İnkarı inkar qanunu
İnkarı inkar qanunu inkişafın istiqamətini, burada köhnə ilə yeninin əlaqəsini aşkara çıxarır.
Cansız təbiətdə inkişafa və inkara dair misal ulduzlar milyon illərlə mövcud olur, sonra isə sönür. Yaxud da Yerin geoloji dövrləri bir-birini əvəz edir. Canlı həyatda bitki və heyvan növləri bir müddət yaşayır, sonra məhv olur. Eyni sözləri cəmiyyət haqqında da demək olar. Belə ki, tarix başdan-başa insan nəsillərinin bir-birini əvəz etməsi deməkdir. Bütün bunlar sübut edir ki, inkişaf olan yerdə inkar da vardır. Köhnəni inkar etmədən yeni yarana və yetişə bilməz. Buna görə də demək olar: dünya hər bir dövrdə götürüldükdə keçmişin nəticəsi və gələcəyin rüşeymidir.
İnkarı inkar qanununun mahiyyətini açmaq üçün ilk növbədə inkar kateqoriyasına diqqət yetirilməlidir.
İnkarın metafizik və dialektik anlamı mövcuddur. Metafizika inkarı xarici qüvvənin təsiri nəticəsi kimi götürür. Onu müəyyən predmetin və ya hadisənin birdəfəlik məhv edilməsi kimi izah edir. Əlbəttə, təbiətdə belə inkar halları mövcuddur. Məsələn, buzlaşma, su basqınları və vulkan püskürmələri nəticəsində bitki və heyvan növlərinin bütöv bir nəsli kəsilir. Lakin dünyada əsas yeri dialektik inkar tutur. Dialektik inkar isə özinkar, daxili inkardır. Buna görə də hadisənin inkişafını dayandırmır. Əksinə, onun daha da inkişaf etməsi uçün əlverişli şərait yaradır. Bu inkar yalnız köhnənin inkişafa mane olan tərəfini məhv edir. Həmin köhnənin müsbət tərəfi qorunub saxlanılır, köhnə ilə mübarizədə yeni həmişə qələbə çalır. Çünki özündən savayı həm də köhnədə olan müsbət tərəfə arxalanır.
Beləliklə, dialektik inkar kateqoriyası inkişafın müəyyən mərhələsini ifadə edir. Bu mərhələ obyektin (hadisənin) nə isə bir başqasına çevrilməsi deməkdir. Lakin həmin prosesdə əvvəlki hadisənin (yəni inkar olunanın) bəzi tərəfləri saxlanılır, inkar inkişaf prosesinin çox mühüm səciyyəsini təşkil edir.
Metafizik inkar dağıdıcı (destruktiv) xarakter daşıyır. Köhnəni birdəfəlik ləğv edir. Bundan fərqli olaraq dialektik inkar köhnəni sadəcə bir kənara atmır, onun müəyyən tərəflərini qoruyub saxlayır və inkişaf etdirir. Yeninin tərkibinə inkar olunan hadisənin müəyyən müsbət tərəflərinin dəyişdirilmiş halda daxil olması Aufhebang Hegel bərtərəf etmə (götürmə) adlanır. Bərtərəf etmə bir-birilə əlaqəli üç səpgini əhatə edir: ləğv etmə, əxz etmə və əks olunanı daha yüksək pilləyə qaldırma.
Dialektik inkar, qanunauyğun baş verən yeniləşmə prosesi, köhnə keyfiyyətin yenisi ilə əvəz olunması, obyektin öz inkişafının nəticəsidir. Hegel inkar nəticəsində yaranan yenini səciyyələndirərək yazırdı: «O, yeni anlayışdır, özü də əvvəlki anlayışa nisbətən daha yüksək, daha zəngin anlayışdır, çünki o, köhnə anlayışın inkarı nəticəsində zənginləşmişdir».
Dialektik inkar inkişafda həm də köhnə ilə əlaqə momenti deməkdir. O, inkişafda varisliyi ifadə edir. Varislik sübut edir ki, yeni, köhnədən təcrid olunmuş halda, ondan kənarda yarana bilməz. Məsələn canlı təbiətdə varisliyin əyani nümunəsi kodların nəsillər üzrə irsən keçməsində təzahür edir. Cəmiyyətdə irsiyyət mexanizminin fəaliyyəti və varislik sayəsində inkişaf mümkün olur. Lakin hər bir yeni nəsil öz valideynlərinin əlamətlərim olduğu kimi təkrar etmir. Çünki inkişafda varislik ilə yanaşı dəyışkənlik, yeniləşmə də vardır. Buna görə də hər bir nəsildə yeni keyfiyyət və əlamətlər özünü göstərir. O, həm praktikada və həm də mənəvi fəaliyyətdə özünün çox qiymətli irsini yaradır. Bu, əvvəlki nəsillərin yaratdıqlarını özündə əks edir. Eyni zamanda onları inkişaf etdirərək, gələcək nəslə miras qoyur. Beləliklə də nəsillər arasında varislik və dialoq baş verir.
