Mövzu № 17.
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti.
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti
Cümhuriyyət hökuməti yarandığı ilk gündən - 1918-ci ilin may ayının 28-dən müstəqil Azərbaycan Respublikasının mövcudluğu üçün əlverişli və təhlükəsiz beynəlxalq şəraitin yaradılması və yeni dövlətin dünya birliyi tərəfindən tanınması üçün çox çevik və ardıcıl xarici siyasət xətti yürütməyə başladı. Milli hökumət qonşu dövlətlərlə normal münasibətlər qurulmasına və saxlanmasına xüsusi əhəmiyyət verərək bu məsələni öz xarici siyasətində daima diqqət mərkəzində saxlayırdı. Hökumətin xarici siyasətində ilk və çox uğurlu addımlardan biri 1918-ci il iyunun 4-də Batumda Türkiyə (Osmanlı) ilə sülh və dostluq müqaviləsi bağlanması oldu. Bu müqavilə ilə Türkiyə tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması gənc dövlətin beynəlxalq nüfuzunun artmasına gətirib çıxartdı. Batum müqaviləsinin dördüncü maddəsi Azərbaycan üçün həyati əhəmiyyətə malik idi. Çünki bu maddə ilə milli hökumət Osmanlıdan hərbi yardım almaq imkanı qazandı, Bakı şəhərinin düşməndən azad edilməsi və Qarabağda erməni silahlı qüvvələrinin zərərsizləşdirilməsi haqqında Türkiyə hökumətindən təminat aldı.
Türkiyə hökuməti 4 iyun 1918-ci ildə Batumda Gürcüstan və Ermənistanla da müqavilələr bağlayaraq onların da müstəqilliyini tanımışdı. Cənubi Qafqaz respublikalarının ərazi hüdudlarını və sərhəd xətlərini müəyyən edən Türkiyənin razılığı əsasında tarixi Azərbaycan torpaqlarında qədim türk şəhəri İrəvan paytaxt olmaqla, Ermənistan respublikası yaradıldı. Onun ərazisi cəmi 10 min kvadrat kilometr idi. Türkiyə hökuməti Cənubi Qafqazda kiçik və zəif Ermənistan dövləti yaratmaqla, "erməni məsələsini" birdəfəlik həll edəcəyinə və bununla da bölgədə daimi sülh yaranacağına ümid bəsləyirdi. Ermənilər isə onlara dövlət yaratmağa imkan verən Osmanlı və Azərbaycan türklərinə minnətdar olmaq əvəzinə, Ermənistan respublikasında yaşayan türk - müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcəyinə, onların öz ana dilində təhsil almasına, dini ibadətlərini sərbəst şəkildə yerinə yetirməsinə şərait yaradılacağına dair üzərlərinə götürdükləri öhdəliklərin heç birinə əməl etmədilər.
Cümhuriyyət hökuməti bolşevik-daşnak güruhunun azğınlıq etdiyi Bakı şəhərinin gələcək taleyini təhlükə altında qoyan 27 avqust 1918-ci il tarixli Sovet Rusiyası - Almaniya gizli sazişinin şərtlərinin aradan qaldırılması üçün Türkiyə ilə birlikdə kəskin diplomatik addımlar atmağa başladı. Çünki bu sazişə görə Almaniya Bakı neftinin 25% -i əvəzində, Bakı və onun neft rayonlarını Rusiyanın nüfuz dairəsi hesab etmişdi. Azərbaycan - Türkiyə hökumətlərinin diplomatik, siyasi və hərbi addımları nəticəsində bu mənfur plan pozuldu. 1918-ci il sentyabrın 15-də Bakı düşməndən azad edildi və o dövrün sənədlərində deyildiyi kimi "baş bədənlə birləşdi”.
Almaniya ilə ittifaqda olan Osmanlı dövlətinin Birinci Dünya müharibəsində məğlub olaraq Antanta dövlətləri ilə 1918-ci il oktyabrın 30-da çox ağır şərtlərə malik Mudros barışığını imzalaması Azərbaycan respublikasının xarici siyasətinə çox mənfi təsir göstərdi. Türkiyənin məğlubiyyəti gənc dövlətimizi yeganə dayağından məhrum etdi və onun gələcək taleyində acınacaqlı rol oynadı. Sazişə əsasən Türkiyə ordusu Cənubi Azərbaycan və Cənubi Qafqazı tezliklə tərk etməli, bir həftədən gec olmayaraq Bakıdan, bir aydan gec olmayaraq bütün Azərbaycandan çıxmalı idi. Bakı Antanta hərbi qüvvələri tərəfindən işğal olunmalı idi. Sazişə uyğun olaraq türk qoşunlarının Bakını və Azərbaycanı tərk etməsi ilə 1918-ci il noyabrın 17-də Antantanın üzvü olan İngiltərənin hindli sipahi əsgərlərdən təşkil olunmuş qoşunu general Tomsonun başçılığı ilə Bakıya daxil oldu. Cümhuriyyətin uzaqgörən siyasi liderləri Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və başqalarının məqsədyönlü fəaliyyəti nəticəsində qısa müddətdə Qərbi Avropa demokratiyası modelində qanunverici məclis olan Parlamentin çağırılması və 1918-ci il dekabrın 26-da onun qarşısında məsuliyyət daşıyan Koalisyon hökumətin təşkil edilməsi Azərbaycanı xarici işğaldan xilas etdi. Dekabrın 28-də müttəfiqlərin Bakıdakı nümayəndəsi general Tomson F.Xoyskinin sədrliyi ilə yaradılmış koalisiyon hökuməti Azərbaycanda yeganə qanuni hakimiyyət kimi tanıdı. Bunun ardınca İngiltərə hökuməti Azərbaycan dövlətini rəsmən tanıdığını bildirdi və 1919-cu ilin yayında qoşunlarını Azərbaycandan çıxartdı.
