çatışmazlıq» adlanır. Lakin bununla bərabər UBŞ-nin böyük dozalarda, uzun müddətli təsiri dərini və gözləri ciddi zədələyə bilər.

UBŞ-ın böyük dozalarının dəriyə uzun müddətli təsirindən dəridə güclü qızartı, şuluqlama və şiş əmələ gəlir. UBŞ-ın peşə ilə əlaqədar təsirindən isə dermatitlər, ekzemalar, üzün və əllərin yanıqları, dəri xərçəngi inkişaf edə bilər.

UBŞ-ın gözə təsiri daha ağır olur. UBŞ-ın gözlərə təsiri 2…6 saat davam edən gizli dövrdən sonra aşkara çıxır və göz almacıqlarının artan ağrıları, görmə qabiliyyətinin dumanlanması, konyuktivitlərin, göz qapağı və almacıqların şişməsi ilə nəticələnir. Bu hadisələr göz yaşarması, işıqdan qorxma, bəbəklərin daralması, baş ağrısı, yuxusuzluq və ümumi narahatlıq hissiyatı ilə müşahidə olunur. Şüalanmaların təsiri aradan qaldırıldıqda 5…6 gün sonra göstərilən hallar keçib gedir və hər şey qaydaya düşür.

UBŞ-ın çatışmazlığı ilə əlaqədar olaraq işçilərin orqanizmində yaranan əlverişsiz halları aradan qaldırmaq üçün həm Günəş şüalanmalarından, həm də süni UBŞ mənbələrindən istifadə edilir.



UBŞ artıqlığından mühafizə üçün günə qarşı kimyəvi (kimyəvi maddələr və tərkibində UBŞ-nı udan inqrediyentli qoruyucu kremlər) və fiziki (şüaları udan, əks edən və yayan müxtəlif maneələr) vasitələr tətbiq edilir. UBŞ-nı keçirməyən parçalardan (məsələn, poplindən) hazırlanmış iş paltarından istifadə olunması da yaxşı nəticələr verir. İstehsalat şəraitində gözləri mühafizə etmək üçün şüşəli eynəklərdən istifadə olunur.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə