* Müəllimlərin dərs yükü tələbələrin fərdi tədris planları əsasında müəyyənləşdirilir ki, bu da müəllimlərin məsuliyyətini xeyli artırır. * Mühazirə və seminarların bir müəllim tərəfindən aparılması tələbi tədris prosesinə yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasına və tədris yükünün optimal formalaşmasına şərait yaradır ki, bu da tədrisin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir. * Tədris plan və proqramlarının ümumavropa məkanının ali məktəblərinin müvafiq sənədləri ilə uyğunlaşdırılması təmin olunur. Bu da öz növbəsində tələbələrin həm ölkə daxilində, həm də ümumavropa məkanında mobilliyini təmin edir. Belə ki, ali məktəblər arasında bağlanmış müqavilələrə uyğun olaraq, respublika ali məktəblərinin tələbələri Avropa ali məktəblərinə göndərilə bilər və onların qazandıqları kreditlər ali məktəblər tərəfindən qarşılıqlı tanınar. Beləliklə, tələbələrin ikili və ya iki diplom almalarına da şərait yaradılar. Bununla yanaşı, diplomların Avropa məkanında tanınmasına, xarici ölkə vətəndaşlarının Azərbaycan ali məktəblərində təhsil almalarına da geniş imkan yaranar. * Tələbələrin bir təhsil müddətində digər yaxın ixtisasa da yiyələnə bilmələrinə şərait yaradılır. Məsələn, riyaziyyat ixtisası üzrə təhsil alan şəxslər qohum fənn götürməklə informatika, filologiya ixtisasının tələbələri isə jurnalistika ixtisasına da yiyələnə bilərlər və s. * İstedadlı gənclərin təhsillərini müəyyən olunmuş müddətdən əvvəl başa vurmalarına şərait yaradılır. * Tələbələrə öz seçimləri əsasında fənni mənimsəmək və təkrar dinləmək imkanı verildiyindən, onlar ali məktəbdən xaric olunmadan müəyyən müddət ərzində təhsillərini başa vura bilirlər. * Diplomlara əlavənin yeni formada tərtibi və burada tədris olunan fənlərin məzmununun öz əksini tapması, hər fənnə kreditin müəyyənləşdirilməsi və qiymətləndirmənin Avropa standartlarına uyğun yazılması diplomların həmin məkanda tanınmasını xeyli asanlaşdırır. * Hər bir fənnin ayrıca bir blok (modul) şəklində müəyyənləşdirilməsi bu fənni tədris edən müəllimlərin işlədiyi ali məktəbin xarici partnyor ali təhsil müəssisələrində bir semestr, yaxud bir il həmin fənni tədris etməsinə şərait yaradar ki, bu da onun xarici təcrübəni öyrənməklə təkmilləşməsini təmin edə bilər. Yuxarıda sadaladıqlarımız kredit sisteminə keçidin nə qədər vacib olduğunu göstərən faktorlardır.
2006-2007-ci tədris ilinin sentyabrından Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə"yə uyğun olaraq ölkənin 10 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Turizm İnstitutu) bir neçə ixtisas üzrə kredit sisteminin tətbiqinə başlanmışdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "2006-2007-ci tədris ilində ali təhsil sahəsində görülən işlər, problemlər və onların həlli yolları barədə" kollegiya qərarının icrasını təmin etmək məqsədilə nazirliyin 19 aprel 2007-ci il tarixli, 340 nömrəli əmrinə müvafiq olaraq 2007-2008-ci tədris ilindən ali məktəblərdə tədrisin təşkilində kredit sisteminin tətbiqi ilə bağlı eksperimentin əhatə dairəsinin genişləndirilməsi qərara alındı. Bununla əlaqədar Təhsil Nazirliyinin 24 avqust 2007-ci il tarixli, 983 nömrəli əmrinə əsasən cari ildən kredit sistemi tətbiq olunan ali məktəblərin sayı 21-ə çatdırılmışdır.
Qeyd etmək lazımdır ki, ali məktəblər bu işə məsuliyyətlə yanaşmış, ali təhsil müəssisələrində professor-müəllim heyəti, tələbələr və onların valideynlərinin iştirakı ilə konfranslar, seminarlar, "dəyirmi masa"lar, treninqlər keçirilmiş, kredit sistemi tətbiq olunacaq istiqamətlər, tədris qrupları müəyyənləşdirilmiş, tyutor (tədris məsləhətçisi) xidməti yaradılmışdır.
Bununla yanaşı, nazirliyin təsdiq etdiyi nümunəvi əsasnaməyə müvafiq olaraq ali məktəblərin profilinə uyğun əsasnamə, tədris planı, müəllimlərin işçi tədris planları, tələbələrin fərdi və işçi tədris planları hazırlanıb təsdiq olunmuşdur.
