Qrammatik hallar Müasir Azərbaycan ədəbi dilində ismin halları iki qrupa bölünür: Qrammatik hallar: bura adlıq, yiyəlik, təsirlik halları daxildir.
Məkani-qrammatik hallar: bura yönlük, yerlik, çıxışlıq halları daxildir.
Adlıq hal.Bu halın adından məlumdur ki, o, şəxs, əşya, hadisə və məfhumların adını bildirir. Bunlardan əlavə, mücərrədlik, ümumilik, qeyri-müəyyənlik də bildirir. Məsələn, “ Kitab bilik mənbəyidir ”. Bu cümlədə adlıq halda işlənmiş kitab sözündə ümumiliklə yanaşı, qeyri-müəyyənlik də özünü göstərir. Lakin bu qeyri-müəyyənlik təsirlik halın qeyri-müəyyənlik forması ilə eyni deyildir. Əgər burada haqqında danışılan əşyadan söhbət gedirsə, qeyri-müəyyən təsirlik halda üzərində iş icra edilən obyektdən danışılır. Məsələn, Mən kitab aldım.
Adlıq halın özünəməxsus şəkilçisi yoxdur. İsimlər adlıq halda kim?, nə?, bəzən də hara? suallarına cavab verir. Adlıq halda olan isimlər əksər nitq hissələri ilə əlaqələnir, yəni həm feli, həm də ismi xəbərli cümlələrdə xəbərlə əlaqədə olur. Cümlədə sintaktik vəzifəsi, əsasən, mübtədadır. Bundan əlavə, təyin və ismi xəbər vəzifəsini də icra edir. Mübtəda olarkən tabeedici, təyin və xəbər vəzifəsində isə tabe söz kimi çıxış edir. Adlıq halda olan söz cümlədə mübtəda olarsa, xəbər ondan asılı olur və aralarındakı əlaqə uzlaşmadır. Təyin vəzifəsini icra edəndə yanaşma əlaqəsi ilə özündən sonrakı sözə bağlı olur, yəni ondan asılıdır. Bu zaman isim atributivləşir. Nümunələrə nəzər yetirək:
Mübtəda vəzifəsində: Yaxşılığı əzəldən adət etsən özünə, Yaxşılığın hər yerdə qapı açar üzünə. (N.Gəncəvi) Kişilər meşələri, çölləri qarış-qarış gəzdilər ki, bəlkə, babamdan bir əsər-əlamət tapıla. (İ.Ə.) Mən istəyirdim ki, anam belə qüssəli şeylər oxumasın. (İ.Ə.) Qonşu ilə dava etmə, qonaq gedər, qonşu qalar.(Aforizm) Sizin səhvlərinizi göstərən düşmən onları gizlədən dostdan daha üstündür. (L. Da Vinçi)