İnsanlar bakterioloji vasitələrin tətbiq olunduğunu aşağıdakı xarici əlamətlərə görə təyin edə bilərlər. 1. Döyüş sursatının zəif səslə partlaması və partlayış zamanı alovun olmaması;
2. Binaların damı və divarlarında, ağac yarpaqlarında və yollarda tozaoxşar və ya qatı maye şəkilli
maddələrin olması;
3. Ərazidə iri qəlpələrin və tozlandırıcı xüsusi tərtibatların qalıqlarının olması;
4. Döyüş mərmilərinin, konteynerlərin və ya müxtəlif bağlamaların və qabların düşdüyü yerlərdə
həşəratların, gənələrin və ya gəmiricilərin olması.
Əhali arasında yoluxucu xəstəliklərin yayılması, vəhşi həşaratların, ev heyvanlarının və quşların
qəflətən kütləvi qırılması və ya xəstələnməsi də bakterioloji vasitələrin tətbiq olunduğuna dəlalət edə
bilər.
Bakterioloji silahın güclü təsiri onun yüksək dərəcədə patogenliyinə (xəstəlik törətməsinə) və
kontakta (keçiricilik) əsaslanır. Bakterioloji vasitələrin təsir müddəti törədicinin xarici mühitdə
davamlılığı ilə müəyyən edilir. Məsələn: təbii şəraitdə yatalaq (paratif) törədiciləri torpaqda 15 il qalır
və əlverişli mühitdə öz fəallığını göstərə bilir.
Bakterioloji silahı bir neçə üsulla tətbiq edilər: 1. Aerozol;
2. Yoluxdurulmuş həşərat və gəmiricilərin vasitəsi ilə;
3. Diversiya yolu ilə (su və ərzaq);
4. Zəhərli maddələrin bakterial toksinlərlə birlikdə.
Aerozol üsulu ilə tətbiq edildikdə yoluxucu xəstəliklər kütləvi hal alır. Yoluxdurulmuş həşərat və
gəmiricilər vasitəsi ilə tətbiq edildikdə isə yoluxucu xəstəliklərin tədricən artması müşahidə olunur.
Bakterioloji ocaqda yaranmış şəraitin qiymətləndirilməsi və ləğv edilməsi təkcə FHN tibb
xidmətinin deyil, eyni zamanda digər xidmətlərin də qüvvə və vəsaitlərinin cəlb olunması ilə həyata
keçirilir. Bütün tədbirlərə rayon və şəhər üzrə FH komissiyasının sədri rəhbərlik edir. Bu məqsədlə
qərargah yaradılır və ocaq ləğv olunana qədər sutka ərzində növbətçilik qrafiki tərtib olunur. Ocağın
ləğv olunması üçün plan tərtib edilir.