Qrammatikanın hissələri. Morfologiya və onun predmeti Qrammatikada dilin qrammatik quruluşu müxtəlif aspektlərdən araşdırılır. Buna görə də qrammatikanın üç əsas şöbəsi formalaşmışdır:
1. Tarixi qrammatika. Tarixi qrammatika dilin qrammatik quruluşunu, onun dəyişmə və birləşmə qayda-qanunlarını, qrammatik kateqoriyaları, onların işləklik dərəcələrini, sözlərin, söz birləşməsi və cümlələrin quruluşunu tarixi-linqvistik aspektdə araşdırır. Tarixi qrammatikanın obyekti qədim yazılı abidələr, folklor ədəbiyyatı və onun xüsusi qolu olan aşıq poeziyası, klassiklərimizin əsərləridir. “Kitabi-Dədə Qorqud” dastanının, “Dastani-Əhməd Hərami” məsnəvisinin, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Qurbani, Xəstə Qasım, Aşıq Abbas Tufarqanlı, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə kimi sənətkarların dil materialları əsasında hər bir qrammatik kateqoriyanın inkişaf tarixi mərhələlər üzrə tədqiq olunur. Dilimizin qrammatik quruluşunun diaxronik aspektdə tədqiq olunmasında Ə. Dəmirçizadə, H. Mirzəzadə, Q. Kazımov, T. Hacıyev, R. Məhərrəmova, Ə. Tanrıverdi kimi alimlərimizin çox böyük əməyi vardır.
Tarixən müxtəlif qrammatik formalar dildə işlək olsa da, zaman keçdikcə arxaikləşmiş və ya şəklini dəyişmişdir. Müqayisəli-tarixi metodun köməyi ilə bu kimi dil faktlarının araşdırılması, tarixi-linqvistik təhlilə cəlb edilməsi məhz tarixi qrammatikanın öhdəsinə düşür. İstər folklor ədəbiyyatında, istər klassik yazılı ədəbiyyatımızda yüzlərcə bu cür dil faktlarına rast gəlmək mümkündür. Bəzi nümunələrə nəzər salaq: Göz açuban gördüyüm, könül verib sevdiyim... (KDQ) Varın siz ol qurdu istəyün, tutun, dutubən ol qurdu alıb gəlin. (“Qisseyi-Yusif”) Abdal oluban bəylik edən arifi gör kim, Bu səltənətin qədrini sultan bilir ancaq. ( İ. Nəsimi) Ənbər əfşan saçını küfrə münasib qılıban, Dürci-yaqutuna mərcan dedilər, gerçəkmiş. (C.Həqiqi) Atıban tutdum səni, Əcəb ovutdum səni. Ömür üzdüm, cəfa çəkdim, Şükür böyütdüm səni. (Bayatı) və s.
Klassik yazılı abidələrin dilində üstün mövqedə işlənən -ğac, -gəc, -caq, -cək, -cəgiz zaman məzmunlu feli bağlama şəkilçiləri də maraq doğurur: Məsələn: Böylə degəc Əzrayılın acığı tutdı. (KDQ). Bən ölicək yoluna gömün bəni... (İ.Həsənoğlu) Ay ilə gün sücud edər surətini göricəgiz, Bu nə camalü hüsn olur səlli-əla cəmalinə (İ. Nəsimi). Düşər hər parəsi bir yerdə kuhi-Bisütun görgəc. ... Bu Xətai şol büti-tərsa camalın görgəcin, Rahibi-deyr oldüvü bağladı zünnar, üştə gör. (Ş.İ.Xətai)Ⅶ Oxu getgəc yürəgimdən dərdim artar sor, nədən, Yüz urar sağalmağa, çün yarədən məhrəm gedər. (M.Hidayətulla Bəy)
Müasir Azərbaycan ədəbi dilində -anda, -əndə feli bağlama şəkilçisinin sinonimi kimi işlənən -cəgiz, -gəcin, -gəc şəkilçi morfemlərinin tarixi inkişaf prosesi məhz tarixi qrammatikanın köməyi ilə araşdırılır.
Müasir Azərbaycan ədəbi dilində xəbərlik kateqoriyasının III şəxsinin morfoloji göstəricisi -dır (-dir, -dur, -dür) morfemidir. Lakin klassik bədii dildə III şəxsin təki paralel olaraq həm -dır, -dir, -dur, -dür, həm də -dürür, -durur şəkilçiləri ilə ifadə olunmuşdur: Bu Həsənoğlu sənin bəndəndürür, Anı rədd etmə, yüzi ağum bənüm! (İ.Həsənoğlu) Şəbi-yeldadurur saçın gecəsi, Surətin bədrinə qəmər dedilər. Tutidürür bu şəkkərin dadını, ləzzətini bilən... . (İ.Nəsimi) Quldurur, bəlkə, sənə aləmdə hər sultan dəxi. (Ş.İ.Xətai). Kimdürür aləmdə ol yari-vəfadarım mənim? (C.Həqiqi) Bildi kim, öz aşiqi-zarıdurur, Həm özünün xəstə bimarıdurur. (Həqiri) Hökm onun hökmüdürür, fərman onun fərmanıdır (M.Füzuli) və s.