2).Şəxsiyyətin inkişafında irsiyyətin rolu İrsiyyət dedikdə,müəyyən keyfiyyət və xüsusiyyətlərin valideynlərdən övladlara irsən keçməsi nəzərdə tutulur.Valideynlərdən uşaqlara həm fiziki əlamətlər (saçin,dərinin rəngi,səs tonu,zahiri bənzəyiş,bədən quruluşu və s.), həm də fizioloji əlamətlər ( ali sinir sisteminin xüsusiyyətləri,sinir hüceyrələrinin sayı,patoloji qüsurlar, qan xəstəlikləri,şəkər xəstəliyi və s.) keçə bilər. Övladların zahiri əlamətlərinə, hətta, bəzən səsinə, yerişinə, davranışına görə valideynlərinə oxşaması əsrlər boyu filosofları, psixoloq və pedaqoqları düşündürmüşdür. Nəticədə insanın bir şəxsiyyət kimi formalaşması, onun aciz bir bioloji varlıqdan qüvvətli, ağıllı sosial bir varlığa çevrilməsi prosesinə təsir edən amillər haqqında müxtəlif fikirlər meydana gəlmişdir. Bu amillər içərisində əsrlər, min illər boyu üstünlük irsiyyətə verilmiş və belə bir fikir irəli sürülmüşdür ki, valideynlərdə müsbət və mənfi nə varsa, genlər vasitəsilə övladlara keçir. İrsiyyət nəzəriyyəsi müxtəlif şəkildə (qismət, bəxt, tale və.s) fəaliyyət göstərərək belə bir fikri əsas tuturdu ki, hakim sinfə mənsub adamların övladları özlərinə oxşamalı, hakim də olmalıdır. Adi zəhmət adamlarının uşaqları isə öz valideynləri kimi işləməli, ağalarının qulluğunda durmalıdırlar. (Ot kökü üstündə bitər), (Quyuya su tökməklə sulu olmaz, su gərək onun özündə olsun), (Nə əkərsən, onu biçərsən) və s. kimi atalar sözləri həmin nəzəriyyənin məhsuludur. Taxt və tacın, mülk və dövlətin bir qrup ağalar nəslinin əlində olması üçün hakimiyyət və rütbənin övlada irsən keçməsini nəzəri cəhətdən əsaslandırmaq həmin təlimin özülünü təşkil edir. Yüz illər, min illər yaşayan sülalələrin, nəsillərin hökmranlığının nəzəri əsasını həmin nəzəriyyə təşkil etmiş, belə bir hakimiyyətə haqq qazandırmaqla kifayətlənməyərək onu müdafiə etmişdir.
İrsiyyət nəzəriyyəsinin hakim olduğu dövrlərdə zəka sahibləri həmin nəzəriyyəni qəbul etməklə yanaşı, tərbiyəyə də böyük əhəmiyyət verirdilər. Məs. quldar hakimiyyətinin böyük ideoloqu, qulları danışan alət hesab edən Platon deyirdi:”İnsanı həqiqətən tərbiyə etsək,o, ən sakit və ilahi məxluq olar, əgər onu tərbiyə etməsələr və ya yanlış tərbiyə versələr, onda o, kürreyi-ərzdə olan heyvanların ən vəhşisi olar”. Nizami Gəncəvi isə belə deyirdi:
Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz. Öyrənmək dalınca getmişdir bəşər, Sudan dürr çıxarmış, daşdan da gövhər.
Elmin, təhsilin, tərbiyənin böyük gücünə inanan və onu təbliğ edən Nizami Gəncəvi bəzən irsiyyətin mütləq təsirini inkişafın əsas amili kimi götürürdü. Nizami zatı pis olana etibar edib iş tapşırmağı qurdu bəsləməyə, əhilləşdirməyə bənzədir. Qurd isə elə heyvandır ki, öz vəhşi təbiətini heç vaxt dəyişdirə bilməz. Marağalı Əvhədi kamil insan yetişdirilməsində irsiyyəti əsas amil hesab etmişdir. Onun fikrincə, valideynlər əxlaq normalarına əməl etməyən adamlardırsa, onlardan törəyənlər də cəmiyyəti korlayan olacaqlar. O, bəzən də əxlaqca pis valideynlərdən yaranmış övladın tərbiyə edilməklə də yaxşı ola biləcəyi fikrinə tərəfdar çıxırdı. Təhsil, elm şəxsi tərbiyələndirmədir, əgər onun “mayası saf deyilsə” o, təhsilli, elmli ola bilər, lakin tərbiyəli ola bilməz. Əvhədi “zatən” naxələf adamlara təhsil veməyin tərəfdarı deyildir, çünki, təhsil almaqla onlar ziyankar işlərini daha ustalıqla görərlər. Təhsili elə kəslərə vermək lazımdır ki,“zatı” təmiz, əxlaqı irsən safdır. Belələri yoxsul olsalar da, inkişaf edib ən faydalı şəxsiyyət ola bilərlər.Şərqin dahi şairi Sədi Şirazi uşağın formalaşmasında irsiyyəti qəbul etsə də, o da zəhməti, tərbiyəni yüksək qiymətləndirirdi. Beləliklə, cəmiyyət inkişaf etdikcə irsiyyət, fitri qabiliyyətlər nəzəriyyəsi ilə yanaşı tərbiyəvi təsir nəzəriyyəsinə üstünlük verənlərin sayı artırdı. XVII əsrdə yaşamış dahi çex pedaqoqu Y.A.Komenski uşaqların şəxsiyyətinin inkişafına təsir edən amillər barədə maraqlı, demokratik və humanist fikirlər irəli sürmüş, məktəbi insanlıq emalatxanası hesab etmiş, adam olmaq üçün insanın təhsil almasını zəruri saymışdır.