Təqlidi sözlər Dilimizdə bir sıra söz qrupları vardır ki, onlar canlı və cansız varlıqların təqlid yolu ilə çıxardığı səsləri bildirir. Bu cür sözlər insanların, heyvanların çıxardığı səsləri və təbiət hadisələri ilə bağlı olaraq eşidilən səsləri təqlid etmək, yamsılamaq yolu ilə əmələ gəlmişdir.
Obyektiv aləmdəki canlı və cansız varlıqların, əşya və hadisələrin səslərini eşitmə, görmə ilə təqlid edilməsindən əmələ gələn sözlərə təqlidi sözlər deyilir. Dilçilikdə təqlidi sözlər müxtəlif terminlərlə adlandırılmışdır: səs təqlidi sözlər, mimemlər, təqlidi sözlər, obrazlı sözlər, təsviri sözlər, yamsılamalar, mimeoqrafik sözlər.
Təqlidi sözlər semantik cəhətdən müxtəlifdir. Dilimizdə həm səs yamsılamaları (təbiət səslərinin, insanların qeyri-iradi çıxardıqları səslər: tıq, çaq, şır, pır, şır-şır), həm də görünüş yamsılamaları (görmə təsəvvürü ilə bağlı olan: bıldır-bıldır, par-par, işım-işım, puçur-puçur) olduqca aktivdir.
Təqlidi sözlərdən dilimizdə geniş şəkildə istifadə olunur. Söz yaradıcılığında yamsılamalar aktiv mövqedə dayanır. ”Kitabi-Dədə Qorqud” dastanında, klassik ədəbiyyatımızın və folklorumuzun dilində də təqlidi sözlərə tez-tez rast gəlinir.Təqlidi sözlər danışıq üslubunda xüsusilə çox tez-tez rast gəlinən dil faktlarıdır. Həmçinin bədii üslubda təqlidi sözlərdən poetik siqlət yaradan vasitə kimi istifadə edilir. Məs.: Onlar bıldır-bıldır gözlərinin yaşı axar, Sən onların yanına varğıl. (KDQ) Şahın əmrilə qudurdu polislər, Qalın və yüksək divarlardan aşaraq, Şaraq... Şaraq! (S.V.) İldırımlar şaqqıldayır şaraq, şaraq, Navalçalar şırıldayır şırıl-şırıl, Quşlar uçur yuvalarda pırıl-pırıl. (M. M.) Taxçadan düşdü, tapp elədi, Gülsənəm onu happ elədi. (tapm.) Ovun alsan mırıldar, Sığallasan, xoruldar. (tapmaca)
M.Ə.Sabirin satiralarında yamsılamalar kinayə, sarkazm yaradan poetik kateqoriyalardandır. Məs.:
Lovğalanıb, a görməmiş, çox da belə fırıldama, Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama...