Havanın temperaturu.İstehsalat binalarında havanın temperaturu istehsalat mənbələrindən, işləyən adamlardan ayrılan istilikdən, bina konstruksiyalarının istilikkeçirmə qabiliyyətindən və binanın daxilindəki ventilyasiyadan asılıdır.
Ətraf mühitin temperaturu 300C- yə qədər olduqda insan bədəninin dəthindən istiliyin ayrılması konveksiya və şüalanma vasitəsilə çox intensiv gedir. Temperaturun yüksəlməsi şəraitində istiliyin çox hissəsi tərin buxarlanmasına sərf olunur.
Meteoroloji şəraitin normalaşdırılması. İstehsalat mühitində ən əlverişli mikroiqlim şəraiti yaratmaq üçün CH-245- 71 sanitariya normalarına əsasən istehsalat binasının işçi zonası döşəmədən və ya meydancadan 2 m hündürlükdə olmalıdır. İlin soyuq və isti vaxtlarında, istehsalat binasının xarakteristikasından və işin kateqoriyasından asılı olaraq iş yerlərində havanın temperaturu, nisbi nəmliyi və hərəkət sürəti normalaşdırılır. Bu məqsədlə texnoloji proseslər təkmilləşdirilir, ağır zəhmət tələb edən proseslər mexanikləşdirilir, idarəetmə avtomatlaşdırılır, ventilyasiya, ekranlaşdırılmalar və s. tətbiq edilir.
İstehsalat tozu və onun zərərli təsirindən mühafizə üsulları İstehsalatda bir sox proseslər və işlər toz ayrılması ilə müşayiət olunur ki, bu da insan orqanizminə, xüsusən tənəffüs orqanlarına zərərli təsir göstərir. İstehsalat tozları bəzən iş zonasında istehsal mühitini də pisləşdirir və maşınların sürtünən hissələrinin dağılmasına səbəb olur. Bundan əlavə istehsalat tozları yanğın-partlayış təhlükəli ola bilər.
İstehsalat tozları mənşəyinə görə üzvi, qeyri üzvi və qarışıq olur.
Üzvi tozlara bitgi və heyvan mənşəli tozlar, məsələn ağac tozu, pambıq parça, un, tiftik və s. tozlar aiddir.
Qeyri-üzvi tozlara mineral tozlar, məsələn kvars, sement, saxsı, metal tozları və s. aiddir.
Qarşıq tozlar isə üzvi və qeyri-üzvi tozlardan ibarət olur.
Toz nəfəs yoluna, ciyərlərə, gözlərə və dəriyə zərərli təsir göstərir. Tozlu havada nəfəs aldıqda tozun təxminən yarısı burun nahiyəsinin selikli qişasında tutulub qalır ki, bu da onu qıcıqlandırır və iltihab prosesinə səbəb olur. Tozların uzun müddətli təsirindən burun nahiyəsinin süzgəcli xassəsi zəifləyir, nəticədə nəfəs yollarının digər hissələrində də xroniki iltihab prosesləri inkişaf edir.
Mineral tozlar (əhəng, sement) əsasən dəriyə qıcıqlandırıcı təsir göstərir. Onlar dəriyə düşdükdə tər vəzilərini bağlayır, dərinin mikroblara qarşı müqavimətini azaldır və müxtəlif iltihab proseslərinin yaranmasına səbəb olur.
Gözün buynuz təbəqəsinin tozla tez-tez zədələnməsi onun tutqunlaşmasına və ləkə düşməsinə gətirib çıxarır.Toz hissəciklərinin ölçüləri kiçik olduqca orqanizmə nüfuz etmə dərinliyi və təhlükəliliyi də artır. Hissəciklərin ölçülərinə görə tozlar üç qrupa bölünür: görünən tozlar (10 mK), mikroskopik tozlar (10…0,25mK) və ultramikroskopik tozlar (0,25 mK)
Görünən tozlar əsasən burun nahiyəsində tutulur, mikroskopik və ultramikroskopik tozlar isə ciyərlərə nüfuz edir. Hissəciklərin ödçüləri kiçik olduqca tozun fiziki- kimyəvi aktivliyi artır, tozun ümumi səthi böyük olduqca isə həll oluma qabiliyyəti yüksəlir.
Ölçüləri 10 mK-dan böyük olan tozlar tez çökür, buna görə də istehsalat otaqlarının havasında ölçüləri 5 mK-a qədər olan tozlar çoxluq (80% qədər) təşkil edir. Səthi kələ-kötür, iti uclu tozların təsiri daha təhlükəlidir, çünki bunlar selikli qişada çiyər və dəri toxumalarında yara tökülməsinə səbəb olur.