Milli hökumət öz xarici siyasətində qonşu dövlətlərlə münasibətlərə böyük əhəmiyyət verirdi. Borçalı, Tiflis və Sığnaq qəzalarının başdan - başa müsəlmanlardan ibarət olan bölgələrinə Azərbaycanın haqlı ərazi iddiaları, Gürcüstanın isə Zaqatala dairəsinə haqsız torpaq iddiası ilk vaxtlar iki dövlət arasındakı münasibətləri kəskinləşdirmişdi. Lakin çar generalı Denikin ordusunun Dağıstana hücumu və cənuba doğru irəliləməsi Azərbaycan - Gürcüstan əməkdaşlığını həyati əhəmiyyətli məsələyə çevirdi. 1919-cu il iyunun 16-da iki dövlət arasında üç il müddətinə hərbi - müdafiə paktı (ittifaqı) imzalandı. Bu pakta görə Azərbaycanın və Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyü hər hansı dövlət tərəfindən hərbi müdaxiləyə məruz qalardısa, tərəflər bir - birinə hökmən hər cür hərbi yardım göstərməli idilər. Azərbaycan və Gürcüstanın Ermənistanı da bu pakta cəlb etmək cəhdləri uğursuz oldu. Ermənilər əksinə, Denikinlə Azərbaycan əleyhinə gizli danışıqlar aparırdılar. 16 iyun 1919-cu il müqaviləsinin şərtlərinə uyğun olaraq Gürcüstan Azərbaycana xeyli sayda hərbi texnika və silah - sursat göndərdi, hətta birgə Hərbi Şura da yaradıldı.
Əlimərdan bəy Topçubaşovun başçılığı altında İstanbulda və Parisdə Azərbaycan diplomatlarının Qacar dövləti ( indiki İran) ilə apardığı danışıqlarda Qacar tərəfi mövcud şəraitdə müsəlmanların birliyinin və qardaşlığının tarixi zərurət olduğunu bildirirdi. Qacar hökümətinin xarici işlər naziri Əliqulu xan Ə.M.Topçubaşovla danışıqlar zamanı belə bir həqiqəti də dilə gətirmişdi: "İndi biz müsəlmanlar gərək bir yerdə olaq... Qafqazda ilk növbədə ruslar, sonra isə gürcülər və ermənilər əvvəl sizi, sonra isə bizi yeyəcəklər." Sözdə Azərbaycanın müstəqilliyinə tərəfdar olduğunu bildirən Qacar hökuməti işdə Paris sülh konfransında 1813-cü il Gülüstan sülhünə qədərki sərhədlərin bərpa edilməsi tələbini irəli sürərək Cümhuriyyətin bütün ərazisinə iddia qaldırmışdı. Lakin bir qədər sonra Tehran hökuməti Qafqaz siyasətini dəyişərək təcavüzkar Sovet Rusiyasi ilə qonşu olmaqdansa, Azərbaycanı və digər Cənubi Qafqaz respublikalarını tanımaqla Rusiya ilə öz arasında qoruyucu bufer zona yaratmağı üstün tutdu. 1919-cu il noyabrın 1-də Parisdə iki dövlət ilə arasında müqavilə bağlandı, Qacar höküməti Azərbaycanın müstəqilliyini tanıdı. Nəticədə iki ölkə arasında diplomatik münasibətlər yaradıldı. 1920-ci il martın 20-də Azərbaycanla Qacar dövləti(İran) arasında bağlanmış "sülh və dostluq haqqında" müqaviləyə görə Qacar hökuməti Azərbaycanın müstəqilliyini de - yure tanıyırdı. İki ölkə arasında gömrük, ticarət poçt - teleqraf və konsul əlaqələri haqqında sazişlər də imzalandı. Nəticədə Tehranda Azərbaycanın səfirliyi, Təbrizdə isə Azərbaycanın baş konsulluğu fəaliyyətə başladı.
Milli hökumət indiki Dağıstan ərazisində yaranmış Dağlılar respublikası ilə 1918-ci ilin oktyabr - noyabr aylarında bir neçə müqavilə bağlayaraq bu respublikaya 10 milyon manat yardım da göstərmişdi. 1919-cu ildə Dağlılar respublikası Denikinin təcavüzünə məruz qalmış və bizim qədim Dərbənd şəhəri də işğal olunmuşdu. Denikinin əsas məqsədinin bütün Azərbaycanı işğal etmək olduğunu aydın surətdə dərk edən Cümhuriyyət hökuməti dərhal nizami ordu hissələrini Şimal sərhədlərimizdə yerləşdirmişdi.
