İsimlərdə hal kateqoriyası Hal kateqoriyasının mahiyyəti və tarixi haqqında qısa məlumat Ümumi qrammatik kateqoriyalardan biri də hal kateqoriyasıdır. Hal kateqoriyası söz birləşmələrində və ya cümlədə adların başqa sözlərə olan müxtəlif münasibətini ifadə edir. Bu müxtəliflik isimlərin cümlədə ayrı-ayrı vəzifə daşımasından yaranır. Belə ki, müxtəlif vəzifələri daşımaq üçün isim cümlədə digər nitq hissələri ilə, xüsusən feillərlə sintaktik əlaqəyə girməlidir. Yəni felin və başqa sözlərin tələbinə görə cümlənin obyekti olmaq üçün isimlər öz formalarını, şəkillərini dəyişməli olur. Məsələn,
1) Ləman məktubu rəfiqəsinə yazdı.
2) Biz sahildən gəlirik.
3) Pəncərənin şüşəsi qırılmışdı.
Cümlələrdəki isimlərin hansı sözün tələbinə görə dəyişdiyini izləyək:
Ləman yazdı ----- nəyi? (məktubu)
Ləman yazdı ------- kimə? ( rəfiqəsinə)
Biz gəlirik ----------- haradan? (sahildən)
Pəncərənin -------------- nəyin? (şüşəsi)
Məlum olur ki, 1-ci cümlədə yazdıfelinin tələbinə görə məktubu təsirlik, rəfiqəsinə yönlük; 2-ci cümlədə gəlirik felinin tələbinə görə sahildən çıxışlıq, 3-cü cümlədə şüşəsi sözünün (isim) tələbinə görə pəncərənin yiyəlik halda işlənib. Deməli, isimlərin öz formasını dəyişməsi cümlədə əlaqəyə girdiyi sözün tələbi ilə baş verir. Hər hansı hal dəyişməsinin məcmuyu hallanma adlanır. Qrammatik kateqoriya olmaq etibarilə hal kateqoriyası morfoloji yolla (şəkilçilərlə) ifadə olunur. Həmin şəkilçilər vasitəsilə ismin müxtəlif cümlə üzvü olması, müxtəlif cümlə üzvləri ilə əlaqəsi müəyyənləşir. Ümumiyyətlə, hallanma qrammatikanın həm morfologiya şöbəsinə, həm də sintaksisə aid olan məsələlərindəndir. Morfologiya bəhsində ismin hal şəkilçilərindən və növlərindən, hallanma sistemindən bəhs olunursa, sintaksisdə həmin şəkilçilər vasitəsilə ismin müxtəlif cümlə üzvü olması, müxtəlif məzmunlar ifadə etməsi üçün başqa sözlərlə əlaqə yaratmasından söhbət açılır. Buna görə də ismin hal kateqoriyasından bəhs edilərkən onların morfoloji xüsusiyyətləri ilə bərabər, bəzi sintaktik funksiyalarını da açıqlamaq lazım gəlir. Bu da özü-özlüyündə labüd olan daxili əlaqəni yaratmış olur. Yəni morfologiya ilə sintaksisin çox möhkəm daxili bağlılığı vardır.
Hal kateqoriyası isim, sifət, say, əvəzlik, feli sifət və məsdərləri əhatə edir. İsim, əvəzlik və məsdərdən başqa, qalan nitq hissələri substantivləşdikləri zaman hallar üzrə dəyişir.
1924-cü ildə yazılmış “Türkcə sərf-nəhv” kitabında ismin hallarına ad verilməmiş, ancaq şəkilçilərdən danışılmışdır. Şəkilçilərlə isimlərin dəyişməsinin, yəni hallanmasının sayı səkkizə çatdırılmışdır.
1934-cü ildə ilk dəfə dilçilik ədəbiyyatında hal adları müəyyənləşdirilmiş və yeddi hal qəbul edilmişdir.
1939-cu ildə qrammatika kitablarında yiyəlik və birgəlik halları atılmış, 1944-cü ildə isə yiyəlik hal yenidən qəbul edilmişdir.
Həmin dövrdə ismin birgəlik halı adı altında ilə (-la,-lə) qoşması ilə işlənən hal nəzərdə tutulurdu. Bu halın qrammatika kitablarında verilməsinin bir sıra səbəbləri var idi. Hər şeydən əvvəl, həmin qoşmanın samitlə bitən isimlərdə şəkilçi kimi sözə bitişik yazılmasına əsaslanmaqdan irəli gəlmişdi. Digər səbəb isə ilə (-la,-lə) qoşması ilə işlənən sözlərin cümlə daxilində tamamlıq vəzifəsini icra etməsinə əsaslanmaqdan ibarət idi.