Kredit sisteminin tətbiqində ən vacib amillərdən biri tələbələrin biliyinin və fənnin mənimsənilməsinin obyektiv qiymətləndirilməsini təmin edən çoxballı sistemdir. Ölkəmizdə hələ 1999-cu ildən Təhsil Nazirliyi tərəfindən əksər ali məktəblərdə eksperiment şəklində tələbələrin biliyinin çoxballı sistemlə qiymətləndirilməsinin tətbiqinə başlanılmışdı. Qeyd edək ki, həmin sistemi təmin edən normativ sənədlər hazırlanmış və təcrübə toplandıqca, bu sənədlərdə müvafiq dəyişikliklər aparılmışdır. Bu gün məsuliyyətlə demək olar ki, əksər ali məktəblərimiz bu sistemin tətbiqi üzrə müəyyən təcrübə əldə etmişlər. Buna görə də ali məktəblərimizdə sınaqdan keçirilmiş çoxballı sistem kredit sistemi ilə tədrisin təşkilində artıq öz yerini tapmışdır. Kredit sisteminə keçidlə bağlı, təbiidir ki, tələbələrin biliyinin çoxballı sistemlə qiymətləndirilməsinin təkmilləşdirilməsinə ehtiyac duyulur və prosesin gedişində bu məsələnin həlli təmin olunacaqdır.
Bu sistem tətbiq olunduqca qarşıya bir çox problemlər çıxır və gələcəkdə də belə problemlər istisna edilmir. Belə ki, tələbələrə təqaüdlərin verilməsi, müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi, yay semestrlərinin təşkili və bununla bağlı müəllimlərin əməkhaqqının verilməsi, seçmə fənlər üzrə tələbələrin minimum sayına görə qrupların formalaşdırılması, tələbənin fənni təkrar dinləməsi reqlamentlərinin müəyyənləşdirilməsi, professor-müəllim heyətinin vaxt normasını müəyyənləşdirən mövcud normativlərə kredit sisteminin tələblərinə uyğun əlavələrin edilməsi və sair məsələlərlə bağlı problemlər artıq özünü büruzə verməkdədir.
Hazırda bu problemləri aradan qaldırmaq məqsədilə nazirlikdə məqsədyönlü tədbirlər həyata keçirilir.
Azərbaycanın müstəqilliyə qovuşması və Azərbaycanda təhsilin dünya təhsil sisteminə, xüsusən ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini, Boloniya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədilə "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 31 yanvar 2008-ci il tarixli sərəncam imzalanmışdır. Sərəncamda deyilir: "2001-ci ildən etibarən Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması ölkəmizin Avropa məkanına inteqrasiyasını sürətləndirmişdir. Bu proseslərin tərkib hissəsi kimi, Azərbaycan Respublikası Avropa ölkələrinin təhsil nazirləri tərəfindən qəbul edilmiş Boloniya Deklarasiyasını imzalamaqla respublikanın ali təhsil müəssisələrinin Avropa təhsil sisteminə inteqrasiyası yolunda mühüm addım atmışdır. Azərbaycanın dünyada analoqu olmayan iqtisadi inkişafı ümumavropa təhsil məkanına inteqrasiya prosesinin daha da sürətləndirilməsini və bu sahədə həyata keçirilən işlərin intensivləşdirilməsini tələb edir. ölkənin intellektual potensialının gücləndirilməsinin Azərbaycanın inkişaf strategiyasının əsas müddəalarından biri olması ali təhsil sistemində islahatlara dair müvafiq dövlət proqramının hazırlanması zərurətini meydana çıxarmışdır".
Ölkə Prezidentinin sərəncamının birinci bəndinə əsasən respublikanın ali təhsil sisteminin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini sürətləndirmək məqsədilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsinin hazırlanması Təhsil Nazirliyinə tapşırılmışdır. Bununla əlaqədar Təhsil Nazirliyi tərəfindən tərkibində ali məktəb rəhbərləri, digər nazirlik və komitələrin nümayəndələri də daxil olmaqla işçi qrupu yaradılmışdır. İşçi qrupunun bir neçə iclası keçirilmiş, islahat proqramının strukturu müəyyənləşdirilmiş, ali məktəblər haqqında ətraflı məlumat toplanmış və mövcud vəziyyəti dərindən təhlil etmək üçün xüsusi formalar tərtib olunmuş və yerlərə göndərilmişdir. Eyni zamanda oxucuların nəzərinə çatdırmaq istərdik ki, mövcud ali təhsil ixtisaslarının təsnifatının təsdiqindən 11 ildən çox vaxt keçdiyindən, respublika iqtisadiyyatının infrastrukturu və əmək bazarının tələbatı dəyişdiyindən, Azərbaycan Respublikasının Boloniya prosesinə qoşulması, ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyahısının YUNESKO-nun qəbul etdiyi müvafiq sənədlərə uyğunlaşdırılması, eyni zamanda həmin təsnifatda respublikada kadr hazırlığı aparılmayan (təxminən 531 ixtisasdan 264 ixtisas üzrə mütəxəssis hazırlığı aparılmamışdır - 50 faiz) ixtisasların mövcudluğu onun yenidən işlənməsi zərurətini yaratmışdır.