Biometrik parametrlərin təsnifatı Biometrik xüsusiyyətlər insanın fizioloji və davranış xüsusiyyətləri ilə əlaqədar olmaqla iki qrupa bölünür. Barmaq izi, əl həndəsəsi, gözün qüzehli qişası, ovucun izi kimi biometrik xüsusiyyətlər fizioloji, yeriş, əl imzası kimi biometrik xüsusiyyətlər isə davranışla bağlı hesab olunur. Səs kimi bəzi biometrik xüsusiyyətlərə fizioloji və davranışla bağlı xüsusiyyətlərin birləşməsi kimi baxmaq mümkündür. Əlavə olaraq, biometrik xüsusiyyətlər ailəsinə bioloji xüsusiyyətləri də əlavə etmək mümkündür. Əsas bioloji xüsusiyyətə misal kimi DNT (DeoksiriboNuklein Turşu) göstərilir. Texniki imkanlar nəzərə alındıqda, avtomatlaşdırılmış sistemlərdə DNT-nin biometrik xüsusiyyət kimi istifadəsi hələlik mümkün deyil.
Biometrik identifikatorun sabit (uzun müddət ərzində) və ya dəyişən olmasından asılı olaraq biometrik identifikatorları statik və dinamik otmaqla iki əsas qrupa bölürlər (cədvəl 1.2).
Statik identifıkasiya metodları insanın dəyişməz fizioloji xarakteristikalarının analizinə əsaslanır (məsələn, barmaq izləri, əlin həndəsi ölçüləri, gözün qüzehli qişası).
Dinamik identifıkasiya metodları şəxsin davranış xarakteristikalarının hər hansı hərəkətin yerinə yetirilməsi prosesində hər bir insana xas xüsusiyyətlərin analizinə əsaslanır (məsələn, əl imzası, yeriş, səs).
Davranış və fizioloji xarakteristikalar arasındakı fərq kifayət qədər sünidir. Biometrik davranış xarakteristikaları fizioloji xarakteristikalardan kifayət qədər asılıdır, məsələn, səs - səs tellərinin formasından, imza - barmaqların və biləyin cəldliyindən asılıdır. Bəzi fizioloji xarakteristikalar (məsələn, sifət) da insanın davranışından asılı olaraq dəyişə bilər. İnsanın davranışı (məsələn, barmağını skanerə necə qoyması və ya kameraya baxması) autentifikasiya sisteminin işinə təsir edə bilər.
Dinamik metodlar dəqiqlik və səmərə baxımından statik metodlardan xeyli geri qalırlar və bir qayda olaraq köməkçi biometrik xarakteristika kimi istifadə edilirlər.
Başqa bir təsnifata görə biometrik identifıkasiya metodlarını interaktiv və qeyri-interaktiv növlərə bölmək olar. İnteraktiv metodlar identifıkasiya prosesində şəxsdən müəyyən hərəkətləri yerinə yetirməsini tələb edir. Məsələn, səsə görə tanıma metodunda müəyyən frazaları tələffüz etmək və ya barmaq izini götürmək üçün xüsusi qurğuya toxunmaq tələb edilir. Qeyri-interaktiv metodlar şəxs müəyyən vəziyyətə yaxınlaşdıqda avtomatik işə düşə bilərlər. Məsələn, sifətə görə tanıma metodu üçün şəxsin videoaparatın görüş dairəsinə düşməsi kifayətdir.
Buna görə qeyri-interaktiv metodlar gizli rejimdə işləyə bilərlər - insanlar heç ağıllarına da gətirməyə bilərlər ki, maskalanmış qurğuların köməyi ilə onların biometrik xüsusiyyətlərini ölçürlər.