İstismar göstəriciləri. Bu xarakteristikalar verilmiş işin məmulat tərəfindən yerinə yetirilməsinin keyfıyyətini müəyyənləşdirir. Uzun ömürlü bütün məmulatlar üçün ümumi olan istismar göstəricilərinə etibarlılıq, uzunömürlülük, keyfiyyətin dinamikliyi, istismarın qənaətliliyi və erqonomik göstəricilər daxildir.
Etibarlılıq -verilmiş rejimdə istifadə etmə, texniki xidmət, təmir, saxlanma və nəqletmə şəraitində verilmiş müddətə müəyyənləşdirilmiş istismar göstəricilərini saxlamaqla tapşırılmış işi yerinə yetirən obyektin xassəsidir.
Etibarlılığa imtinasız işləmə, uzunömürlülük, təmirəyararlılıq və saxlanma qabiliyyəti daxildir. Ölçü cihazları üçün ən vacib etibarlılıq göstəricisi onların verilmiş vaxt ərzində müəyyən istismar şəraitində ölşmə dəqiqliyini saxlama xassəsidir.
Keyfiyyətin yüksəldilməsində standartlaşdırmanın və sertifikatlaşdırmanın rolu Məhsulun texniki səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi onun keyfiyyət kateqoriyaları üzrə attestasiyası ilə bağlıdır. Hər bir məhsul üçün gec-tez elə bir moment gəlir ki, bu məhsulun istifadəsi sərfəli olmur, yəni o mənəvi köhnəlir. Bunun yerinə yeni, yüksək keyfiyyətə malik məhsul gəlməlidir. Bu momenti təyin etmək üçün məhsulun attestasiyasından istifadə olunur.
Sənaye məhsullarının attestasiyası iki keyfıyyət kateqoriyası üzrə həyata keçirilir: yüksək və birinci.
Yüksək keyfıyyət kateqoriyasına o məhsullar aiddir ki, onlar özlərinin texniki-iqtisadi göstəricilərinə görə ən yaxşı dünya nümunələri səviyyəsindədir və ya ondan yüksəkdir; onlar ölkənin xalq təsərrüfatında texniki tərəqqini təyin edir, xarici bazarda rəqabətə dözür. Bu cür məhsullar yüksək stabil keyfıyyət göstəriciləri ilə xarakterizə olunmalıdır.
Birinci keyfıyyət kateqoriyasına o məhsullar aiddir ki, onlar normativ-texniki sənədlərin tələblərinə cavab verir, yəni seriyalı istehsal üçün standartlarda nəzərdə tutulmuş tələblər səviyyəsindədir.
Aşağıdakı məhsullar attestasiyadan keçirilmir:
Yeni mənimsənilən məhsulun attestasiyası bir ildən gec olmayaraq, xüsusi mürəkkəbliyə malik məhsulun attestasiyası isə seriyalı istehsala başlayandan iki ildən gec olmayaraq aparılır.
Son zamanlar elektrotexnika və bir sıra digər sənaye sahələrində yeni məhsulun layihələndirilməsi üçün texniki tapşırıqların attestasiyasını aparırlar. Bu zaman gələcək məhsulun texniki səviyyəsinin göstəriciləri qiymətləndirilir və bu, yeni məhsulun yüksək keyfiyyət kateqoriyasına uyğunluğunu təmin edir.
Bir sıra müəssisələr detalların və qovşaqların istehsalı prosesində onların attestasiyasını həyata keçirirlər.
Xarici ticarətin inkişaf etdirilməsi, sənaye məhsullarının keyfıyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədi ilə son zamanlar məhsulların sertifikatlaşdırılmasına böyük əhəmiyyət verilir.
BMT-nin Avropa iqtisadi komissiyasının qəbul etdiyi tərifə əsasən sertifıkatlaşdırma buraxılan məhsulun (proseslərin, xidmətlərin) keyfıyyət göstəricilərinin onun normativ-texniki sənədlərdə verilmiş müvafiq göstəricilərinə uyğunluğunu təyin etməkdən ibarətdir.
Beynəlxalq təcrübədə sertifıkatlaşdırmanın iki metodu qəbul edilmişdir: özü-özünü sertifıkatlaşdırma və «üçüncü tərəf» vasitəsilə sertifıkatlaşdırma.
Özü-özünü sertifıkatlaşdırma ancaq ABŞ və Kanadada tətbiq olunur. Bu metodda istehsalçının özü istehsal etdiyi məhsulun sınağını aparır və müvafıq sertifikatı doldurmaqla və ya uyğunluq nişanı vurmaqla həmin məhsulun standartlara, yaxud texniki şərtlərə uyğunluğunu bəyan edir. Bu halda məhsulun istehlakçısı onun sınağı üçün qəbul edilmiş metodlar haqqında informasiya ilə təmin edilir.
Sertifikatlaşdırmanın ən geniş yayılmış metodu ikinci metoddur. Burada sertifikatlaşdırma məhsulun istehsalçısından və istehlakçısından asılı olmayan «üçüncü tərəf» vasitəsilə aparılır. Bu obyektiv orqan sınaq üzrə rəsmi mərkəzlər, laboratoriyalar, institutlar və yaxud standartlaşdırma üzrə milli təşkilatlar ola bilər.
Hər bir sertifikatlaşdırma sistemi beynəlxalq, milli standartlara, texniki şərtlərə əsaslanır.
Beynəlxalq İSO təşkilatında sertifikatlaşdırma üzrə xüsusi komitə (KASKO) yaradılmışdır. Bu komitə sertifikatlaşdırma üzrə bir sıra metodik tövsiyələr hazırlamışdır.
KASKO komitəsinin milli standartlaşdırma sistemlərinin uyğunlaşdırılması, həmçinin sınaq laboratoriyalarının və mərkəzlərinin sınaqaparma qabiliyyətinin qiymətləndirilməsi metodlarının yaradılması sahəsindəki işləri böyük əhəmiyyətə malikdir.
Yeni yaradılan və ya istehsal olunan məhsulun keyfiyyətini qiymətləndirən zaman ən vacib vasitələrdən biri məhsulun sınağıdır. Odur ki, ölkədə məhsulun dövlət sınaq sistemi yaradılmışdır. Bu sistem sınaqların dəqiq aparılma qaydalarını və sınaq laboratoriyalarının (mərkəzlərinin) ixtisaslaşmasını müəyyənləşdirmişdir.
Məhsulun dövlət sınağını müəyyən qrup məhsul növləri üzrə təsdiq olunmuş dövlət sınaq mərkəzləri aparır. Dövlət sınaqlarının əsas məqsədi məhsulun keyfiyyət göstəricilərinin qiymətləri haqqında obyektiv, düzgün informasiya almaq və onların məhsulun normativ-texniki sənədlərinə uyğunluğunu yoxlamaqdır.