Uşaqlara hörmət. Sevgi əxlaqi hissdir. O, əxlaqi qiymətləndirmə ilə ölçülmədiyindən dostluqdan fərqlidir. “Nəyə görəsə” sevmirlər, “heç nəyə baxmadan” sevirlər. Sevginin xarakterik xüsusiyyəti başqa birisini tam qəbul etməkdir. Uşağa sevgi onun mənəvi dünyasına daxil ola bilmək, onun gələcək inkişaf perspektivlərini duymaqdır.
Uşaqlara sevgi müəllimin əxlaqi-emosional hissidir. Pedaqoqun əxlaqi şüurunun səviyyəsi həm də onunla müəyyən olunur: Uşağı sevmək – tərbiyə etdiyin hər bir şəxsin həyəcanına daxil ola bilmək, vaxtında köməyə gələ bilmək, uşaqların gizli sirlərinə yaxın olub onlar tərəfindən qəbul edilmək, onlar arasında mübahisəli məsələləri vaxtında və ədalətlə həll edə bilməkdir.
Uşaqlara sevginin nəticələri onlarla münasibətdə bu cür təzahür edir:
inam, hörmət, tələbkarlıq, müəyyən hədd gözləmək, ədalət, alicənablıq, xeyirxahlıq kimi keyfiyyətlərdə;
qarşılıqlı kömək, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı tələb və məsuliyyət.
Şagirdin həyatı, sağlamlığı və inkişafı üçün məsuliyyət daşımaq. Müasir müəllim təkcə özü fəaliyyət prosesində stress keçirmir, o həm də müəyyən gərginliklər halında olan şagirdlərlə işləyir. Günbəgün artan informasiyanın mənimsənilməsi, tədris prosesinin lazımlı-lazımsız biliklərlə yüklənməsi, həyatın öncədən planlaşdırılmasının çətinləşməsi, rəqabətin bəzən hətta uşaq mühitində gərginləşməsi uşaqlarda daim stress yaradır.
Bundan başqa, bu günkü məktəbin ən ciddi problemlərindən biri uşaqlar arasında didaktogen nevrozların (psixi pozğunluqlar) sürətlə artmasıdır. Onların əsas səbəbi saysız-hesabsız uşaq fobiyaları, qorxulardır. Bu halların yaranmasının səbəbkarları arasında uşaqlara biganə münasibət bəsləyən, tərbiyədə zoru, kobudluğu əsas götürən müəllimlər də vardır. Didaktogeniyanın aradan qaldırılmasının çox mühüm vasitəsi müəllimin pedaqoji mədəniyyətinin yüksək səviyyədə olmasıdır.
Pedaqoqun uşağın sağlamlığı üçün peşə məsuliyyəti daşıyır. Məşhur həkim və pedaqoq A.A.Dubrovski “Tez özündən çıxan müəllimə məsləhətlər” əsərində yazırdı:
uşağı həddən artıq ağır tələblərlə yükləməyin;
tez qəzəblənməyin, situasiyanı təhlil etməyə, anlamağa çalışın;