Büllur buxaq, lalə qabaq, ay yanaq, Şahmar zülfü pərişanlar dolanır.
(A.Ələsgər) Bu birləşmələrin arasına bənzətmə qoşmalarını da əlavə etmək olar – daş kimi ürək, xan kimi çinar (əzəmətli duruş nəzərdə tutulur), alma kimi yanaq, bal kimi dodaq, sədəf kimi diş, büllur kimi buxaq, lalə kimi qabaq, ay kimi yanaq və s.
Bu sözlər morfologiyada isim, sintaksisdə isə cümlə üzvü kimi təyin olur.
Atributiv isimlərlə sifətin sualının eyni (hansı?) olması bəzən onlar arasında dolaşıqlıq yaradan amilə çevrilir. Onları fərqləndirmək üçün aşağıdakıları nəzərə almaq lazımdır:
1. Atributiv isimlərə (əsasən isimlərin maddi əsasını, nədən hazırlandığını bildirəndə) ismin çıxışlıq halının şəkilçisini artırmaq olar. Məsələn, daşdan bina, qızıldan üzük, dəmirdən qapı və s. Lakin gözəl qız, yaxşı insan birləşmələrində gözəl və yaxşı sifətlərinə çıxışlıq hal şəkilçilərini artırmaq olmaz .
2. Atributiv isimlərdən əvvəl ən, lap, daha, çox ədatlarını artırmaq mümkün deyildir. Lakin gözəl qız, yaxşı insan birləşmələrində həmin ədatları sifətlərin əvvəlinə artırmaq mümkündür. Məsələn, ən gözəl qız, daha gözəl qız, çox gözəl qız və yaxud ən yaxşı insan, daha yaxşı insan, çox yaxşı insan. 3. Atributiv isimlər xəbər vəzifəsində işləndikdə isim, sifətlər isə sifət məzmununu qoruyub saxlayır. Məsələn: Bu, qızıldır. Qız gözəldir.
Morfoloji sualla sintaktik sualların eyniləşdirilməsi də bəzi çətinliklər yaradır. Bu, onunla bağlıdır ki, morfoloji kateqoriya ilə sintaktik kateqoriya, nitq hissəsi ilə cümlə üzvü dolaşıq salınır. Yadda saxlamaq lazımdır ki, morfoloji sual nitq hissələrinə ayrılıqda, təklikdə verilən sualdır. Sintaktik sual isə cümlə üzvünə verilir. Bu cümlə üzvü birləşmə şəklində də ola bilər, tərkib şəklində də və ya nitq hissəsi ilə də ifadə oluna bilər. Bəzən sintaktik sualla morfoloji sual eyni olur, bəzən də ayrı. Məsələn, “Zərif yun köynəyinin üstündən belinə qızıl Qafqaz kəməri bağlamışdı. Beli o qədər incə idi ki, elə bil, heç çörək-zad yemirdi” (İ.Əfəndiyev). Bu cümlədə zərif, yun, qızıl və incə sözləri necə? (nə cür?, hansı?) sualına cavab verir. Lakin onlardan ikisi (zərif və incə) sifət, ikisi (yun və qızıl) sözləri isimdir. Necə?, nə cür? hansı? sualları sifətin əlamət və keyfiyyət bildirməsi ilə bağlıdır və əsas sualıdır. Həm morfoloji, həm də sintaktik sualı eynidir. Ancaq yun və qızıl sözləri əşya anlayışını bildirir, təklikdə nə? sualına cavab verir. Verilmiş cümlədə yun “köynək” məfhumunun maddi əsasını, qızıl isə “kəmər” sözünün maddi əsasını, nədən hazırlandığını bildirir, atributivləşərək necə? sualını tələb edir. Demək, necə? sualı həmin sözlərin sintaktik sualıdır, çünki cümlədə adlıq halda olaraq başqa bir ismin əvvəlində gəlib təyin vəzifəsini icra edir. “ Qızıl qiymətlidir. Yun insanı isidir “ cümlələrində qızıl və yun sözlərinin morfoloji sualı ilə sintaktik sualı eynidir. Nə qiymətlidir? Qızıl. Nə isidir? Yun. Hər ikisi mübtədadır.
Bu dolaşıqlıq bəzən substantivləşmə hadisəsində də özünü göstərir.
Adlıq halda olan isimlər qoşmalarla da işlənə bilir və onlarla birlikdə bir cümlə üzvü olur. Xüsusən müqayisə, bənzətmə semantikasına malik olan kimi, tək, qədər qoşmaları qoşulduğu adlıq hallı isimlərlə feli xəbər arasında əlaqələndirici vasitəyə çevrilir və tərz məzmunu yaradaraq cümlənin tərzi-hərəkət zərfliyi vəzifəsini icra edir. Məsələn: Çağlamaq istəyirəm dağda şəlalə kimi, Səpilmək istəyirəm çöllərə lalə kimi. (B.Vahabzadə ) Dünən mənə öz əlində, Gül gətirən bir gəlin də Heykəl kimi dayandı lal. (S.Vurğun) Üzünü döndərə bir sərxoş kimi, Sığallana hərdən bir tərlan kimi. (M.P.Vaqif)
Yerdən ayağını quş kimi üzüb,