Əksliklərin vəhdəti və mübarizəsi qanunu
Əksikliklərın vəhdəti və mübarizəsi qanunu inkişaf prosesinin daxili mənbəyini və hərəkətverici qüvvəsini açır. Buna görə də o dialektika sistemində çox böyük rol oynayır.
Bu qanunun izahına onu ifadə edən əsas anlayışların şərhi ilə başlamaq məqsədəuyğundur. Belə anlayışlar «eyniyyət», “fərq” “əksiklik» və «ziddiyyət»dir.
«Eyniyyət» kateqoriyası predmetin müəyyən zaman ərzində öz-özünə bərabər olmasını, eyniyyət təşkil etməsini səciyyələndirir. Nəzərdə tutulmalıdır ki, hər bir predmet fasiləsiz surətdə dəyişilmədədir. Buna görə də predmetin eyniyyətdə olması müvəqqətidir. O, tezliklə, öz-özündən fərqlənir. «Fərq» dedikdə hər hansı bir obyekti başqalarından ayıran cəhət və əlamətlər nəzərdə tutulur.
Hər hansı bir obyektin bir-birinə əks istiqamətli tərəfləri əksliklər adlanır. Əksliklər predmetlərdəki sabitlik və dəyişiklik meyllərini ifadə edirlər. Dünyadakı hər bir obyekt iki əks tərəfə malikdir. Məsələn, atomun daxilində müsbət yüklü nüvə və mənfi yüklü elektron mövcuddur. Cansız təbiətdəki cisimlərdə dəfetmə və cəzbetınə qüvvələri də əksliklərdir. Kimyada birləşmə və ayrılma reaksiyaları, üzvi aləmdə irsiyyət və dəyişkənlik, assimilyasiya və dissimilyasiya prosesləri də əksikliklərə misaldır.
Qeyd olunmalıdır ki, əksliklərə malik olmaq predmetlərin daxili təbiətindən irəli gəlir. Çünki onlar sabitlik ilə dəyişkənliyin vəhdətini ifadə edirlər.
Dialektik əksliklər aşağıdakı keyfiyyətə malikdir: onlar qarşılıqlı surətdə bir-birini istisna edir və həm də biri digərini şərtləndirir. Əgər əksliklər yalnız bir-birini istisna etsəydi, onda onlar inkişafın mənbəyi rolunu oynaya bilməzdi. Yaxud da, əksliklər yalnız vəhdətdə olsaydı, onda dəyişilmə və inkişaf üçün stimul olmazdı. Əksliklərin vəhdəti özünü aşağıdakılarda göstərir: əks tərəflər qarşılıqlı surətdə bir-birini tamamlayır. Digər tərəfdən, onlar arasında müvəqqəti də olsa müvazinət mövcud olur. Sonra, əksliklər qarşılıqlı surətdə bir-birinə keçir, yəni sistem daxilində öz yerlərini dəyişdirə bilirlər. Nəhayət, əksliklər onların müvəqqəti birləşməsinə imkan yaradır.
Qeyd olunmalıdır ki, əksiklərin vəhdəti müvəqqəti və keçicidir. Onların mübarizəsi isə mütləq və əbədidir. Bu onunla izah edilir ki, əksliklər arasında müvazinət həmişə nisbidir, çünki çox keçməmiş bu müvazinət pozulur və onların mübarizəsi baş verir. Əksliklərin mübarizəsi obyektin daxili ziddiyyətli mahiyyətinin təzahürüdür. Bu mübarizə ziddiyyətlərin həllinə doğru aparır.
