Qanun anlayışı. Qanunların təsnifatı
İnkişafın qanunlarını öyrənmək çox vacibdir. Onları bilmədən inkişaf prosesini elmi idarə etmək qeyri-mümkündür, dünyanın gedişinə insanların tələbatlarına uyğun təsir göstərmək olmaz.
İnkişafı səciyyəlndirən dialektika qanunlarının konkret izahına keçməzdən əvvəl qanun anlayışına nəzər salaq. Qanun hadisələr arasında əlaqə formasıdır. Lakin hər cür əlaqə qanun deyildir. Qanun əlaqələri bir sıra spesifik əlamətlərə malikdir. Onlardan birincisi, qanun əlaqələrinin obyektivliyi, yəni insanın şüur və iradəsindən asılı olmamasıdır. Digər tərəfdən, qanun hadisələr arasında mühüm əlaqə formasıdır. Bu o deməkdir ki, qanun əlaqələri predmetlərin daxili vacib tərəfini ifadə edir. Sonra, qanun zəruri əlaqə formasıdır, bu əlaqələr mühüm olduğu üçün, birmənalı şəkildə özünə yol açır. Qanun əlaqələrinin bir xassəsi də onların tərarlanan olmasıdır. Bu və ya digər qanunun fəaliyyəti üçün lazımi şərait mövcud olduqda o, mütləq təsir göstərir. Nəhayət, qanun əlaqələri öz ümumiliyi ilə səciyyələnir, yəni müvafiq qanun müəyyən çoxluğa (sinfə) daxil olan bütün hadisələrdə fəaliyyət göstərir.
Beləliklə, qanun hadisələr arasında obyektiv, mühüm, zəruri, təkrarlanan və ümumi əlaqə formasıdır.
Qanunların təsnifatı müxtəlif əlamətlərə görə aparılır. Məsələn öz əhatə dairəsinə görə qanunlar xüsusi, ümumi və ən ümumi növlərə ayrılır. Xüsusi qanunlar bir hərəkət forması daxilindəki hadisələr arasında fəaliyyət göstərir (məsələn biologiyada irsiyyət və dəyişkənlik, kimyada elementlərin dövri sistemi belə qanunlardandır). Ümumi qanunlar nisbətən geniş sahəni əhatə edir, bir neçə hərəkət formasına aid olur (məsələn fizikada enerjinin itməməsi və saxlanması qanunu bu qəbildəndir). Həmin qanun bütün maddi sistemlərdə təsir göstərir. Ən ümumi qanunlar universal əhatə dairəsinə malikdir. Onlar təbiətdə cəmiyyətdə və təfəkkürdə fəaliyyət göstərir. Dialektikanın qanunları belələrindəndir.
Digər bir əlamətə-yönəlmə istiqamətinə görə qanunlar aşağıdakı iki növə bölünür: fəaliyyət qanunları və inkişaf qanunları. Birinci tip qanunlar hadisələr arasında statik (sabit) əlaqələri ifada edir (məsələn ümumdünya cazibə qanunu), inkişaf qanunları adından göründüyü kimi predmetlər arasında dəyişilmə meyllərini, onun müxtəlif perspektiv pillələrini səciyyələndirir (məsələn, təbii- tarixi inkişaf prosesində materiyanın mürəkkəbləşməsi və şaxələnməsə qanunu).
Fəaliyyət qanunları ilə inkişaf qanunları bir- birilə sıx əlaqəlidir. Bu onların istiqamətləri (mövcudluq və inkişaf) arasındakı vəhdətdən irəli gəlir.
Nəhayət, qanunlar öz fəaliyyəti mexanizminə görə iki növə (dinamik və statistik) ayrılır. Dinamik qanunlar hadisələr arasında bütün göstəriciləri əvvəldən məlum olan və buna görə də gələcək vəziyyətini irəlicədən söyləmək mümkün olan münasibətləri ifadə edir (məsələn səma mexanikası qanunları bu qəbildəndir). Onların bu keyfiyyətinə əsaslanaraq hələ qədimdən Günəş və ay tutulmalarinin tarixini irəlicədən hesablaya bilirdilər.
Statistik qanunlar çoxlu saya malik həmcins obyektlər arasında fəaliyyət göstərir. Onlar bütövlükdə hadisələr çoxluğunu səciyyələndirir, bu çoxluğa daxil olan hər bir hadisəni əhatə etmir. Bu qanunlar böyük miqdarda hadisələr içərisində orta statistik göstərici kimi çıxış edirlər. İqtisadi nəzəriyyədə öyrənilən dəyər qanunu buna misaldır. Bu qanuna görə əmtəə bazarda öz dəyərinə müvafiq satılmalıdır, lakin tələb ilə təklif arasında formalaşan real vəziyyət onu tez-tez dəyişdirir
Dinamik qanunlar mötəbər və dəqiq informasiya verir. Statistik qanunlar isə bunlardan fərqli olaraq ehtimal xarakteri daşıyır. Ehtimalın konkret dərəcəsi isə təsadüfi hadisələr çoxluğunun reallaşması göstəriciləri ilə müəyyən olunur.
Dialektikanın üç əsas qanunu vardır: Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu, əksliklərin vəhdəti və mübarizəsi qanunu, inkarı inkar qanunu. Bu qanunlar təkcə maddi sistemlərdə deyil, həm də mənəvi sahədə və idrakda fəaliyyət göstərir, onlar universal xarakter daşıyır.
Dostları ilə paylaş: |