Elmi biliklərin inkişafında varislik özünü bunda göstərir ki, hər bır yeni bilik müəyyən dərəcədə mövcud ənənəyə arxalanır. N.Borun kəşf etdiyi elmin inkişafında uyğunluq prinsipi bunu ifadə edir. Qeyd olunmalıdır ki, elmdə ənənə birdən-birə yaranmır. O, obyektlərin uzun illər davam edən öyrənilməsinin məhsuludur. Elmin tarixi inkişafı prosesində daim köhnə ənənələr qismən sıradan çıxır, onların yerinə yeniləri yaranır. Elmin və texnikanın inkişafında vaıisliyin rolunu düzgün qımətləndirmək son dərəcə vacibdir. Əks halda onların keçmişini, habelə gələcək perspektivini dürüst müəyyən etmək qeyri-mümkündür.
Köhnə ilə yeni arasında əlaqə və varislik mənəvi mədəniyyət sferasında daha aydın görünür. Belə ki, mədəniyyətin hər bir mərhələsi, ondan əvvəlki dövrün nümunələrini qoruyub saxlayır və daha da inkişaf etdirir. Bunu Azərbaycan xalqının əsrlər boyu yaratdığı və nəsildən-nəslə ötürdüyü mədəniyyət incilərinin nümunəsində yəqin etmək olar. Bu sahədə davam edən varisliyin nəticəsidir ki, Nizami, N.Tusi, Füzuli, M.Axundov, C.Məmmədquluzadə və onlarca digər sənət korifeylərinin yaradıcılığında irəli sürülmüş qiymətli ideya və fikirlər bu gün də öz əhəmiyyətini saxlayır. Lakin inkişafda varislik inkarı istisna etmir, əksinə onun olmasını şərtləndirir. Çünki ondan kənarda inkişaf da yoxdur. Tarix sübut edir ki, o, bu günə qədər inkar vasitəsilə inkişaf etmişdir. Onun keçdiyi hər bir mərhələ özündən əvvəlkinin inkarı olmuşdur.
İnkarın mexaniki anlamı əvvəlki mərhələ ilə əlaqə və varisliyi inkar edir. Beləliklə də inkarın dağıdıcı, rəddedici momentini mütləqləşdirir. Eynilə də digər ifrat hədd yol verilməzdir. İnkişafda varisliyin rolunun şişirdilmək olmaz. Bu halda yeninin əhəmiyyəti lazımi qiymətləndirilmir.
İnkişafda varisliyə məhəl qoymamaq daha çox nihilizmdə və anarxizmdə ifadə olunur. Onların nümayəndələri T.Adorno, М.Хоrк xaymer (neqativ dialektika təlimi) və P.Lorenso, M.Juaye (anarxizm) ənənələrə mənfi münasibət bəsləyirlər. Onların fikrincə inkişafda hər bir mərhələ sözün əsl mənasında məhz özündən başlayır.
Sosial nihilizm cəmiyyətin tərəqqisinə böyüx ziyan vurur. Bunu keçmiş SSRİ-nin ilk illərində yayılmış prolekultçuların nümunəsində görmək olar. Onlar burjua cəmiyyətinin mədəniyyəti ilə hər cür əlaqəni pisləyirdilər. Sonralar ÇXR-dəki mədəni inqilab (Xunveybin hərəkatı) da bu yolu tutduğu üçün elmin və mədəniyyətin inkişafına böyük zərbə vurdu.
İnkarı inkar qanununu izah edərkən belə bir sual qarşıya çıxır. Niyə inkar sözü iki dəfə təkrar olunur? Məsələ bundadır ki, birinci dəfəki inkar hələ inkişafı tam başa çatdırmır. İnkişaf dövrəsinin tamamlanması üçün ikinci səviyyəli inkar, yəni inkarı inkar zəruridir. Bunu aydın təsəvvür etmək üçün vaxtilə Hegelin gətirdiyi misala diqqət yetirək. Taxıl dənəsi əlverişli torpaqda bitir, göyərir və sünbülə çevrilir. Sünbül taxıl dənəsinin inkarı deməkdir. Lakin bu inkar taxıl dənəsini tam bir kənara atmır, onun bəzi tərəflərini hifz edib saxlayır və inkişaf etdirir. Sünbülün yetişməsi nəticəsində onda taxıl dəni yaranır. Bu yeni taxıl dəni sünbülün inxarı deməkdir. Deməli yeni dən əvvəldə götürülən dənə nisbətən inkişaf etmiş formadır. Buradan aydın olur ki, inkişaf tsiklinin başa çatması üçün inkar əməliyyatının iki dəfə təkrarlanması lazımdır. Qeyd olunmalıdır ki, hər bir inkişaf tsiklində (dövrəsində) inkarların sayı həmin hadisənin konkret özünəməxsusluğu ilə müəyyən olunur. Bu o deməkdir ki, inkarların sayı ikidən çox da ola bilir.
