Yoxlama sualları Sizcə, müasir məktəbdə təlim-tərbiyə prosesinin humanistləşdirilməsinə mane olan ziddiyyət və problemlər hansılardır?
Uşaqların hüquqlarına dair hansı normativ – hüquqi sənədlər vardır? Bu sənədlər nə məqsədlə qəbul edilmişdir və uşaqların hansı əsas hüquqlarının qorunması məqsədi daşıyır?
İnsan hüquqları barədə məktəblilərə nə öyrədilməsi zəruridir?
III MÖVZU. MÜASİR PEDAQOQUN ƏXLAQİ ŞÜURU Plan Pedaqoji etika müəllimin əxlaqi şüuru haqda.
Əxlaqi şüurun strukturu.
Əxlaqi professionallığın etalon və aksiomları.
Ədəbiyyat Kazımov N. Pedaqoji ustalığın problemləri. Bakı, 2009
Məmmədzadə R. Müəllimin peşə etikası. Bakı, 1992
Nağıyeva L. Pedaqoji etika. Bakı, 2013
Qasımova L., Mahmudova R. Pedaqogika. Bakı, 2012
Səmədov E. Peşə etikası və etiket qaydaları. /arxiv.mtk.az/content/index 973
Şahhüseynova. Etika. Bakı, 2009
Pedaqoji etika müəllimin əxlaqi şüuru haqda.
İnsanın əxlaqi şüuru onun emosional aləmi və davranışı ilə vəhdətdə mürəkkəb bir hadisədir. O, ilk əxlaqi təsəvvürlərdən yaranır. Bu təsəvvürlər insanın həyatı boyu mürəkkəbləşir və zənginləşir, əxlaqi anlayışlarda birləşirlər. İnsan mənəviyyatının əsasını əxlaqi hiss və həyəcanlar, vicdan təşkil edir. Əxlaqi hiss əxlaqi idealla sıx əlaqədardır. İnkişaf etmiş əxlaqi şüur mənəvi prinsipləri, normaları bilməyi, özünün cəmiyyətdə əxlaqi vəzifələrini dərk etməyi özündə birləşdirir.
Pedaqoqun əxlaqi şüuru etik bilikləri, əxlaqi hissləri, əqidə, iradə və idealları əhatə edir. Pedaqoqun əxlaqi şüuru insanın şüurlu fəaliyyəti və münasibətlərində ifadə olunur. Onu şəxsiyyətin əxlaqi mədəniyyətinin bir hissəsi kimi də qəbul etmək olar.
Şəxsiyyətin əxlaqi mədəniyyəti aşağıdakı hissələrdən ibarət vahid sistemdir:
etik təfəkkür mədəniyyəti (əxlaqi mülahizələr irəli sürmək qabiliyyəti, etik və estetik biliklərdən istifadə bacarığı, xeyir və şər, harmoniya və gözəllik anlayışlarını fərqləndirə bilmək, əxlaqi normaları praktikada tətbiq etmək);
hissi mədəniyyət (mənəvi rezonans, başqasının dərdinə şərik çıxmaq);
davranış mədəniyyəti;
etiket (ünsiyyət zamanı davranışı nizamlayan qaydalara əməl etmək).