Zərərsiz tozlar mikrobların keçiricisi rolunu oynaya bilər. Tozlar ətraf mühitdən zərərli qaz və buxarları adsorbsiya etdikdə təhlükə daha da artır. Tozların əksəriyyəti elektrik yükləri ilə yüklənmiş olur. Belə hissəciklər neytral hissəciklərə nisbətən ciyərlərdə daha çox tutulub qala bildiyi üçün daha zərərlidir.
İstehsalatın sanitariya-gigiyena şəraiti pozulduqda tozların müntəzəm təsirindən işçilərdə pnevmokoniz (pnevma-nəfəs, konios-toz deməkdir, yunan sözüdür) xəstəlikləri əmələ gəlir. Bu xəstəliklərin ən ağır forması silisium tozlarından (silikoz) və asbest tozlarından (asbes toz) yaranır.
Silisium tozlarının güclü təsiri onunla izah edilir ki, onların tərkibində ki, sərbəst silisium oksidi toxuma mayeləri ilə reaksiyaya girərək silisium turşusu (H2 SiO3) əmələ gətirir. Bu isə orqanizmdə bərpa olunmayan dəyişikliklərə səbəb olur. Sement tozu ilə uzun müddət nəfəs aldıqda ciyərlərin xəstələnməsi-pnevmakonioz, sement tozu gözlərə təsir etdikdə isə konyuktivit (gözün selikli qişasının iltihabı) əmələ gəlir.
Əhəng, kalsium-karbid tozları nəmliklə reaksiya nəticəsində yanıq və yara əmələ gətirir.
Asbes tozu ciyərlərin fibrozunu törədir, gil, kaolin tozları da böyük qatılıqlarda uzun müddət təsir etdikdə pnevmakanioz yaradır. Şüşə lifi yuxarı nəfəs orqanlarını qıcıqlandıraraq astma xəstəliyinə səbəb olur, dəriyə təsir etdikdə isə qaşınma və səpki yaradır.
Tozun insan üçün digər təhlükəsi havada küllü miqdarda olmasıdır. Lakin onun təhlükəsi insanın nəfəs alma intensivliyindən və görülən işin növündən asılıdır. Məsələn, insan sakit vəziyyətdə dəqiqədə 10…12 l hava qəbul edirsə, fiziki əməkdə bu 50-70 l/dəq-ə qədər artır. Deməli, tozlu mühitdə ağır fiziki iş görən işcilər daha tez xəstələnir.
Mütəxəssislər istehsalatda havanın tozluğuna, onun dispersliyinə və tərkibinə müntəzəm nəzərət etməlidirlər.
İstehsalat mühitinin tozluluğunu qiymətləndirmək üçün havanın vahid həcmində olan tozun cəki miqdarını, onun tərkibini, zəhərliliyini, həll olunma qabiliyyətini, eləcədə hissəciklərin formasını bilmək lazımdır.
Havada tozun qatılığını təyin etdikdən sonra onu sanitariya normaları ilə müəyyən edilmiş buraxıla bilən qatılıqla müqaisə edirlər. Daha sonra texnoloji prosesin (toz mənbələrinin) xüsusiyyətlərini, havanın tozla çirklənmə dərəcəsini təhlil edib, tozun işçi zonaya daxil olma yollarını araşdırıb, tozluqdan mühafizə tədbirlərini hazırlayırlar.
Əgər tozlu proses qapalı fazalarda gedirsə və ya iş zamanı ətraf mühitdən izolə edilmişdirsə, hermetikləşdirmə yolu ilə toz sızan və ya onun iş zonasına daxil olduğu kanalları bağlamağa calışırlar.
Əgər texnoloji prosesin və ya emal edilən materialın keyfiyyəti nəmlikdən asılı deyildirsə, onda materialın quru emalını nəm emal ilə əvəz etmək olar. Tozla mübarizənin səmərəli üsulu toz halında olan maddələri dənəvər maddələrlə əvəz etməkdir.
İstehsalat otağında toz kiçik zonada əmələ gəldikdə onun pnevmatik sorulmasını təşkil etmək əlverişlidir.
Göstərilən üsullarla tozun iş zonasına daxil olmasının qarşısını almaq mümkün olmadıqda yerli ventilyasiya, bütün otağın havası tozla cirkləndirdikdə isə ümumi ventilyasiya qurulur.
İş zonasına intensiv sürətdə buraxıla bilən qatılıqdan çox tozlu hava daxil olursa, fərdi mühafizə vasitələrindən, xüsusi iş paltarı, eynəklər, respiratorlar, başlıqlardan istifadə edilməlidir.
İş zonalarının havasını zərərli maddələrdən qorumağın ən səmərəli üsullarını tam mexanikləşdirmə, avtomatlaşdırma və tozlanan proseslərin tam hermetikləşdirilməsidir.