2. Ali məktəb pedaqogikasının kateqoriyaları Ali məktəb pedaqogikası ümumi pedaqoji anlayış və kateqoriyalara istinad edir. Pedaqoji anlayış və kateqoriyalar pedaqoji faktların, hadisə və proseslərin ümumi və mühüm əlamətlərini əks etdirən təfəkkür formalarıdır. Kateqoriyalar nisbətən geniş anlayışlar olub, bir neçə anlayışı özündə birləşdirir. Məsələn, “şəxsiyyətin inkişafı” kateqoriyası şəxsiyyət, psixi inkişaf, şəxsiyyətin təşəkkülü və formalaşması kimi anlayışları özünə daxil edir. Pedaqogikanın, o cümlədən ali məktəb pedaqogikasının kateqoriyalarına pedaqoji proses, tərbiyə, təhsil, təlim, tədrisetmə, öyrənmə, özünütəhsil, özünütərbiyə, şəxsiyyətin inkişafı və s. daxildir. Onların mahiyyətini qısaca nəzərdən keçirək.
Pedaqoji proses daha geniş kateqoriya olub, bir çox kateqoriya və anlayışları (tərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı, özünütəhsil, özünütərbiyə və s.) özündə birləşdirir, onların vəhdətini nəzərdə tutur.
Tərbiyə – insan şəxsiyyətinin məqsədyönlü, sistemli və planlı şəkildə formalaşması prosesinin idarə edilməsi və onun nəticəsidir. O, iki mənada – geniş və dar mənada işlənir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin (əvvəlki nəsillərin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların) gənc nəslə verilməsi prosesi kimi başa düşülür. Bu halda tərbiyə bioloji, sosial təsirləri, o cümlədən tərbiyə, təhsil və təlimi də özündə birləşdirir. Dar (pedaqoji) mənada tərbiyə dedikdə isə məktəbdə və ailədə verilən tərbiyə (o cümlədən təlim və təhsil) başa düşülür.
Özünütərbiyəinsanın məqsədyönlü və planlı şəkildə öz üzərində işləməsi, şəxsiyyətini təkmilləşdirməsi prosesidir. Özünütərbiyə tərbiyə ilə paralel getməli, tədricən onu əvəz etməlidir. Tərbiyə prosesi, bir qayda olaraq, yenidəntərbiyə ilə müşayiət olunur.
Yenidəntərbiyə insanın şüur, xarakter və davranışında kök salmış mənfi halların, keyfiyyətlərin aradan qaldırılması və müsbət keyfiyyətlərin aşılanması prosesidir. Tərbiyə bir çox yollarla, o cümlədən təhsil və təlim yolu ilə həyata keçirilir.
Təhsil insanın sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Təhsil müxtəlif yollarla – təlim və özünütəhsil yolu ilə (eləcə də onların vəhdəti ilə) əldə edilir. Özünütəhsil insanın öz zehni inkişafı ilə müntəzəm məşğul olması, idrak tələbatlarını ödəməsi prosesidir. Özünütəhsil təlimlə yanaşı getməli, bir-birini tamamlamalıdır.
Təlim müəllimin rəhbərliyi altında təhsilalanların sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərə yiyələnməsi prosesidir. Təlim iki fəaliyyət növünə – müəllimin öyrətmə (tədrisetmə) fəaliyyətinə və tələbənin öyrənmə (təhsilalma) fəaliyyətinə, onların vəhdətinə əsaslanır.
Şəxsiyyətin inkişafı müxtəlif amillərin – daxili və xarici, təbii (irsi), sosial və psixoloji amillərin təsiri ilə insanın şəxsiyyət kimi bir keyfiyyət halından digərinə keçməsi prosesidir. Şəxsiyyətin formalaşması onun inkişafının bir növü olub, əsasən, xarici təsirlərin (mühitin, təlim və tərbiyənin) nəticəsində şəxsiyyətin bütövlükdə, yaxud onun hər hansı bir keyfiyyətinin müəyyən səviyyəyə çatması, tamamlanması prosesidir. Şəxsiyyətin formalaşması məqsədyönlü və kortəbii ola bilər. Ahəngdar şəxsiyyətin formalaşması, hər şeydən əvvəl, məqsədyönlü prosesdir. Ali məktəb pedaqogikasında nəzərdən keçirilən əsas anlayış və kateqoriyalarla yanaşı, digər kateqoriyalardan da istifadə edilir (təlim və tərbiyənin məqsədi, qanun və prinsipləri, məzmunu, vasitə, metod və formaları və s.). Bütün bunlar bir-birilə qarşılıqlı əlaqədə olub, birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir və ümumi məqsədə - şəxsiyyətin ahəngdar inkişafına xidmət göstərir.