Diskussiya metodu elmi mübahisə deməkdir. Diskussiya zamanı müəyyən
problem üzrə müxtəlif baxışlar, mövqelər irəli sürülür, hər kəs öz mövqeyinə haqq
qazandırmağa, digər mövqeyi təkzib etməyə çalışır.
Təlimin məntiqi metodları nəzəri biliyin – anlayış və qanunların dərk edilməsi,
ümumiləşdirmə aparılması məqsədi güdən təfəkkür metodlarıdır. Bu metodlara
analitik-sintetik və induktiv-deduktiv metodlar daxildir.
Analitik metodlar müəyyən obyekti fikrən tərkib hissələrinə və ya əlamətlərinə
ayırmaq məqsədi güdür. Bu metodlara müqayisə (oxşarlıq və fərqi müəyyən-
ləşdirmək), təsnifetmə (əşya və faktları əsas əlamətlərinə görə ayırmaq), analogiya
(bir obyektlə bağlı biliyi digər obyektə keçirmək) və b. daxildir.
Sintetik metodlar obyektin ayrı-ayrı hissə və əlamətlərini fikrən bir tam halında
birləşdirmək məqsədi güdür. Bu yolla öyrənilən obyekt (cisim və hadisə) haqqında tam
təsəvvür yaranır. Sintetik metodlara sistemləşdirmə (obyektlərin müəyyən prinsip (əla-
mət) əsasında sistemə salınması), ümumiləşdirmə (ümumi xassəyə malik olan cisim və
hadisələrin fikrən birləşdirilməsi), konkretləşdirmə (ümumi müddəanın xüsusi hallara
tətbiq edilməsi), sübutetmə (fikirlərin əsaslandırılması) və b. metodlar daxildir.
İnduktiv metod xüsusidən ümumiyə, deduktiv metod isə ümumidən xüsusiyə
keçməklə əqli nəticə çıxarmaq metodudur.
Məntiqi metodlar digər təlim metodları ilə, xüsusən kitab üzərində iş metodları
ilə sıx bağlıdır.