Pedaqoji eksperiment müəyyən pedaqoji fərziyyəni yoxlamaq metodudur. Onun məqsədi pedaqoji prosesdə səbəb-nəticə əlaqələrini, kəmiyyət arasındakı asılılığı öyrənməkdən, yeni forma və metodların səmərəliliyini aşkara çıxarmaqdan və.s. ibarət ola bilər.
Məqsədinə görə pedaqoji eksperimentin bir neçə növü ayırd edilir: müəyyənedici, öyrədici və yoxlayıcı eksperiment.
Təşkili formasına görə eksperiment üç cür olur: təbii ( adi, təbii şəraitdə
keçirilir), laborator (laboratoriya şəraitində keçirilir) və kompleks (həm təbii,
həm də laborator şəraitdə keçirilir) eksperiment. Eksperimentin təşkili üçün iki paralel sinif (qrup) götürülür: bunlardan birində iş yeni qaydada təşkil edilir (eksperimental sinif və ya qrup), digəində isə ənənəvi qaydada aparılır (kontrol sinif və ya qrup).Müəyyən müddətdən (6 ay, 1 il) sonra hər iki sinifdə (qrupda) işin nəticəsi yoxlanılır və bir-biri ilə müqayisə edilir.
Eksperiment yaxşı nəticə verərsə, onu bir qədər geniş miqyasda keçirmək lazımdır. Eksperimentin səmərəli nəticə verməsi üçün onu başqa metodlarla (müşahidə, müsahibə, anket sorğusu və.s) əlaqələndirmək vacibdir..Pedaqoji tədqiqatlarda eksperiment metodu ilə yanaşı təcrübi- eksperimental iş, sınaq metodları da tətbiq olunur. Bu zaman müəyyən plan üzrə təcrübə işlər aparılır,onların səmərəliliyi öyrənilir.
Pedaqoji tədqiqatlarda yeri gəldikcə, riyazi-statistik və sosioloji metodlara da müraciət olunur. Riyazi-statistik metodlar tədqiqatın nəticələrini kəmiyyət baxımından təhlil etməyə imkan verir. Sosioloji metodlar pedaqogikanın sosial məsələlərinin (təlim-tərbiyə işinə ailə və mühitin təsiri, kollektiv və fərdin münasibətləri, peşəseçmə və.s) həllində geniş tətbiq olunur. Sosioloji metodlara kütləvi sorğular, sosiometrik metodlar (şkala, sosioqramma və.s) daxildir. Pedaqoji tədqiqatda nəzərdən keçirilən metodların kompleks tətbiqi tədqiqatın uğurlu və obyektiv olmasını təmin edən əsas şərtdir.