Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Ərzaq resurslarının tarazlı inkişafı



Yüklə 0,77 Mb.
səhifə58/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

3. Ərzaq resurslarının tarazlı inkişafı.

Müasir şəraitdə ərzaq yönümlü təbii resursların istehsal dövriyyəsinə cəlb olunmasında ərzaq məhsullarının iqtisadi inkişafı ilə yanaşı, təbii resursların davamlı istifadəsi, ərzaq məhsullarının iqtisadi-ekoloji cəhətdən tədqiq olunması təbiətdən istifadənin qlobal problemlərindən hesab edilir. Bu baxımdan dünyanın bütün ölkələrində ərzaq xarakterli təbii resurslardan istifadə onların təhlükəsizliyinin qorunması, ekoloji cəhətdən insanların sağlamlığına xidmət edən təmiz məhsullar istehsalını həyata keçirməkdən ibarətdir. Ərzaq yönümlü təbii resurslar təbiətdə olduqca zəngindir, lakin onların istifadəsi dünyanın müxtəlif ölkələrində məhsuldar qüvvələrin inkişaf səviyyəsindən və həmin resurslara təsirindən asılı olaraq müəyyən olunur. Təbii resurslar istehsalın xarakterindən asılı olaraq istehsal dövriyyəsinə cəlb olunur və hər bir ölkənin milli maraqlarına xidmət edən qanunçuluq prinsiplərinə əsaslanır. Ərzaq yönümlü təbii resurslar bilavasitə aqrar sahənin inkişafına xidmət edən resurslar sistemindən ibarət olub, onların istifadəsi istehsal vasitələrinin inkişafı ilə əlaqəli olaraq daım dəyişir və təkmilləşir. Xüsusi ilə Elmi Texniki Tərəqqini (ETT) müasir nailiyyətləri ərzaq yönümlü təbii resursların istifadəsinə şərait yaratmaqla Litosferdə, Hidrosferdə, Atmosferdə və Biosferdə mövcud olan resursları insanın mənafeyinə doğru yönəltməklə ərzaq məhsullarının davamlı inkişafını təmin edir. Davamlı inkişaf konsepsiyasının tərkib hissələrindən biri də ərzaq məhsullarının iqtisadi ekoloji təhlükəsizliyinin təmin olunması prinsipidir. Bu prinsipin əsası biosferin və insan cəmiyyətinin qorunmasından ibarət olub, qlobal, regional, həmçinin local səviyyələrdə həyata keçirilir.

Ərzaq təhlükəsizliyi (ƏT) - milli iqtisadiyyatın struktur tərkib hissəsidir, iqtisadi və təbii komponentlərin potensialından səmərəli istifadə olunması nəticəsində bazar münasibətləri ilə xarakterizə olunur. Təbii resurslardan istifadənin səmərəliliyi ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi üçün əsas amillərdən biridir. Bəşər cəmiyyətinin inkişafı üçün əhalinin ərzaq məhsulları ilə təmin olunması dünya dövlətlərinin əsas məqsədidir. Buradan aydın olur ki, ərzaq məhsullarının mütəmadi istehsalı təbii resursların optimal istifadəsi nəticəsində yaranır və əhalinin inkişafının əsası kimi qiymətləndirilir.

FAO-nun ərzaq və kənd təsərrüfatı təşkilatlarının məlumatlarında mürəkkəb, fiziki işlə məşğul olan hər bir insan üçün orta hesabla gün ərzində dörd-beş min kilo kalori, zehni əməklə məşğul olan adam üçün 3 min kilo kaloriya malik olan ərzaq məhsulları tələb olunur.

BMT-nin məlumatına görə dünyanın bir sıra ölkələrində bir günlük ərzaq istehsalı iki min kaloridən yuxarı çıxmır. Dünyada hər nəfərə orta hesabla 2,5 min kilo kalori düşdüyü halda, inkişaf etməkdə olan ölkələrdə iki min kilo kaloridən artıq düşür.

BMT-nin ekspertlərinin fikrincə ərzaq təhlükəsizlik problemi dünya təsərrüfat sisteminin əsas tərkib hissəsi olub dünya siyəsətində əsas yer tutur. Ümumilikdə ərzaq təhlükəsizliyi əhalinin artmaqda olan tələbatının təmin edilməsi üçün ərzaq istehsalı əhəmiyyəti kəsb edən resurslardan məqsədyönlü istifadə olunmasıdır. Bu da öz növbəsində kənd təsərrüfatında bitkiçilik və heyvandarlıq sahələrinin inkişaf etdirilməsi, torpaq və su ehtiyatlarının səmərəli istifadəsi, dünya, dəniz və okeanlarında olan bitki və heyvanat aləminin potensialından məqsədyönlü istifadə olunmasını ərzaq təhlükəsizliyinin qarantı hesab etmək olar.

Müstəqillik dönəmini yaşayan postsosialist və postsovet məkanı ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sisteminə inteqrasiyasına yönəlik kompleks tədbirlər sistemi dövlətin strateji maraqlarının qorunması baxımından təhlükəsizliyin bütün komponentlərinin reallaşdırılmasını özündə əks etdirməlidir. Təhlükəsizliyin beynəlxalq, regional və milli səviyyələrinin, eləcə də onun siyasi, iqtisadi, sosial, hərbi ekoloji və digər təzahürlərinin effektiv reallaşdırılması son nəticədə beynəlxalq aləmdə qüdrətli dövlət imicinin formalaşması ilə səciyyələnir. Bu baxımdan dünya birliyinə inteqrasiya prosesini yaşayan postsovet Azərbaycanının milli təhlükəsizliyinin təmin olunmasını şərtləndirən bazis kriteriyalara aşağıdakıları şamil etmək olar:

- ölkənin beynəlxalq aləmdə tanınması və dünya birliyinə uğurlu inteqrasiyanın təmin olunması;

- qonşu ölkələrlə səmərəli regional inteqrasiya münasibətlərinin formalaşdırılması;

- ərazi bütövlüyünün qorunması;

- cəmiyyətdə siyasi stabilliyin təmin edilməsi;

- iqtisadi artıma nail olunması və etibarlı iqtisadi təhlükəsizlik sisteminin formalaşdırılması;

- cəmiyyətdə sosial stabilliyə nail olunması, gəlirlərin ədalətli bölüşdürülməsi və social təbəqələşmənin qarşısının alınması.

Beləliklə, ölkənin milli təhlükəsizliyinin təmin olunması milli maraqlara zərər vuran destruktiv tendensiyalarının effektiv şəkildə neytrallaşdırılmasından, ərazi bütövlüyünün qorunmasından, cəmiyyətdə effektiv siyasi və sosial-iqtisadi stabillik əldə edilməsindən bilavasitə asılıdır. Qeyd etmək lazımdır ki, respublikamız dövlət müstəqilliyini zorla cəlb edilmiş müharibə, siyasi qeyri-sabitlik, sosial-iqtisadi böhran şəraitində əldə etmişdir. Eyni zamanda müstəqilliyin ilkin dövrlərində davamlı ərazi ilhaqı vətəndaş müharibəsi, yenicə yaradılmış dövlətin parçalanma təhlükəsini yaşaması təbii ki, ölkənin milli təhlükəsizliyinin daxili və xarici mənbədən forma laşan çoxsaylı faktorların təsiri nəticəsində itirilməsi zərurətini yaratmışdı.

Ölkənin milli təhlükəsizliyinə zərbə vuran çoxsaylı faktorlar iqtisadiyyatdan da yan keçməmiş, 1991-1993-cü illər məhsul istehsalının sürətlə aşağı düşməsi, istehlak məhsullarının qiymətlərinin kəskin artımı, halloporik inflyasiyanın hiperinflyasiyayla əvəzlənməsi, daxili bazarda idxal kanallarının xüsusi çəkisinin artması, ixracın həcminin azalması fonunda tədiyyə balansının mənfı saldoda yekunlaşması ilə xarakterik olmuşdur.

Bu baxımdan xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan mərhum prezident, ümummilli lider H.Ə.Əliyev cənablarının həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət müharibənin dayandırılması, neft kontraktları vasitəsilə ölkəyə iri həcmli investisiyaların cəlb edilməsi, iqtisadiyyatda maliyyə stabilliyinin təmin edilməsi, bütövlükdə iqtisadi böhranın dayandırılması və iqtisadi artıma nail olunması ilə nəticələnmişdir. Həyata keçirilən tədbirlərin iqtisadi səmərəsi olaraq ölkədə istehsal edilən ümumi daxili məhsulun davamlı artımına nail olunmuşdur. Lakin bütün bunlarla yanaşı beynəlxalq münasibətlər sistemində genişlənən qloballaşma təzahürləri postsovet məkanı ölkələrində, o cümlədən respublikamızda da milli təhlükəsizliyə zərər vuran iqtisadi təzahürləri gücləndirmişdir.

Belə ki, müasir şəraitdə beynəlxalq münsibətlərin qloballaşması milli təhlükəsizlik sistemində iqtisadi asılılığın hərbi ərazi ilhaqı ilə müqayisə oluna bilən zərərli tendensiya kimi dəyərləndirilməsini obyektiv zərurətə çevrirmişdir. Bir sıra regionlarda hərbi qarşıdurmaları, seperatizm, eləcə də koalisiya qüvvələrinin Əfqanıstana və İraqa demokratiyanın qorunması adı altında edilən təcavüzləri istisna olmaqla müasir dünyada iqtisadi təcavüzlər, bazarların ələ keçirilməsi davamlı hal almışdır. Nə qədər ziddiyyətli görünsə də bütün bunlar xüsusi ilə transformasiya prosesini yaşayan keçid iqtisadiyyatlı ölkələrə iqtisadi köməkliklərin göstərilməsi, ərzaq və texnologiya idxalı, iri hecmli kreditlər və investisiya qoyuluşları formasında məqsədli və davamlı şəkildə həyata keçirilir. Nəzərə almaq lazımdır ki, qloballaşma adı altında qərb dövlətlərinin yeni koloniya siyasəti ilk növbədə daxili bazarların dempinq vasitəsi ilə ələ keçirilməsinə, xüsusilə ölkə iqtisadiyyatının aşağı rəqabəti sahəsi olan kənd təsərrüfatının bazar konyunkturundan aslılığının güclənməsinə xidmət edir. Bütün bunlar isə xüsusilə transformasiya prosesini yaşayan ölkələrdə milli iqtisadi təhlükəsizliyin mühüm tərkib hissəsi kimi ərzaq təhlükəsizliyinin təmin edilməsi zərurətini yaratmışdır.

Ərzaq təhlükəsizliyi - daxili və xarici şəraitin dəyişməsindən asılı olmayaraq ölkə əhalisinin və hər bir vətandaşın fıziki və sosial inkişafı, sağlamlığının təminatı və iş qüvvəsinin bərpası üçün zəruri həcmdə və keyfiyyətdə ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi imkanlarının reallaşdırılması kimi xarakterizə edilir. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ərzaq müstəqiliyinin reallaşdırılmasının başlıca vasitəsi hesab edilir.

Respublika iqtisadiyyatında baş vermiş böhranın qarşısını almaq, respublikada kənd tesərrüfatı məhsullarının istehsalını artırmaq, əhalinin ərzaq məhsullarına olan ehtiyacını yaxşılaşdırmaq üçün hər bir inzibati rayonun, şəhərin və regionların potensial imkanları müəyyənləşdirilməlidir. Respublikamızın daxili ərzaq bazarının yerli istehsal hesabına doydurulması, bazara çıxarılacaq kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətlərinin yüksək olması əcnəbi əmtəə istehsalçılarının dempinq fəaliyyətini gücləndirmiş və bazarda idxal kanallarının xüsusi çəkisini yüksəltmişdir. Bu isə əsas etibarı ilə dövlətin ərzaq təhlükəsizliyində destruktiv tendensiyaların formalaşmasına gətirib çıxarmışdır.

İqtisadi təhlil və araşdırmaların nəticəsi belə qənaətə gəlməyə əsas verir ki, ərzaq bazarın tənzimlənməsində başlıca məqsədlərdən biri də istehlakçıların və həm də kənd təsərrüfatı əmtəə istehsalçılarının maraqları qorunmalıdır. İstehsalçıların maraqları o halda qorunur ki, onların fəaliyyəti istehlakçıların mənafeləri ilə ziddiyət təşkil etməsin. Ərzaq bazarının tənzimlənməsində əsas məqsəd ölkənin özünütəminetmə səviyyəsinin yüksəldilməsidir.

Təhlil göstərir ki, hazırda MDB ölkələri arasındakı əmtəə mübadiləsinin yeni şəraitin tələblərinə uyğunlaşdırılmaması, daha doğrusu əmtəə dövriyyəsinin aşağı düşməsi, daxili bazarın yerli istehsal hesabına doydurulmasındakı problemlərin mövcudluğu, eləcə də əhalinin istehlak qabiliyyətinin aşağı olması nəticə etibarı ilə ərzaq təhlükəsizliyinə öz mənfi təsirini göstərir. Aqrar sahənin ənənəvi olaraq zəif rəqabət qabiliyyətinə malik olması, eləcə də mülkiyyət mənsubiyyətindən asılı olmayaraq yerli əmtəə istehsalçılarının etibarlı müdafıə mexanizminin formalaşdırılmaması nəticə etibarilə mərkəzi və regional ərzaq bazarlarında xarici rəqabətin əlverişsiz təsirlərinin güclənməsinə və dempinq təzahürlərinin genişlənməsinə gətirib çıxarmışdır. Təbii ki, bütün bunlar da son nəticədə ölkədə ərzaq təhlükəsizliyi probleminin kəskin şəkildə meydana çıxmasına səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi problemi uzun müddətli proses olub kompleks tədbirlərin həyata keçirilməsindən bilavasitə asılıdır. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilk növbədə səmərəli aqrar siyasətin həyata keçirilməsindən, iqtisadi inteqrasiyanın gücləndirilməsindən, ticarət-iqtisadi, elmi-texniki və digər sahələrdə normativ-hüquqi bazarıın yeniləşdirilməsindən, sərbəst ticarətin inkişafına əlverişli şərait yaratmaqla eyni zamanda ölkənin strateji iqtisadi maraqlarının qorunmasından bilavasitə asılıdır.

Daxili bazara xarici rəqabətin əlverişsiz təsirləri əsas etibarilə dempinq qiymətləri hesabına məhsulların idxalı nəticəsində yaranır ki, bu da yerli əmtəə istehalçılarının maraqlarının pozulmasına gətirib çıxarır. Daxili bazarın zəif müdafiə olunduğu şəraitdə bazara ərzaq müdaxiləsi ölkənin iqtisadi və ərzaq müstəqilliyini zəiflədir və təbii ki, bu da ölkənin milli iqtisadiyyatının idxal faktorundan davamlı şəkildə asılılığına gətirib çıxarır. Aqrar sahənin və yerli kənd təsərrüfatı əmtəə istehsalçılarının daxili bazarda rəqabət aparmaq imkanlarının aşağı olması ilk növbədə ənənəvi xüsusiyyətlərlə bağlıdır. Bunlar ilk növbədə aqrar sahənin təbii iqlim şəraitindən bilavasitə asılı olması, az gəlirliliyi və digər faktorlarla sıx əlaqədardır. Bundan əlavə qeyd etmək lazımdır ki, bu sahənin investisiya cəlbediciliyinin aşağı olması və kənd təsərrüfatı əmtəə istehsalçılarının yüksək risklər şəraitində fəaliyyət göstərməsi nəticə etibarilə bu sahənin banklar tərəfindən kreditləşdirmə imkanlarının zəifləməsinə, aqrar sahənin inhisarçı təsirlərə məruz qalmasına gətirib çıxarır ki, bu da bütövlükdə aqrar-ərzaq kompleksində mövcud iqtisadi durumu daha da mürəkkəbləşdirir.

