Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə2/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   189
2019-04-25 12-07-55

Qrammatika sözü həm dilçilik termini kimi, həm dilin qrammatik quruluşu, həm də ondan bəhs edən elm kimi başa düşülür.
Qrammatika sözlərin dəyişməsi və onların cümlədə birləşməsi qaydalarının məcmusudur. Dilçiliyin bu sahəsi bizə nitqimizi düzgün qurmaq, fikrimizi səlis və aydın ifadə edə bilmək, sözləri cümlədə necə dəyişdirmək və işlətmək, onları bir-biri ilə necə əlaqələndirmək, hansı ardıcıllıqla düzmək və s. qayda-qanunlarını öyrədir.
Azərbaycan dilinin qrammatik quruluşu çox qədimdir. “KDQ”-nin tədqiqi göstərir ki, sözlərin dəyişmə və təsrif sistemi, sintaktik əlaqələr, sadə və mürəkkəb cümlə modelləri 1500 il əvvəlki ümumxalq Azərbaycan dilində tam formalaşmış şəkildə mövcud olmuşdur. Dilimizin qrammatik quruluşunun təşəkkül tarixi qədim olsa da, onun tədqiq və öyrənilmə tarixi o qədər də uzaq deyil. Belə ki, bu sahədə ilk geniş elmi tədqiqat M. Kazım bəyin “Türk-tatar dilinin qrammatikası” (1839-1846) əsəridir. Mirzə Əbülhəsən bəy Vəzirovun (“Uçebnik tatarsko-azerbaydjanskoqo nareçiya”), Xələfi Mirzə Məhəmməd Əfşarın (“Fənni-sərfi-türki”) tədqiqatları Azərbaycan dilinin qrammatikası ilə bağlı ilk elmi işlərdəndir. Azərbaycan dilinin qrammatikasının elmi şəkildə geniş araşdırılması XX əsrin əvvəllərindən başlayır. Sultan Məcid Qənizadənin, N. Nərimanovun qrammatikaya aid kiçik həcmli əsərləri, Mirzə Məhəmməd Axundovun (“Sərfi-türki”), İ.Hikmət, A.Şaiqin (“Türkcə sərfi-nəhv”. 1924), B.Çobanzadə və F.Ağazadənin (“Türk qrammeri”. 1929) elmi araşdırmaları Azərbaycan dilinin qrammatik quruluşunun öyrənilməsində mühüm əhəmiyyətə malik olan əsərlərdəndir.
Dilin qrammatik quruluşu haqqında
Hər hansı bir dilin qrammatikası onun qrammatik quruluşunu öyrənir. Qrammatik quruluş sözlərin dəyişməsi və cümlədə birləşməsi qaydalarının məcmusuna deyilir. Bu qaydalar sözlərin hal, mənsubiyyət, kəmiyyət, zaman, şəxs, şəkil üzrə dəyişmələrini və tabelilik, tabesizlik, uzlaşma, yanaşma, idarə əlaqələri ilə birləşmələrini və s. əhatə edir.
Dilin öz varlığını mühafizə edə bilməsi qrammatik quruluşun xidmətidir. Yalnız qrammatik quruluş dilin mahiyyətini ifadə etməyə qadirdir.Qrammatik quruluş dilin, fikrin əsasıdır. Fikir, nitq ancaq onunla reallaşır. Böyük rus alimi, filosofu M.V. Lomonosov yazırdı: “Bütün elmlərin qrammatikaya böyük ehtiyacı vardır. Qrammatikasız natiqlik kütdür, poeziya pəltəkdir, fəlsəfə əsassızdır, tarix anlaşılmazdır”.
Düzdür, dilin fonetik, leksik vahidləri də böyük əhəmiyyət daşıyır, lakin onlar ayrılıqda hələ dil demək deyil. Bu dil vahidləri dil üçün sadəcə tikinti materiallarıdır.
Əvvəlcə qeyd etmişdik ki, insanlar arasında ünsiyyət vasitəsi olan dilin özü bütöv bir sistemdir. Bu sistemi yaradan, onu bir küll halına gətirən dilin ayrı-ayrı vahidləridir. Hər hansı bir fikir cümlələr vasitəsilə çatdırılır. Cümlələr isə söz və söz birləşmələrindən təşkil edilir. Əgər onlar arasında daxili qanun-qayda, sintaktik əlaqə yoxdursa, adi söz yığınıdır. Təbii ki, bununla da heç bir fikir ifadə edilməz. Məsələn:
1) Qoy, ağrı, keç, ürək.

  1. Azadlıq, mən, dərman, sən, məlhəm, Azərbaycan.

Bunlar yalnız sözlərdir, fikir ifadə etmir. Çünki sözlərin arasında sintaktik əlaqə yoxdur. Bu sözlər dilin qrammatik quruluşunun ixtiyarına keçdikdə qrammatik quruluş onları dilin özünün daxili qanunauyğunluğu əsasında dəyişdirib birləşdirərək dil cildinə salır. Biz həmin qanunauyğunluq əsasında qrammatik şəkilçiləri yerinə qoysaq, cümlə tamamlanacaq.
1) Qoyma ağrı keçə ürəyimizdən...
2) Azadlıqdır mənə dərman, sənə məlhəm, Azərbaycan!
Dilin qrammatik quruluşunun əsas xüsusiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1 – qrammatik quruluş dildə olan bütün prosesləri idarə edir;
2 – qrammatik quruluş tədricən inkişaf edib zənginləşir;
3 – dilin qrammatik quruluşu fikri maddi dil cildinə salır;
4 – qrammatik quruluş səlisləşmə istiqamətində inkişaf edir;
5 – qrammatik quruluş dilin başqa sahələrinə nisbətən daha sabit olur;
6 – qrammatik quruluş dilin milli orijinallığının qorunub saxlanılmasında böyük rola malikdir.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin