2.Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqələri və onun tənzimlənməsi Hər hansı bir ictimai istehsalın mahiyyəti təbii varlıqların (sərvətlərin), insanların istehlak rifahı üçün tələb olunan məhsullara çevrilməsidir. Bunun üçün insan təbii sərvətlərdən istifadə etməli və öz fəaliyyəti ilə təbiətə təsir göstərməlidir.
Cəmiyyətin inkişafında təbii mühit müsbət və mənfi rola malikdir. Təbii şərait əlverişli olan ərazilərdə cəmiyyətin məskunlaşması üçün əlverişli şərait yaratmaqla yanaşı, təbii ehtiyatların istehsal dövriyyəsinə cəlb olunması daha da intensivləşir. Əksinə təbiəti sərt iqlim şəraitinə malik olan ərazilərdə daimi donuşluğun olması yeraltı və yerüstü təbii sərvətlərin istehsala cəlb olunmasını gecikdirir və istehsal sahələrinin səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərir. Tarixən Avropa ölkələrində təbii mühitin əlverişli olması bütün dövrlərdə mütəmadi ehtiyatların səmərəli istifadəsinə şərait yaratmaqla, istehsal sahələrinin sürətli inkişafına təsir göstərmişdir. Əksinə Şərqi Sibir, Qərbi Sibir və Uzaq Şərqdə və digər ərazilərdə təbii mühitin sərt və daimi donuşluğun olması bu ərazilərdə olan təbii resursların istehsal dövriyyəsinə cəlb olunmasını gecikdirmiş, əhali məskunlaşmasını və yeni sənaye şəhərlərinin başqa ərazilərlə müqayisədə inkişafını ləngitmişdir. Təbiətlə cəmiyyətin qarşılıqlı münasibətlərinin təhlil və tədqiq olunması müasir elmin qarşısında duran vacib problemlərdəndir.
Təbiətlə cəmiyyət arasındakı qarşılıqlı münasibəti məhsuldar qüvvələrin inkişaf səviyyəsini nəzərə almadan, bu qüvvələrin kimə aid olmasını bilmədən, insanların bir-biri ilə maddi nemətlər istehsalında hansı ictimai münasibətlərə daxil olduğunu dərk etmədən başa düşmək olmaz. İstehsal prosesində insanlar yalnız təbiətə təsir göstərmirlər, eyni zamanda onlar bir-birinə təsir göstərirlər.Yalnız istehsal prosesində insanlar müəyyən əlaqə və münasibətlər şəraitində təbiətə təsir etməklə özləri üçün lazım olan maddi nemətlər istehsalına şərait yaratmaq imkanlarına malik olurlar.