Beləliklə, inkarı inkar qanunu inkişafın aşağıdakı mühüm xüsusiyyətini ifadə edir: ikinci inkarın nəticəsi əvvələ qayıtmaq demək deyildir. O, özündə yenini- inkişaf momentini ifadə edir. Deyilənlər göstərir xi, inkişaf prosesi dairə formasında getmir, inkişaf həm də düz xətt boyunca baş vermir. İnkişaf spiralvari formada gedən prosesdir. Spiralın hər bir yuxarı mərhələsi sanki əvvəlki mərhələyə qayıdır. Əslində, bu əvvəlkinin təkrarı demək deyildir. Çünki bu qayıdış əvvəlkindən daha yüksək pillədə baş verir
İnkişafın spiral formasında baş verməsi onun heç də həmişə irəliyə doğru yönəlməsi demək deyildir, inkişaf prosesində tənəzzül istiqamətində dəyişikliklər də baş verə bilir. Buna nümunə kimi virusları göstərmək olar. Onlar əvvəllər xeyli dərəcədə mürəkkəb quruluşlu canlı orqanizmlər kimi çıxış edirdilər. Sonralar isə canlı hüceyrələrdə tüfeyliliyə alışma prosesində tənəzzülə uğramışlar.
İnkarı inkar qanununu bəzən dialektik sintez qanunu adlandırırlar. Bu, inkişaf prosesində birinci və ikinci inkarların qovuşması faktına əsaslanır. Odur ki, həmin adı qismən qəbul etmək olar. Bu qanunu kəşf edən Hegel onu triada (üçlük deməkdir) qanunu adlandırmışdır. Üçüzvlü triadanın sxemi belədir: tezis- antitezis-sintez. Bu o deməkdir ki, tezis (yəni inkişaf tsiklinin əvvəlində götürülmüş obyekt), onun əksi olan antitezis tərəfindən inkar olunur. İkincı inkar nəticəsində isə tezislə antitezisin dialektik sintezi baş verir.
İnkarı inkar qanunu inkişafın istiqamətini və nəticəsini göstərir. Həmin qanun öyrədir ki, inkişaf bir neçə tsikli əhatə edən prosesdir. Hər bir tsiklin daxilində inkişafın bir pilləsindən digərinə keçid inkar deməkdir. Bu qanun həm də inkişafda hər bir inkarın rolunu açır. Göstərir ki, ikiqat inkar inkişafın əsas meylini, istiqamətini ifadə edir.
Beləliklə, inkarı inkar qanunu yeni ilə köhnənin əlaqəsini göstərir, varisliyi, təkrarolunanlığı, qarşısıalınmazlığı, inkişafın irəliyə doğru yönəlmiş xarakterini sübut edir.
Qeyd olunmalıdır ki, dialektikanın bu üç qanunu sıx vəhdətdədir və hətta biri digərinə nüfuz edir. Məsələn, müəyyən kəmiyyət dəyişikləri toplanaraq sıçrayışa gətirib çıxarır. Sıçrayış isə köhnə keyfiyyətin inkarı və yeni keyfiyyətə keçid deməkdir. Digər tərəfdən sıçrayış həm də ziddiyyətin həlli mərhələsini ifadə edir. Göründüyü kimi sıçrayış, inkar və ziddiyyətin həlli bir- birinə qovuşmuş halda çıxış edir.
Beləliklə, birinci qanun inkişafın necə baş verdiyini göstərir, ikinci qanun inkişafın səbəblərini və mənbəyini aşkar edir. Üçüncü qanun inkişafın irəliyə doğru yönəldiyini, istiqamətini sübut edir. Bu qanunların hər biri özünəməxsus xarakter daşıyır. Bununla yanaşı onlar bir-birini tamamlayır. Onların hər üçü vahid inkişaf prosesinin təbiəti və mexanizmini açmağa xidmət edir.
Dostları ilə paylaş: |