2. Cümlədə ifadə olunan fikrin gerçəkliyinə güman, şübhə bildirənlər: bəlkə (də), güman (ki), ehtimal (ki), olsun ki, deyəsən, görünür, görəsən, yəqin ki, olmaya, bilməyə, ola bilsin ki, ola bilər (ki). Məs.:, Anana de, soraqlaşsın, bəlkə, dayından bir xəbər tuta bildi. (İ. Ə.) Yar bizə qonaq gələcək, Olsun ki, sabah gələcək. (Xalq mahnısı) Görəsən, nə üçün dünya bu qədər qüssəlidir? (İ.Ə.)
3. Cümlədəki fikrə qarşı emosional münasibət (təəssüf) bildirənlər: təəssüf (ki), heyif ki, hayıf (ki) və s. Məs.: Təəssüf ki, mən sizə kömək edə bilmədim. Bəzəyi, libası, hayıf ki, yoxdur. (M.P.V.) Əfsus, qocaldım, ağacım düşdü əlimdən, səd heyif, cavanlıq! (M.Ə.S.)
4. Cümlədəki fikrə qarşı özünün və ya başqasının fikrini, mənbə, istinad bildirənlər: məncə, zənnimcə, atalar demişkən, deyilənə görə, rəvayətə görə və s. Məs.: Deyilənə görə, bir gəlin körpəsinin ağlamasına məhəl qoymadan paltar yuyurmuş. (Az. əfsanələri) Rəvayətə görə, Mədinə kəndində Abdul adında bir çoban varmış. (Az. əfsanələri) Məncə, Rasim müəllim yasəmən ağacını kimin kəsdiyini bilir.
5. Nəticə və sıra bildirənlər: birincisi, ikincisi, əvvəla, demək (ki), deməli, ümumiyyətlə, beləliklə (də), bir sözlə, qərəz, əlqərəz, xülasə, müxtəsər, nəhayət, nəhayət ki, qısası, nə başınızı ağrıdım və s. Məs.: Beləliklə, ögey ana mənə dünyanın ən qəddar məxluqu kimi göründü. (İ. Ə.) Demək, bu ana div insan cildinə girmişdi. (İ. Ə.) Qərəz, nə başınızı ağrıdım, İranda türkmənlərin tapıb gətirdikləri kürdlərə silahların hamısını qızıl pula satdıq. (İ. Ə.) Beləliklə, həmin qayanın yanından gəlini geri qaytarırlar. (Az. əfsanələri) Çaylar dözə bilmir, məcrasını dəyişib yazıq qızın göz yaşlarına qovuşur, nəhayət, burada duzlu bir göl əmələ gəlir. (Az. əfsanələri) Deməli, qağa, möhkəm atışmısınız. (İ. Ə.) Qərəz, Arazı keçib çıxdılar o taya. Xülasə, ata-anası ilə sağollaşıb yola düşdülər. (İ.Ə.)
6. Bənzətmə və müqayisə bildirənlər: sanki, guya (ki), elə bil (ki). Məs.: Özü də sanki mənim kədərim qara bir bulud kimi bütün dünyanın üzərinə çöküb hər şeyi pərişan eləmişdi. (İ. Ə.) Elə bil ki, hansı vaxtdasa içində yatdığım bu alaçıqda yatmışam. (İ.Ə.) Elə bil ki, üzlərinə baxdığım, söhbətlərinə qulaq asdığım adamlar məni görmürdülər (İ.Ə.).
Modal sözlərin bu bölgüsü, əlbəttə ki, şərtidir. Çünki dilimizdə həmin bölgülərə daxil olmayan modal sözlər də çoxluq təşkil edir.
Modal sözlərin cümlədə yeri sərbəstdir. Modal sözlər cümlənin əvvəlində gələrsə, ondan sonra, ortada gələrsə, hər iki tərəfdən, axırda gələrsə, ondan əvvəl vergül qoyulur.
Modal sözlər quruluşca əsasən söz, söz birləşməsi, az hallarda cümlə şəklində olur.
Köməkçi nitq hissələrinin dildə çox mühüm əhəmiyyəti var. Əvvəlki mövzularda da bunlar qeyd edilib. Köməkçi nitq hissələrinin dildəki əhəmiyyətini qısa şəkildə bu cür yekunlaşdıra bilərik:
1. Qoşmalar idarə əlaqəsində mühüm rol oynayır, yəni idarə edən tərəf kimi çıxış edir: dağlara sarı (tərəf, doğru, kimi, qədər, dək və s.); sənin kimi (tək, öçün, qədər, ilə); səndən əvvəl (sonra, qabaq, başqa, özgə, qeyri,ötrü və s.).
2. Qrammatik şəkilçilərin ifadə edə bilmədiyi formal və semantik əlaqələr qoşmalar vasitəsilə həyata keçirilir: insan kimi yaşamaq, günəş tək çıxanda, həyat qədər şirin və s.
3. Qoşmalar xüsusiləşmələrin yaranmasında mühüm əhəmiyyət daşıyır.
Sintaktik vahidlərin qurulmasında bağlayıcıların da xüsusi rolu var. Sintaktik vahidlərin bərabərhüquqluluq və asılılıq prinsipləri əsasında qurulmasında bağlayıcılar mühüm rol oynayır. Tabesizlik bağlayıcıları həmcins cümlə üzvləri, tabesiz mürəkkəb cümlənin komponentləri arasında, tabelilik bağlayıcıları isə tabeli mürəkkəb cümlədə baş və budaq cümlələr arasında əlaqə yaradır. Məs.: Atlar, öküzlər kotana güc vurur, Gah yeriyir, gah yıxılır, gah durur. (M.Ə.S.) Fəqət nə Cəlal var, nə Humay, Nə ömrə acıyır, nə yaşa dünya. (S.V.)El bilir ki, sən mənimsən (S.V.)
Dostları ilə paylaş: |