Əksliklərin mübarizəsinin mütləqliyi bunda ifadə olunur ki, yeni hadisə mübarizənin nəticəsində törəyir. Sonra, əksliklərin mübarizəsi inkişafın daxili mənbəyidir. Digər tərəfdən, əksliklərin mübarizəsi labüddən onlar arasındakı vəhdəti pozur. Nəhayət, bu da göstərilməlidir ki, əksliklər qarşılıqlı surətdə bir birinə keçə bilirlər. Ziddiyyət predmetin əks tərəflərinin qarşılıqlı təsirini ifadə edir. Onun yaranmasının mənbəyi obyektdə əks istiqamətə yönələn meyillərdir. Ziddiyyətə dair aşağıdakı nümunələri göstərmək olar: cəzbetmə və dəfetmə, müsbət və mənfi elektrik yükləri, kimyəvi birləşmə və parçalanma, orqanizmdə assimilyasiya və dıssimilyasiya, əsəb prosesində qıcıqlanma və ləngimə, ictimai həyatda əməkdaşlıq və mübarizə. Varlığın müxtəlif sahələrindəki ziddiyyətlər özünəməxsus xarakter daşıyır. Onların hamısı üçün ümumi cəhət də vardır. Bu ondan ibarətdir ki, inkişaf vahidin əksliklərə parçalanması, onların qarşılıqlı təsiri, ziddiyyətin yaranması və həlli yolu ilə baş verir. Məsələn, cansız təbiətdə əksliklərin qarşılıqlı təsiri (maddə və sahənin qarşılıqlı təsiri) nəticəsində elementar hissəciklər və onlardan ibarət müxtəlif sistemlər əmələ gəlir. Cəzbetmə və dəfetmə ziddiyyəti bir halda atom nüvəsini bağlayır, birləşdirir, digər bir şəraitdə onun parçalanmasına gətirir. Sonra, qravitasiya və dəfetmə qüvvələrin təsiri səma cisimlərinin qalaktikada dövr etməsini təmin edir
Üzvi aləmdə də özünəməxsus ziddiyyətlər var. Ən ümumi halda orqanizm ilə onun mövcudluğu şəraiti arasındaxı ziddiyyət göstərilməlidir. Onun həlli orqanizmdə maddələr mübadiləsini yeniləşdirir. Maddələr mübadiləsi özü də daxili ziddiyyətlidir. Assimilyasiya (qəbul olunan qidanı mənimsəmək yolu ilə maddələrin yaranması) və dissimilyasıya (maddələrin parçalanaraq orqanizm üçün enerji verməsi) bunu göstərir. Sübut olunmuşdur ki, insan bədənindəki zülalların təxminən yarıya qədər maddələr mübadiləsi nəticəsində 80 gün ərzində yenisi ilə əvəz olunur. Qanda hər gün 350-500 milyard eritrosit məhv olur, bir o qədər də yenidən yaranır.
Cəmiyyətdə istehsal ilə istehlak, müxtəlif partiyalar, dövlətlər arasında, köhnəliklə yeniliyin bütün təzahürləri arasında ziddiyyətdər vardır. Bunlarla yanaşı mənəvi mədəniyyətdə, elmi biliyin inkişafında yeni biliklərlə köhnəlmiş müddəalar arasında müxtəlif və bir-biri ilə əks mövqelərin mübarizəsi baş verir.
Sonra qlobal miqyaslı ziddiyyətlər vardır. Deyilənlərdən əlavə bütün dövrlərdə fəaliyyət göstərən ümumisosioloji ziddiyyətlər mövcuddur (istehsal ilə tələbat arasındakı ziddiyyət).
Qeyd edək ki, hadisələrə sükunət halında yanaşdıqda, onda ziddiyyət aşkar olunmur. Ziddiyyət hadisəni dəyişilmə və inkişaf halında götürdükdə üzə çıxır.
Ziddiyyət, dəyişilmə və inkişaf bir-birindən ayrılmazdır. İnkişaf və özhərəkətin olduğu yerdə dialektik ziddiyyət də mövcuddur. Dialektik ziddiyyət predmet və hadisələrin əks, bir-birini istisna edən, daxili vəhdətdə olan və qarşılıqlı nüfuz edən, özhərəkətin və inkişafın mənbəyi rolunu oynayan tərəflərin və meyllərin qarşılıqlı təsiridir.
Dialektik ziddiyyət müəyyən bir tamın daxilində əksiklərin həm vəhdətini və həm də mübarizəsini ifadə edir.
