Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Mən o səbəbə kəndə getdim ki, qardaşımın toyunda iştirak edim



Yüklə 319,77 Kb.
səhifə184/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   181   182   183   184   185   186   187   188   189
2019-04-25 12-07-55

Mən o səbəbə kəndə getdim ki, qardaşımın toyunda iştirak edim (Məqsəd). Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlələrdə vəziyyət bunun əksinədir. Baş cümlədə görülən iş, hal və hərəkət budaq cümlədə nəzərdə tutulan məqsədə çatmaq üçün edilir. Ona görə də məqsəd budaq cümləsində səbəb budaq cümləsindən fərqli olaraq budaq cümlədəki iş, hadisə baş cümlədəki işdən sonra baş verir.Qardaşımın toyunda iştirak etmək üçün kəndə getdim. Kəndə getmişəm, lakin hələ iştirak etməmişəm. Deməli, baş cümlədəki iş budaq cümlədəki işdən əvvələ, budaq cümlədəki iş isə baş cümlədəki işdən sonraya aiddir.
2. Baxmayaraq ki, hər iki budaq cümlələrin suallarında eynilik var, lakin səbəb budaq cümləsinə nə səbəbə?, məqsəd budaq cümləsinə isə nə məqsədlə? sualını vermək daha münasdibdir.
3. Budaq cümlələri sadələşdirdikdə səbəb budaq cümləsi səbəb zərfliyinə, məqsəd budaq cümləsi məqsəd zərfliyinə çevrilir.
4. Səbəb budaq cümləsi feli sifət tərkibi+qoşma, məqsəd budaq cümləsi isə məsdər tərkibi+qoşma ilə sadələşir.
5. Səbəb budaq cümləsinin xəbəri felin xəbər şəklinin indiki və keçmiş zamanı ilə (həmçinin ismi xəbərlə), məqsəd budaq cümləsinin xəbərləri isə felin əmr və arzu formaları ilə (ismi xəbərli də ola bilər) ifadə olunur.
Nəticə budaq cümləsi. Nəticə budaq cümləsi baş cümlədən doğan nəticəni bildirir. Əgər səbəb budaq cümləli tabeli mürəkkəb cümlələrdə budaq cümlə səbəbi, baş cümlə nəticə bildirirsə, nəticə budaq cümləsində baş cümlə səbəbi, hökmü, budaq cümlə isə nəticəni bildirir. Məsələr, Məgər mən ölmüşəm ki, yarım qız alsın? Bir tikə çörək nədir ki, sən bir mücrü cəvahirdən keçdin (F.Kərimzadə). Mənim suçum nə oldu ki, qara otağa qondurdu? (KDQ). Pərvərdigara, biz nə günah eləmişik ki, ac qalırdıq, susuz qalırdıq? (Ə.Haqverdiyev). Qanı həqqi bilən bir gerçək ər kim, Ola doğru anın dilində gövtar? (İ.Nəsimi). Pulu döşəyin altına niyə qoyursan ki, ərin də tapıb qumara qoysun? Kimi gördün ki, rəngin saraldı? Bu nə cür məhəbbətdir ki, səni yaşamaqdan belə bezdirir.
Bu nümunələrin hamısında budaq cümlə baş cümlədən sonra işlənmiş və ona ki bağlayıcısı ilə bağlanmışdır. Əvvəlki budaq cümlələrdən fərqli olaraq, sadə cümlədə ikinci dərəcəli üzv qarşılığı olmadığı üçün nəticə budaq cümləsinin baş cümlədə yerliyi, qəlibi olmur və budaq cümlə heç bir suala cavab vermir. Budaq cümlənin nəticə budaq cümləsi olduğunu müəyyənləşdirmək üçün baş və budaq cümlənin mənasına diqqət yetirmək lazımdır. Verilmiş nümunələrdə budaq cümlələrin baş cümlədəki iş, hərəkət, hökm və səbəblə bağlı müəyyən nəticə bildirdiyini müşahidə etmək çətin deyildir. Bunu yoxlamaq üçün onun (budaq cümlənin) əvvəlində nəticədə, bunun nəticəsində sözlərini artırmaq olar. Mənim suçum nə oldu ki, nəticədə (bunun nəticəsində) qara otağa qondurdu? Bu cür cümlələri sadələşdirdikdə digər budaq cümlələrdən fərqli olaraq əksinə əməliyyat aparmaq lazım gəlir: budaq cümləni xəbər zonası üçün saxlayıb, baş cümləni səbəb zərfliyi şəklində budaq cümlədə yerinə qoymalıyıq: Mənim hansı suçuma görə qara otağa qondurdu? Baş və budaq cümlələrin əlaqəsində baş cümlədəki sual əvəzliyinin və ədatların rolu böyükdür.
Nəticə budaq cümləsi əvvəlki budaq cümlələrdən ilk növbədə onunla fərqlənir ki, bu budaq cümlənin cümlə üzvü qarşılığı yoxdur. Bu hal onunla əlaqədardır ki, sadə cümlədə nəticə mənası adətən cümlənin xəbəri vasitəsilə ifadə olunur. Qorxusundan əlləri titrəyir, dizləri qatlanırdı. Qorxusundan (qorxduğu üçün) səbəbi, əlləri əsir, dizləri qatlanırdı nəticəni bildirir; səbəb bildirən söz səbəb zərfliyidir, lakin nəticə bildirən sözlər nəticə zərfliyi yox, xəbərdir.
Nəticə budaq cümləsinin yalnız bir tipi vardır. Həmişə baş cümlə əvvəl, budaq cümlə sonra gəlir. Nəticə budaq cümləsinin ən rahat dərk olunan növü baş cümləyə ona görə də, buna görə də, onun üçün (də), bunun üçün (də) bağlayıcıları ilə bağlanan növüdür. Bu bağlayıcılar budaq cümlənin əvvəlində budaq cümlə ilə birgə tələffüz olunmaqla nəticə məzmunu ifadə edir, müəyyənləşdirdiyi cümlənin məzmunundan doğan nəticəni bildirir. Lakin zəif əlaqə yaradır.
Nəticə budaq cümləsi baş cümləyə belə ki bağlayıcısı ilə bağlanır, bəzən də baş cümlənin daxilində elə, elə bir, bir, o qədər sözləri işlənir. Gərək Kirman əhlinə bir divan tutasan ki, cəmi İran titrəsin (Ə.Haqverdiyev). Elə bir iş tut ki, öləndə atana rəhmət oxusunlar.
Nəticə budaq cümləsi tərzi hərəkət, dərəcə, zaman budaq cümlələrinə çox yaxındır, lakin onlarda olan nəticə əlavə, II dərəcəli mənadir, nəticə budaq cümlələrində əsas məna nəticədir. Məsələn,
1) O, qoltuq ağacını şüşəbəndə elə çırpdı ki, şüşələr cilik-cilik olmusdu (t/hərəkət). 2) Yer o qədər qızmışdı ki, ayaq basmaq olmurdu (dərəcə). 3) Elə ki Rüstəm kişi ayağa durdu, zalda dərin bir sükut yarandı (zaman). 4) Elə şeylər uyduracaq ki, qulaq asanın da yazığı gələcək (nəticə, təyinlikdə var).

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin