Praktikada daha çox istifadə olunan klassik steqanoqrafik iisullar
Praktikada müxtəlif növ steqanoqrafik üsullardan istifadə olunmuşdur və bəziləri indiyədək istifadə olunmaqda davam edir. Tətbiq olunan mexanizm və vasitələrə görə steqanoqrafık üsulları iki kateqoriyaya bölmək olar:
ənənəvi (qeyri-texniki) üsullar;
xüsusi texniki vasitələr istifadə edilməklə reallaşdırılan steqanoqrafık üsullar.
Ənənəvi (qeyri–texniki) üsullar dedikdə xüsusi texniki vasitələr istifadə olunmadan, gizli yazılar, şərti ifadələr, kodlaşdırma və s. yollarla həyata keçirilən üsullar başa düşülür. Qeyri–texniki üsullara nümunə kimi aşağıdakıları göstərmək olar:
Açıq mətnin konkret hərflərinə görə məlumatın ötürülməsi. Məlumat açıq məktubun mətnində istifadə olunan sözlərinin (cümlələrinin, abzaslarının və s.) birinci və ya başqa sırada duran hərfinə görə yazılır və oxunur.
“İkibaşlı” yazının və kodlaşdırılmış (şərti ) sözlərin və ya ifadələrin istifadəsi. Açıq məlumatın mətni müəyyən şəkildə yozulur, ona ayrı məna verilir və ya əvvəlcədən şərtiləşdirilmiş ifadələr vasitəsilə kodlaşdırılır;
“Ave Mariya” şifri. Məlumatın kodlaşdırılması üçün ilkin mətnin hər bir sözünün və ya söz birləşməsinin əvəzinə açıq dini mövzuda bir neçə söz qoyulur. Beləliklə, ötürülən məlumat tamamilə dini məzmunlu məxsusi yazı xarakteri alır;
Ümumi məlumatların istifadəsi. Qarşı tərəfə zəruri informasiyanın çatdırılması üçün hər hansı əşya, fakt, hadisə (məsələn, malların siyahısı, topdansatış qiymətləri, televiziya verilişlərinin proqramı və s.) barəsində məlumat müəyyən olunmuş qaydada (ardıcıllıqda) xəbər verilir;
Hərflərin qeyd olunması. Məlumat yazılması üçün hər hansı kitabın və ya qəzetin konkret yerində (səhifəsində) hərflər iti əşya (iynə və ya sancaq) batırmaqla qeyd olunur. Sözlərin sonu hərflər arasında deşik açmaqla (iynə və ya sancaq vasitəsilə) müəyyən edilir;
Trafaretə görə yazma. Açıq məktubun yazılacağı təmiz vərəqin üzərinə qabaqcadan hazırlanmış “pəncərələri” (müəyyən olunmuş yerlərdə kəsilmiş xanaları) olan trafaret qoyulur. Ötürülən məlumat trafaretin pəncərələri vasitəsilə kağız üzərinə qeyd edilir və trafaret götürülür. Sonra kağız üzərinə səpələnmiş hərflərin arasına diqqətlə həmin hərflər istifadə olunmaqla açıq mətn yazılır;
Krossvordda yazma. Məlumat məqsədli doldurulmuş krossvordun sütunlarında (və ya sətirlərində) yazılır, sətirlər (və ya sütunlar) isə ixtiyari qaydada doldurulur. Bu zaman məlumat birbaşa yazıla və ya əlavə olaraq kodlaşdırıla bilər;
“Korlanmış” makina yazısının istifadəsi. Məlumatın yazılması üçün korlanmış makinada çap olunan yazıya oxşar kodlaşdırmadan istifadə edilir. Belə ki, yazıda bəzi hərflər korlanmış (xarab olmuş) makinadakı kimi sətrin yuxarısına və ya aşağısına düşür. Bu zaman bu hərflərin ardıcıllığı və sayı, eləcə də onların rast gəlinmə tezliyi nəzərə alınır. Burada Morze əlifbası vasitəsilə kodlaşdırma mümkündür;
Not yazılarından istifadə. Məlumatın kodlaşdırılması üçün not dəftərində notların əl ilə yazılmasından istifadə olunur. Bu zaman notlar müəyyən qiymətə (koda) malik olur. Belə not dəftərində Morze və ya digər əlifba vasitəsilə kodlaşdırmadan istifadə oluna bilər;
Kardioqramın və ya qrafikin istifadəsi. Məlumatın kodlaşdırılması üçün kardioqramdan və ya hər hansı mexaniki prosesin qrafikindən istifadə olunur. Burada da Morze əlifbası və ya digər kodlaşdırma reallaşdırıla bilər. Məsələn, Morze əlifbası üçün qrafikin (kardioqramın) ən yuxarı piklərdən nöqtəni, ən aşağı piklərdən tireni, dişlər arasındakı xətlərdən hərflərarası məsafəni, xətlərin qırılmasından sözlərin sonunu və s. göstərmək üçün istifadə etmək mümkündür;
Kart və ya kağız dəstinin yan tərəfində yazma. Məlumat müəyyən qaydada düzülmüş oyun kartı və ya kağız dəstinin (paçkasının) yan tərəflərində yazılır. Oyun kartı və ya kağız dəsti qarışdırılır və ünvana göndərilir. Orada həmin dəst müəyyən olunmuş qaydada düzülür və yazı oxunur.
