Təyin budaq cümləsi Təyin budaq cümləsi baş cümlənin isimlə, substantivləşmiş sözlərlə ifadə olunan hər hansı bir üzvünü izah edir, necə?, nə cür?, hansı? suallarından birinə cavab olur. Baş cümlədə ya təyin buraxılır, budaq cümlə onu əvəz edir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunmuş təyini aydınlaşdırır. Məsələn,
1)Adam var, çörək tapmaz dünyada, Adam var,yağ yeyər,bal bəyənməz (A.Tufarqanlı). 2) Elə gözəl var bunların içində, Ələ düşməz hərgiz Çinü Maçində (M.V.Vaqif).
Təyin budaq cümləsi baş cümlənin mübtədasına aid olur, onu izah edir. Məsələn, 1) Bu, həmən Fəxrəddindir ki, qızın Səadəti altı-yedd il oxudub (N.V.). 2) Bu elə bir peşmançılıqdır ki, çarəsi yoxdur (M.İ.).
Təyin budaq cümləsi baş cümlənin tamamlığına də aid olub, onu izah edir. Məsələn, 1) Kimi bəyənirsən, o adamla da evlən. 2) Mən insan o adama deyərəm ki, ömrü fırtınalar içərisində keçsin.
Təyin budaq cümləsi baş cümlənin zərfliyinə də aid olub, onu izah edir. Məsələn, Onu elə kəndə göndərdilər ki, ancaq atla qalxmaq mümkün idi. Təyin budaq cümləsinin Azərbaycan dilində ən çox 2 tipi fəaliyyət göstərir.
I Budaq cümlə baş cümlədən sonra gəlir və əsasən, ki bağlayıcısı ilə baş cümləyə bağlanır. Baş cümlədə isimlə və substantivləşmiş sözlərlə ifadə olunmuş hər hansı bir üzvdən qabaq çox vaxt işarə əvəzlikləri işlənir və budaq cümlə təyin vəzifəsində işlənən həmin əvəzlikləri aydınlaşdırır və təyin olunan üzvü də izah etmiş olur. Baş cümlədə işarə əvəzliklərinin işlənməsi budaq cümlənin növünü asanlıqla müəyyənləşdirir.
Baş cümlədə təyin kimi “o”işarə əvəzliyi işlənir. Budaq cümlə onun məzmununu açır, nəyə işarə olunduğunu bildirir: 1)Mən o tənidi sevirəm ki,işin xeyrinə olsun. 2) O şəxsiyyətlər tarix səhifəsinddə qalacaq ki, milləti, vətəni üçün faydalı işlər görüblər.
Baş cümlədə təyinin qəlibi vəzifəsində elə,belə işarə əvəzlikləri işlənir. Məs.: Bu torpağa elə oğul lazımdır ki, onun yolunda şəhid olmağı bacarsın.
Elə,beləişarə əvəzlikləri bir sözü ilə də bərabər işlənir. Məs.:1) Hər yerə belə bir xəbər yayılmışdır ki, kim türbəyə ziyarətə getsə, istədiyi arzuya çatıb, bütün qada-baladan uzaq olar (İ.Ş)
Baş cümlədə bir sözü elə,belə işarə əvəzliklərinin sinonimi kimi təklikdə də işlənir və təyinin qəlibi vəzifəsini icra edir: 1)Ay ağalar, bir zamanə gəlibdir, Ala qarğa şux tərlanı bəyənməz.(A.T) 2) Mən bir sönməz duyğuyam ki, ürəkləri gəzərəm.(C.C)
Qeyd: elə,belə işarə əvəzlikləri xəbər, tərzi-hərəkət budaq cümlələrində də baş cümlədə əvəzlik-qəlib kimi işlənir. Həmin budaq cümlələri qarışdırmamaq üçün aşağıdakılara fikir vermək lazımdır: