2. İşsizliyin mahiyyəti, səbəbləri və formaları.
İşsizlik həm iqtisadi, həm də sosial problemdir. İşsizlik iqtisadi problem olmaqla resursların artıq məsrəflərini yaradır, sosial bir problem kimi həyat tərzini, yaşayış imkanlarını zəiflədir və çətinləşdirir. İşsizlik o deməkdir ki, iş qabiliyyətinə malik olan adamların bir qismi iş yeri tapa bilmirlər və bunun nəticəsində işsiz qalırlar.
İşsizlik ən çox iqtisadi böhranlar və tsikllər dövrü baş verir. İqtisadiyyatın geri qalmasının, tənəzzülə uğramasının səbəblərindən biri də kütləvi surətdə işsiz qalmaqdır. İşçi qüvvəsi bazarında əmək qabiliyyəti olan adamları işlə təmin etmək, bu prosesi nəzarət altına almaq və tənzimləmən mühüm iqtisadi problemlərdən biridir.
İşsizlik necə yaranır? İşsizlik bazarda işçi qüvvəsinə olan tələblə işçi qüvvəsi arasında olan təklifin nəticəsində təzahür edir. Elmi-texniki tərəqqinin istehsala tətbiqi, daha məhsuldar maşın və avadanlıqlardan istifadə edilməsi əməyə olan tələbi azaldır. Yeni texnika və texnologiya əməyin keyfiyyətinə təsir edir. İstehsala tətbiq edilən istehsal vasitələrinin kütləsi artır, işçi qüvvəsindən istifadə nisbətən azalır. İşçi qüvvəsinə olan tələb az-çox istehsalın canlanma və yüksəlişi dövrü çoxalır.
Məşğulluq barədə olduğu kimi, işsizlik haqqında da müxtəlif təlimlər yaranmışdır:
1. Maltusçuların əhali artıqlığı nəzəriyyəsi; 2. Texniki tərəqqi ilə əlaqədar olaraq texnoloji nəzəriyyə; 3. Keynsçilərin yaratdığı bazar tələbinin çatışmazlığı nəzəriyyəsi; 4.«Azad sahibkarlar» məktəbi nəzəriyyəsi.
Maltusun nəzəriyyəsinə görə əhalinin artım sürəti istehlak şeyləri istehsalını üstələyir və nəticədə, əhali artıqlığı, işsizlər ordusu yaranır. Maltusun fikrincə istehlak şeyləri ədədi silsilə, əhali isə həndəsi silsilə yolu ilə çoxalır. Buna görə də hər 25-30 ildən bir artıq əhali yaranır və işsizlik də artır.
Elmi-texniki tərəqqi nəticəsində yaranan yeni texnologiya yeni ixtisaslar tələb etdiyinə görə «texnoloji işsizlik» yaranır.
Müasir Qərb iqtisadi fİkrində daha geniş yayılmış müddəalardan biri İşsizlik haqqında C.Keyns nəzəriyyəsidir. C.Keyns işsizliyi işçi qüvvəsinə olan tələbin çatışmazlığı ilə əlaqələndirir. C.Keynsə görə məşğulluğun həcmi tam mənası ilə tələbin səmərəli həcmindən asılıdır, işsizliyin səbəbi isə əmtəələrə olan tələbin azlığından irəli gəlir, yəni gəlirlər artdıqca əhalinin istehlaka olan meyli azalır, əhali qənaətcil olmağa çalışır.
Kortəbii bazar mexanizminin tərəfdarları olan «azad» sahibkarlığa görə işsizliyin əsas səbəbi yüksək əmək haqqının olmasıdır. Buna görə də işsizliyin qarşısını almaq və tam məşğulluq yaratmaq üçün əmək haqqını azaltmaq lazımdır.
İşsizlik müxtəlif formalarda olur.
Friksion işsizlik. Əmək qabiliyyəti olan əhaliyə iş təklif ediləndə bəzi işçilər «iş arasında» qalırlar. Bəziləri könüllü olaraq iş yerini dəyişir, digərləri isə işdən çıxarıldıqlarına görə təzə iş yeri axtarırlar. Başqa iş qabiliyyəti olanlar isə mövsümi işlə təmin olunduqları üçün müəyyən vaxtdan sonra həmin iş yerlərini itirirlər. Heç vaxt işləməyən bir çox gənc işçilər isə ümumiyyətlə, iş yeri axtarırlar. Göstərilən kateqoriyalardan olan əmək qabiliyyətli adamlar işlə təmin olunanda və müvəqqəti iş yerlərini tərk edənlər öz iş yerlərinə qayıdanda, başqa kateqoriyadan olub işdən azad edilənlər «işsizliyin ümumi fonduna» aid edilirlər. Beləliklə, bu və ya başqa səbəbə görə işsiz qalanlar aydan-aya işləmək üçün bir-birlərini əvəz edirlər. Belə formada olan işsizlik həmişə mövcud olur.
Friksion işsizliyə (iş axtarmaqla, iş yeri gözləməklə əlaqədar) iş axtaranlar və yaxın gələcəndə işlə tə min olunan əmək qabiliyyətli adamlar aiddir. Bu kateqoriyadan olan işsizlərin miqdarı ilə sərbəst iş yerlərinin miqdarı əmən birjasında uyğun gəlmir.
Dostları ilə paylaş: |