Milli hökumət mövcud olduğu iki il ərzində nə qədər səy göstərsə də, Sovet Rusiyası və Ermənistanla normal münasibətlər yarada bilmədi. Çünki Sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan qətiyyətlə imtina edir, keçmiş Rusiya imperiyasını bərpa etmək üçün planlar hazırlayırdı. Ermənistan isə Azərbaycana düşmən münasibət bəsləyərək, daima ona qarşı haqsız ərazi iddiaları ilə çıxış edirdi.
Cümhuriyyət hökuməti 1919-cu il yanvarın 18-də işə başlayan Paris sülh konfransında iştirak etmək üçün Əlimərdan bəy Topçubaşovun başçılığı ilə nümayəndə heyəti göndərmişdi. Əsas məqsəd Paris sülh konfransının Ali Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaqdan ibarət idi. Müharibədə qalib gəlmiş Antanta dövlətləri - ABŞ, İngiltərə, Fransa, İtaliya Ali Şurada əsas rol oynayırdılar. Azərbaycan nümayəndə heyəti 1919-cu ilin may ayının 28-də ABŞ prezidenti Vudro Vilson tərəfindən qəbul edildi. Nümayəndə heyətimizin başçısı Əlimərdan bəy Topçubaşovun V.Vilsona təqdim etdiyi altı maddədən ibarət olan Memorandumda Azərbaycanın müstəqilliyinin tanınması, onun Millətlər Cəmiyyətinin üzvlüyünə qəbul edilməsi, ABŞ-la diplomatik münasibətlərin yaradılması, ABŞ-ın Azərbaycana hərbi yardım göstərməsi və s. tələb olunurdu. Artıq 3 - 4 ay idi ki, Parisdə Azərbaycan və Türkiyənin əleyhinə geniş təbliğat aparan ermənilər V.Vilsona Qafqazda cərəyan edən hadisələr haqqında çoxlu sayda saxta məlumatlar çatdırmışdılar. Digər tərəfdən İngiltərə, Fransa kimi ABŞ da "vahid və bölünməz Rusiya" nın saxlanması mövqeyindən çıxış etdiyindən prezident V.Vilson Azərbaycanın tanınması məsələsini hələlik açıq saxlamışdı.
Əlimərdan bəy Topçubaşovun başçılığı altında Azərbaycan diplomatlarının Paris sülh konfransında ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsiz qalmadı. Qafqaz üçün Rusiya təhlükəsinin getdikcə artdığı bir şəraitdə İngiltərənin xarici işlər naziri lord Kerzonun təklifi ilə 1920-ci il yanvar ayının 11-də Paris sülh konfransı tərəfindən Azərbaycanın və onun müttəfiqi Gürcüstanın müstəqilliyi de - fakto tanındı. Yaponiya fevral ayının 7-də konfransın bu qərarına qoşulsa da, ABŞ rəsmi surətdə bundan imtina etdi.
1920-ci il yanvarın 19-da Paris sülh konfransının Ali Şurasının iclasında Azərbaycan və Gürcüstan nümayəndələrinin qaldırdığı Sovet Rusiyasının Cənubi Qafqaza hərbi müdaxiləsinin qarşısını almaq üçün İngiltərə və Fransa tərəfindən ordu ilə köməklik göstərilməsi məsələsinə baxıldı. Ancaq Antanta dövlətlərinin Cənubi Qafqaz respublikalarına ordu göndərmək imkanına malik olmaması əsas gətirilərək Azərbaycan və Gürcüstana yalnız silah, hərbi sursat və ərzaq yardımı göstərilməsi haqqında qərar verildi.
Azərbaycan Xalq Cümhuriyyətinin Paris sülh konfransı tərəfindən de - fakto tanınması münasibətilə 1920-ci il yanvar ayının 14-ü qeyri - iş günü elan olundu, həmin gün Bakıda bayram şənlikləri və hərbi parad keçirildi.
Azərbaycan Xalq Cümhuriyyətinin tanınması ilə onun beynəlxalq vəziyyəti sabitləşmiş və dövlətimiz geniş beynəlxalq əməkdaşlıq dövrünə daxil olmuşdu. Artıq Bakıda dünyanın 20-dən çox dövlətinin diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi. Türkiyə, Qacar(İran), Gürcüstan, Ermənistan, Dağlılar respublikası, Ukrayna, Krım, Mərkəzi Asiya və digər dövlətlərdə Azərbaycanın səlahiyyətli nümayəndələri diplomatik fəaliyyətə başlamışdılar. 1920-ci ilin əvvəllərində Cənubi Azərbaycanın bütün böyük şəhərlərində Cümhuriyyət hökumətinin baş konsulluğu və yaxud konsulluğu fəaliyyət göstərirdi.
Dostları ilə paylaş: |