Etiketə yazma. Məlumat flakonun, bankanın, butulkanın və s. etiketlərinin arxasına yazılır və sonradan yapışdırılır.
Poçt markasının arxasına yazma. Məlumat markanın arxasına yazılır və məktubun üzərinə yapışdırılır. Həmçinin məlumat məktub üzərində marka üçün nəzərdə tutulmuş yerdə yazıla və sonra üstündən marka yapışdırıla bilər.
Kibrit qutusunun içəri tərəfinə yazma. Əvvəlcə kibrit qutusu sökülür, onun içəri səthinə yazı yazılır və sonra qutu yenidən yapışdırılır.
Bişmiş yumurtanın içinə yazma. Bunun üçün zəy, mürəkkəb və sirkə qarışığı götürülür. Lazım olan məlumatı bu qarışıqla yumurtanın qabığı üzərinə yazırlar. Qabığın səthindən yazının izini silmək üçün yumurtanı bir müddət tünd duzlu suda və ya sirkədə saxlayırlar. Bundan sonra yumurtanı bərk bişirirlər. Bu zaman bütün yazı yumurtanın qabığının altında zülalın üzərinə həkk olunur. Alan tərəf yumurtanın qabığını soymaqla yazını oxuyur.
Düyünlər vasitəsilə yazma. Burada əlifbanın hərfləri barmağın çevrəsinin uzunluğu ilə və ya santimetrlərlə kodlaşdırılır. Məsələn, A – 1 sm. və ya 1 barmaq çevrəsi, B – 2 sm. və ya 2 barmaq çevrəsi və s.). Məlumatı ötürmək üçün hər hansı ipin üzərində bu ölçülərə uyğun olaraq düyünlər vurulur. İpi barmağa dolamaq və ya santimetrlərlə ölçmək yolu ilə yazını oxuyurlar.
Texniki vasitələrdən istifadə etməklə reallaşdırılan üsullara aşağıdakı nümunələri göstərmək olar:
Rəngsiz mürəkkəbin istifadəsi. Məlumat rəngsiz xüsusi mürəkkəbdən istifadə etməklə adi məktubun sətirləri arasına yazılır. Belə yazı müəyyən fiziki və ya kimyəvi təsirlər nəticəsində görünür.
Xüsusi işıq effektləri altında görünən yazılar. Məlumat xüsusi maddələrdən istifadə etməklə xüsusi kağız üzərinə gözə görünməz şəkildə yazılır. Belə yazı yalnız ultrabənövşəyi əksetmə, polyarlaşmış işıq və ya lüminessensiya zamanı görünür.
İşıq şüaları. Məxfi məlumatın ötürülməsi üçün əlaqə daşıyıcılarının kəskin istiqamətlənmiş şüaları istifadə olunur.
İşıq fotonlarının kvant kanalı. Məxfi məlumatın, o cümlədən məxfi açarın ötürülməsi üçün işıq fotonlarının kvant kanalı istifadə olunur.
Mikro fotoçəkiliş. Məxfi məlumatın ötürülməsi üçün səhifələrin həddən artıq miniatür şəklinin çəkilməsi, yəni mikronöqtə texnologiyasından istifadə olunur. Adi mətbəə nöqtəsi böyüklükdə belə bir mikronöqtəyə bir standart çap vərəqini yerləşdirmək mümkündür.
Mikromətn texnologiyası. Məxfi məlumat mikroçiplərin istehsalı texnologiyasından istifadə etməklə mikromətn şəklində yazılır və elektron mikroskop vasitəsilə oxunur.
Disklərə xüsusi şəkildə yazma. Disklərin DOS əməliyyat sistemlərindən fərqli yolla formatlaşdırılır və informasiya belə sektorlarda gizlədilir. İnformasiyanın saxlanması üçün, həmçinin, DOS əməliyyat sistemi tərəfindən istifadə olunmayan, lakin başqa yollarla oxuna bilən cığırlardan istifadə oluna bilər. İnformasiya və ya viruslar xüsusi şəkildə ikilik kodlar səviyyəsində korlanmış bloklara və ya dayanıqsız bitlərə yazılaraq gizlədilir.
Maskalanma. Məxfı informasiyanın bitləri səs–küy, əngəl, maneə, səhv (təhrif olunmuş) bitlər adı altında maskalanır. Bu yanaşma kommersiya rabitə kanallarında, elektron rəqəmli fotolarda, video kadrlarda, səs (nitq) yazısında və s. reallaşdırıla bilər.
Dostları ilə paylaş: |