Ziddiyyətlərin xarakteri əks tərəflərin spesifikliyi və onların mübarizəsinin konkret şəraiti ilə müəyyən olunur. Bu mənada ziddiyyətlərin bir çox növləri vardır (daxili və xarici antaqonist və qeyri-antaqonist, əsas və qeyri- əsas, başlıca və başlıca olmayan və s.).
Daxili ziddiyyət müəyyən obyektdə olan əks tərəflərin qarşılıqlı təsiridir. Heyvanlarda və bitkilərdə növdaxili mübarizə, müəyyən bir orqanizm daxilində əks proseslərin mübarizəsi buna misaldır.
Əgər daxili ziddiyyət sistemin hüdudlarından kənara çıxmırsa, xarici ziddiyyət müəyyən obyekt ilə ondan kənarda olanlar arasında baş verir. Qeyd olunmalıdır ki, ziddiyyətlərin bu növlərə bölgüsü nisbi xarakter daşıyır. Belə ki, eyni bir ziddiyyət yanaşma səpkisindən asılı olaraq daxili və ya xarici ola bilər. Xarici ziddiyyətlərə misal kimi təbiət ilə cəmiyyət, orqanizm ilə mühit arasındakı ziddiyyətləri göstərmək olar.
İnkişafda daxili və xarici ziddiyyətlərin roluna da diqqət yetirilməlidir. Onlar ümumilikdə bir-birindən ayrılmazdır. Lakin konkret vəziyyətdə daxili ziddiyyətlər inkişafda aparıcı rol oynayır. Bununla belə daxili və xarici ziddiyyətləri bir-birinə qarşı qoymaq doğru deyildir.
Antaqonist ziddiyyətlər əsas mənafeləri bir-birinə əks olan sosial qruplar və qüvvələr arasındakı ziddiyyətlərdir. Onlar barışmazdır. Qeyri-antaqonist ziddiyyətlər fərdlər, sosial birliklər və ölkələr arasında əsas mənafelərin ümumiliyi daxilində mövcud olur. Sosial həyatdakı ziddiyyətlərin vaxtında və düzgün aşkar etmək, cəmiyyəti elmi idarə etmək üçün zəruridir.
Əsas və qeyri-əsas ziddiyyətlər də bir-birindən fərqlənir. Əsas ziddiyyət müəyyən sistemdə aparıcı yeri tutur və qalan ziddiyyətlərə güclü təsir göstərir. Əsas ziddiyyət ilə başlıca ziddiyyət eyni deyildir. Sonuncu qəbildən olan ziddiyyət hadisənin inkişafının həmin mərhələsində həlledici rol oynayır.
İnkişaf prosesində ziddiyyətlərin vəziyyəti dəyişilir. Onların münasibəti harmoniya, disharmoniya və münaqişə vəziyyətində olur. Sonuncu ziddiyyətlərin kəskinləşməsinin axırıncı həddidir.
Ziddiyyət yalnız həll edildikdə inkişafın mənbəyi rolunu oynayır. Buna görə də demək olar ki, ziddiyyətlər və onların həlli olan yerdə inkişaf da vardır.
Ziddiyyətləri həll etməyin əsas formaları bunlardır: əksliklərın bir-birinə və yüksək səviyyəyə keçməsi; bir əksliyin digər əksik üzərində qələbəsi; hər iki əksliyin məhv edilməsi və yenilərinin yaranması.
Ziddiyyətlərin inkişafı və həlli prosesi bir neçə mərhələni əhatə edir. İlk mərhələdə əksliklərin fərqliliyi ilə müqayisədə eyniyyət üstün olur. Əslində bu mərhələdə ziddiyyət gizli şəkildə çıxış edir, rüşeym halında özünü göstərir. Sonrakı mərhələdə əksiklər arasındakı münasibətlərdə ziddiyyət üstünlük təşkil edir. Nəhayət, üçüncü mərhələdə ziddiyyətlər həll olunur, yəni sıçrayış yolu ilə köhnə keyfiyyət ləğv olur, onun yerinə yeni hadisə yaranır.
Dostları ilə paylaş: |