Bazar münasibətləri şəraitində əhalinin rifahında etibarlı təminat mexanizminin yaradılması yüksək təminatlı ərzaq bazarının formalaşdırılmasını və onun tənzimlənməsini obyektiv zərurətə çevirmişdir. Bu da bir həqiqətdir ki, ərzaq bazarında sabitlik və bolluq yaradılmadan əhalinin rifahından danışmaq mümkün deyil. Bu baxımdan, sosial təmayüllü bazar münasibətləri əsasında inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, kənd təsərrüfatı və ərzaq məhsulları bazarı dövlət tərəfindən daima tənzimlənir. Onun bilavasitə ərzaq bazarında baş verən iqtisadi proseslərə təsir imkanları və metodları ölkənin iqtisadi inkişaf səviyyəsindən, təbii-iqtisadi xüsusiyyətlərindən və s. amillərdən asılı olaraq müxtəlifdir.

Ərzaq bazarı daxili bazarın tərkib hissəsi olmaqla aqrar iqtisadiyyatın ən mühüm subyektləri kimi kənd təsərrüfatı məhsullarının istehsalçıları və istehlakçıları arasındakı iqtisadi münasibətlərin məcmusunu özündə əks etdirir.

Ərzaq bazarında kənd təsərrüfatı əmtəə istehsalçıları ilə istehlakçıları arasındakı qarşılıqlı münasibətlər tələb və təklif əsasında formalaşır. Ərzaq bazarı mahiyyət etibarı ilə əhalinin ərzaq və yeyinti məhsullarına olan tələbatında mühüm funksiyalar yerinə yetirir.

Ərzaq bazarının mahiyyətini, onun elmi-nəzəri aspektlərini, habelə öİkə əhalisinin ərzaq və yeyinti məhsullarına olan təiəbatının ödənilməsinin mövcud vəziyyətini təhlil edərək dövlətin bu sahəyə təsirinin aşağıdakı iqtisadi vasitələrini müəyyən etmək olar ki, bunlar da tənzimləmənin istiqamətlərini təşkil edir:

- daxili bazarda kənd təsərrüfatı məhsullarına olan tələbə təsiretmə məqsədilə qiymətlərin tənzimlənməsi;

- kənd təsərrüfatında vergi sisteminin və ya subsidiyaların köməyilə əmtəə istehsalçılarının xərclərinin səviyyəsinə təsir göstərilməsi;

- istehsalın səviyyəsindən asılı olmayaraq əmtəə istehsalçılarının dövlət təminatı.

Ölkə üçün zəruri xarakter daşıyan kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması, habelə əmtəə istehsalçılarının xarici bazarın zərərli təsirindən qorunması və təminatlı daxili bazar yaradılması ərzaq bazarının tənzimlənmə mexinizminin ən mühüm tərkib hissəsidir. Kənd təsərrüfatı məhsulları üzrə idxal və ixrac əməliyyatlarının tənzimlənməsi daxili bazarın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan beynəlxalq hüquq normaları əsasında ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə müvafıq tədbirlər görülməlidir.

Birinci növbədə son məhsul istehsalının artırılmasına nail olunmalı, istehsal strukturunda son məhsullar buraxan yerli strukturlar yaradılmalıdır.

İkinci- müəssisələrin xalis gəlirinin artması məhsulların istehsalı, satışına çəkilən xərclərin, yəni maya dəyərinin aşağı düşməsindən bilavasitə asılığını gücləndirmək lazımdır.

Üçüncü - ərazi bölgüsünün təbii və iqtisadi əsaslara uyğun yenidən qurulmasında ərazi təsərrüfatçılığını iqtisadi cəhətdən canlandıra bilən daxili hərəkətverici qüvvəni aşkara çıxarıb iqtisadi əlaqələr dövriyyəsinə cəlb etmək lazımdır.

Bir-birini tamamlayan həmin vəzifələrin həyata keçirilməsi bütövlükdə respublika daxili bazarın formalaşdırılmasına fəal təsir edə bilər.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin