2) Zaman budaq cümləsi. Zaman budaq cümləsi baş cümlədə- ki hərəkət və hökmün icrasının zamanını bildirir, zaman zərfliyinin suallarına cavab verir. Müasir Azərbaycan dilində zaman budaq cümləsinin 2 tipi vardır:
a) Zaman budaq cümləsi baş cümlədən əvvəl gəlir və bağlayıcı sözlərlə baş cümləyə bağlanır. Dilimizdə daha çox işlənən belə zaman budaq cümləsi elə ki, onda ki, o gun ki, nə zaman ki, o zaman ki, nə vaxt ki, o vaxt ki, nə qədər ki baglayıcı sözləri ilə baş cümləyə bağlanır və baş cümlədə də həmçinin sözlərə müvafiq olaraq qarşılıq söz – əvəzlik işlənir. Məsələn, 1) Onda ki övladı – vətən xam idi, Ax, necə kef çəkməli əyyam idi (M.Ə.S). 2) Elə ki gün dağın dalından boylandı, onda karvan yola düşəcək.
Zaman budaq cümləsinin bu tipi baş cümləyə ki bağlayıcısı ilə də bağlanır. Ki bağlayıcı komponentlərin arasında da işlənə bilər, budaq cümlənin daxilində də. Budaq cümlədə yenicə, indicə, təzəcə tipli zaman zərfləri işlənir, bu da baş cümlədəki işlə budaq cümlədə- ki işi zamanca bir-birinə yaxınlaşdırır. Zaman budaq cümləsinin bu növü baş cümləyə yalnız intonasiya ilə də bağlana bilir.Məsələn, 1) Səlimə yenicə ev-eşiyi yığışdırmışdı ki, qapı döyüldü. 2) Qırat Koroğlunun ki səsini eşitdi, sevindiyindən şahə qalxdı. 3) İki il keçməmişdi, anası öldü.
Zaman budaq cümləsinin bu tipi baş cümləyə mı, mi, mu, mü sual ədatı, bağlayıcı sözlərlə bərabər -sa, -sə şəkilçisi ilə bağlanır, bununla da zaman budaq cümləsinin sintetik, sintetik-analitik tipi formalaşır. Məsələn, 1) Bakıda haçan xəzri olsa, onda qışdır (M.Süleymanov). 2) Birinin ayağı dolaşdımı, bütün ətrafa dedi-qodu yayılır.
b) Zaman budaq cümləsinin 2-ci tipində baş cümlə budaq cüm-lədən əvvəl gəlir. Baş cümlədə zaman zərfliyi vəzifəsini icra edən əvəzlik qəlib işlənir, budaq cümlə onu aydınlaşdırır. Məsələn, 1)Əs- gər o vaxt dağı dağ üstə qoyar ki, onun üst-başı səliqəli, qayışının altı möhkəm olsun, ev-eşiyindən də nigaran qalmasın (H. A). 2)Koroğlu o zaman yetişdi ki, Həmzə Qıratı minmişdi.
Zaman budaq cümlələrini sadələşdirəndə -anda2 şəkilçisi ilə formalaşan feli bağlama tərkiblərinə çevrilir. Feli bağlama tərkibləri də həmişə zaman zərfliyi vəzifəsini icra edir.