Yiyəlik hal. Yiyəlik haldakı isim sahiblik və ya aidlik məzmunu bildirir. Sahiblik münasibəti əşya ilə əşya və ya sahib şəxslə əşya arasında olur. Bu halda işlənən isim və ya digər adlar qrupuna aid olan nitq hissələri özündən sonra ona məxsus müəyyən bir obyekt, əşya tələb edir və heç vaxt feillə əlaqəyə girmir. Yeri gəlmişkən, statiklik yiyəlik hal üçün də keçərlidir. Çünki yiyəlik halda hərəkət anlayışı yoxdur. Qeyd etdiyimiz kimi, yiyəlik hal aidlik, sahiblik, yiyə anlayışını bildirir. Belə olduğu halda ona mənsub, aid əşyanın işlənməsi zəruriyyəti yaranır. Feil isə əşya məzmunu bildirmir və bu baxımdan yiyəlik halın feillə əlaqəyə girməsi mümkün deyil. Beləliklə, əşya ilə əşya arasında (adla ad) yaranan əlaqə mənsubiyyət kateqoriyasının da meydana çıxmasına təkan verir.
Yiyəlik halda olan söz subyekti, ondan sonra gələn söz isə obyekti bildirir. Məsələn, Vidadinin evi, Vaqifin qoşmaları (bu birləşmələrdə 1-ci tərəflər subyekti, 2-ci tərəflər isə obyekti bildirir).Yiyəlik hal bəzən sahiblik, aidlik məzmunu yox, bölgü, miqdar anlayışlarını ifadə edir. Məsələn, tələbələrin beşi, qızların üçü, gözəllərin çoxu və s. Ona görə də bu cür birləşmələrdə 1-ci tərəfi çıxışlıq halda da işlətmək olar: tələbələrdən beşi, qızlardan üçü, gözəllərdən çoxu.
Yiyəlik hal kimin?, nəyin?, nə? suallarına cavab verir. Yiyəlik hal, əsasən, birləşmə şəklində cümlənin mürəkkəb bir üzvü olur. Məs.: O dağların başı qarlı, dumanlı... (Miskin Əli); Eşqin atəşidir yanan canımda (Zodlu Abdulla). Əvvəlki cümlədə birinci tərəfi yiyəlik halda olan isim (dağların), ikinci tərəfi III şəxsin mənsubiyyət şəkilçisini qəbul etmiş isim (başı) III növ təyini söz birləşməsi yaradaraq cümlənin mürəkkəb mübtədası vəzifəsində çıxış edir. Ikinci cümlədə eyni qrammatik formaları qəbul edən birləşmə xəbərlik kateqoriyasının əlaməti ilə (ikinci tərəf) birlikdə xəbər vəzifəsini icra edir. Cümlədəki inversiya poetik mərama, yüksək estetik siqlətə xidmət edir.
Müəyyən yiyəlik halda olan söz ayrılıqda ancaq xəbər ola bilər. Bu da o vaxt olar ki, yiyəlik halda olan sözdən sonra mənsubiyyət şəkilçili söz işlənmir. Həmin söz yiyəlik halda olan sözdən qabağa keçir və mübtəda olur. Müqayisə edək:
Bu, Leylanın kitabıdır.
Bu kitabLeylanındır.
Yiyəlik halda olan Leylanın sözü xəbərlik şəkilçisini qəbul etdi və cümlədə xəbər vəzifəsində işləndi.
Azərbaycan dilində yiyəlik hal ifadə etdiyi mənaya görə iki yerə ayrılır: müəyyən və qeyri-müəyyən yiyəlik hallar. Müəyyən yiyəlik halın əsas mənası müəyyənlik, konkretlik anlayışlarını bildirməsidir. Müəyyən yiyəlik halın morfoloji göstəricisi -ın (-in, -un, -ün) şəkilçiləridir. Sonu saitlə bitən isimlərə -n bitişdirici samiti əlavə edilir (su sözünə -y bitişdiricisi əlavə olunur). Özündən sonra tələb etdiyi mənsub əşya ilə birlikdə III növ ismi birləşmə yaradır və cümlənin mürəkkəb üzvü olur.
Qeyri-müəyyən yiyəlik halda olan isim ümumilik, qeyri-müəyyənlik bildirir. Morfoloji göstəricisi yoxdur. Adlıq və təsirlik hallardan fərqli olaraq, qeyri-müəyyən yiyəlik hal heç vaxt feillə əlaqəyə girmir, özündən sonra tələb etdiyi mənsubiyyət şəkilçili sözdən ayrı işlənmir, II növ ismi birləşmə kimi formalaşır və cümlənin mürəkkəb üzvü olur. Məs.: Eşq atəşi (mübtəda) səngimişdi, az qala (Z.Abdulla); Gül əkdim ellər bağında (yer zərfliyi) və s.
İstər II, istərsə də III növ təyini söz birləşmələrinın başlanğıc forması (dağların başı, eşq atəşi, ellər bağı) ismin adlıq halıdır. Mənsubiyyət şəkilçili ikinci tərəf digər hallar üzrə dəyişir, müvafiq qoşmalarla işlənib müxtəlif cümlə üzvü ola bilir. Məs.: Cığır dağların başına kimi (dək, qədər: məkan hüdudu bildirir) uzanırdı; Eşq atəşi kimi (tək, qədər: müqayisə bildirir) insanı heç nə yandıra bilməz. Bu cür ismi birləşmələrin yiyəlik halda olan tərəfini ayırıb qoşma ilə əlaqəndirmək mümkün deyil.
Zəngin dil faktları və qrammatik qaydaları yekunlaşdırsaq, məlum olacaq ki, ismin yiyəlik halı (müəyyən və qeyri-müəyyən) özündən sonra mütləq şəkildə mənsubiyyət şəkilçili söz tələb edir, bununla da həm II və III növ ismi birləşmələrin formalaşması üçün əsas yaradır, həm də mənsubiyyət kateqoriyasının meydana çıxmasında vasitə rolunu oynayır.
Məlum qrammatik qaydalar, elmi-nəzəri tədqiqatlar, zəngin dil materialları ilə əldə olunan məntiqi nəticələr yiyəlik halda olan isimlərin qoşmalarla işlənə bilmədiyi fikrini söyləməyə əsas verir.
Yiyəlik halın şəkilçisi II şəxs mənsubiyyət şəkilçisi ilə omonimdir. Lakin yiyəlik halın şəkilçisi ilə II şəxs mənsubiyyət şəkilçisini fərqləndirmək üçün aşağıdakıları bilmək lazımdır:
1.Yiyəlik halda olan isim cümlədə özündən sonra mütləq başqa bir söz tələb edir. Məsələn, otağın qapısı, Sevdanın köynəyi.
II şəxs mənsubiyyət şəkilçili söz isə təklikdə də işlənir: Sənin kitabın məndədir – Kitabın məndədir.
2. Yiyəlik hala başqa hal şəkilçisi əlavə etmək olmur, mənsubiyyət şəkilçili sözdən sonra isə istənilən hal şəkilçisini əlavə etmək olur. Məs.: Sevdanın çantası, çantasının, çantasına, çantasını, çantasında, çantasından.
3. Yiyəlik halda olan isim təyinedici, mənsubiyyət şəkilçili söz isə təyinolunan xüsusiyyətə malikdir.