Fonetika bölməsinə mükəmməl yiyələnmədən biz sintaksisdə tədris olunan məntiqi vurğu, cümlənin məqsəd və intonasiyaya görə növləri, söz birləşmələri bəhsini düzgün dərk edə bilmərik. Fonetika bölməsində araşdırılan və tədris olunan əsas məsələlər: danışıq səsləri, onların əmələgəlmə xüsusiyyətləri, səslərin təsnifi, fonem, fonetik hadisə və qanunlar, səslərin orfoqrafiyası və orfoepiyası, ahəng qanunu, vurğu (növləri), intonasiya sintaksisin tədrisi ilə birbaşa əlaqəlidir. Bildiyimiz kimi sözlər səs birləşməsindən, söz birləşmələri sözlərin birləşməsindən, cümlə isə böyük dil vahidi olduğu üçün sözlər və söz birləşmələrin məna və qrammatik cəhətdən bir-birilə əlaqəyə girərək yaratdığı dil vahididir. Yəni səs sözlər üçün, sözlər söz birləşmələri üçün, söz və söz birləşmələri cümlələr üçün tikinti materialıdır. Dilin daxili qanunauyğunluğu əsasında formalaşan dil vahidləri möhkəm əlaqələrlə birləşərək onun ayrı-ayrı bölmələrini bir bütöv sistem kimi əks etdirir. Bu baxımdan hər bir dilçilik şöbəsinin tədrisi, həmçinin araşdırılması zamanı mütləqdir ki, digər dilçilik şöbələri ilə inteqrasiya yaradılsın.
Sintaksis bəhsində sözlərdəki məntiqi vurğudan danışanda, ilk növbədə, fonetika bəhsində vurğu haqqında alınan məlumatla əsaslanırıq. Belə olduqda həm əvvəlkilər xatırlanır, dərinləşir, möhkəmlənir, həm də yeni mövzu daha asan dərk olunur. Məntiqi vurğu cümlədə hər hansı bir sözün digər sözlərə nisbətən daha qüvvətlə tələffüz edilməsidir. Məntiqi vurğu dinləyicinin diqqətini əsas fikir ifadə edən sözün üstünə yönəldir. Eyni zamanda məntiqi vurğu fikri müxtəlif məna çalarlığında ifadə etməyə yönəldir. Danışanda və ya ucadan oxuyanda sözləri düzgün deməklə yanaşı, həmçinin fikirləri aydın şəkildə çatdırmaq üçün əsas sözləri və ifadələri vurğulamaq vacibdir. Lazımi sözlərin nəzərə çatdırılması məntiqi vurğunun köməyilə mümkündür. Material maraqlı olsa belə, dinləyicilərin diqqətinə çatdırılacaq ifadə yerində və düzgün vurğulanmayanda natiq məqsədinə nail ola bilmir. Aydındır ki, fikir müxtəlif üsullarla nəzərə çatdırılır: səsi artırmaqla, fikri tələsmədən ifadə etməklə, mimika və jestlər vasitəsilə. Əlbəttə, hansı üsuldan istifadə etməyimiz materialda əks olunan fikirdən asılıdır. Fonetika bölməsində vurğunun mükəmməl və düzgün qavranılması digər bölmələr, xüsusilə sintaksis üçün “açar”, “giriş” rolunu oynayır və inteqrasiyanın yaradılmasını təmin edir.