Klassik steqanoqrafiya və onun inkişaf tarixi Tarixi mənbələrdə steqanoqrafiya haqqında rast gəlinən ilk məlumat Heradota məxsusdur. O, e.ə.477–ci ildə öz əsərində iki steqanoqrafik məktubun göndərilməsi faktını təsvir etmişdir.
Birinci fakt İran hökmdarı Daranın fərmanı ilə Suzda saxlanılan qəddar tiran Qisti ilə bağlıdır. O, Miletdə yaşayan bir qohumu ilə əlaqə saxlamaq istəyir. Məktubunun kənar əllərə düşməsinin qarşısını almaq üçün Qisti bir qulun saçını daz qırxdıraraq onun başının dərisinə məxfi məktubu döydürmüş (tatuirovka etdirmiş), saçın uzanmasını gözləmiş və yalnız bundan sonra qulu bir bəhanə ilə Miletə göndərmişdir. Orada qulun saçını yenidən daz qırxaraq məktubu oxumuşlar.
İkinci halda, mumlanmış taxta parçasının üzərindən əvvəlcə mumu qazıyıb təmizləmiş və bilavasitə taxtanın üzərinə məxfi məktubu cızmış, sonra yenidən taxtanın üzərinə mum çəkmiş və mumun üzərinə iti çubuqla açıq məktubun mətnini yazmışlar. Belə şəkildə hazırlanmış göndəriş ünvana çatdırılmışdır. Ünvanda mumu təmizləməklə məxfı məktubu oxumuşlar.
Çində məxfi məktubları ipək parçanın zolaqlarına yazırımşlar. Məlumatı gizlətmək üçün ipək parça zolaqlarını kürələr şəklində yumurlayaraq üstünü mum ilə örtürmüşlər. Məlumatı aparan kuryer belə hazırlanmış kürələri udaraq ünvana çatdırarmış.
Qədim Romada məxfı məlumatı digər yazılar üzərində sətirlər arasında meyvə şirəsi, süd və s. vasitəsilə yazırdılar. Bu üsuldan yaxın tarixdə də istifadə olunmuşdur. Belə ki, Rusiyada 20-ci əsrin əvvəlində inqilabçılar, o cümlədən V.İ.Lenin də öz əsərlərini yazmaq üçün süddən istifadə etmişdir.
Steqanoqrafıya orta əsrlərdə də daim istifadə olunmuş və inkişaf etmişdir. XV əsrdə kriptoqrafiya və steqanoqrafıya ilə məşğul olan rahib Triteius (1462–1516–cı illərdə yaşamışdır) 1499–cu ildə yazdığı “Steganographia” əsərində məlumatların gizli ötürülməsi üçün çoxlu sayda üsullar təsvir etmişdir.
Fransanın Bordo şəhərində üsyan etmiş kəndlilər tərəfındən həbs edilmiş rahib Beno da öz həyatını xilas etmək üçün gizli yazıdan istifadə etmişdir. Belə ki, üsyançılar rahib Bertoya tanışı keşiş Bleyə məktub yazmağa icazə verirlər. Məktubda gizli yazı yazan Berto məktubun sonunda “Sizə məlhəm göndərirəm, onunla gözünüzü silin və Siz yaxşı görəcəksiniz” cümləsini qeyd edir. Bununla o, gizli yazının necə oxunmasmı da tanışı keşiş Bleyə çatdırır. Beləliklə, gizli məktubun oxunması nəticəsində Berto ölümdən xilas edilir.
Steqanoqrafık üsullardan XVIII əsrdə vətəndaş müharibəsi zamanı amerikalılar da fəal istifadə etmişlər. Belə ki, 1799-cu ildə şimallıların iki agenti (Semuel Vudxull və Robert Tounsend) xüsusi mürəkkəbdən istifadə etməklə Corc Vaşinqtona məlumatlar ötürürdülər.
XX əsrin əvvəllərində və ortalarında baş vermiş birinci və ikinci dünya müharibələri steqanoqrafıyanın inkişafına əhəmiyyətli təkan verdi. Bu sahədə almanlar daha ciddi nailiyyətlər əldə etmişdilər. Belə ki, onlar müharibə dövründə mikrofotoqrafiya texnologiyasından geniş istifadə etmişlər.
Mikrofotoqrafiya standart çap vərəqlərinin, sxemlərin və çertyojların adi mətbəə nöqtəsi ölçüsündə mikro şəklinin çəkilməsinə imkan verirdi. Belə bir və ya bir neçə nöqtə adi məktublara yapışdırılır və ötürülürdü. Adi nöqtələr ölçüsündə olan belə mikro şəkilləri tapmaq və aşkar etmək olduqca çətin idi. Bu texnologiya çox böyük həcmli informasiyanı, o cümlədən sxemləri və çertyojları ötürməyə imkan verirdi.