2. 1918-ci ilin Mart soyqırımı. Cənubi Qafqazda əvvəl Zaqafqaziya Komissarlığının, sonra isə Zaqafqaziya Seyminin səlahiyyət dairəsindən kənarda qalan yeganə şəhər Bakı idi. Çünki Rusiya Sosial - Demokrat Fəhlə Partiyasının yerli təşkilatı olan Bakı Komitəsinin bolşevik rəhbərliyi 1917-ci il noyabrın 2-də Bakı şəhərində Sovet hakimiyyəti elan etmişdi. S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin arxasında Sovet Rusiyası dururdu. Bakı Sovetinin şəhərdə hakimiyyəti tamamilə ələ keçirməsi yolunda əsas maneə bütün şəhər təsərrüfatına rəhbərlik edən Duma və Müsəlman Milli Şurası idi. Bakı Şəhər Dumasına görkəmli siyasi xadim Fətəli xan Xoyski başçılıq edirdi.
Bakı Sovetinin rəhbərliyi 1918-ci ilin əvvəllərində Şəhər Dumasının fəaliyyətini məhdudlaşdıraraq əhalinin ərzaqla təchizatını, maliyyəni, poçt, teleqraf üzərində nəzarəti ələ keçirdi. 1918-ci il 15 yanvar tarixli dekret ilə Bakı Sovetinin silahlı qüvvələrinin yaradılmasına başlandı. Qırmızı qvardiya, donanma və milis dəstələri Bakı Sovetinə tabe edildi. Mart qırğını ərəfəsində S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin ixtiyarında 20 minlik hərbi qüvvə var idi. V.İ.Leninin başçılıq etdiyi Sovet Rusiyası Qafqazın fövqəladə komissarı təyin etdiyi S.Şaumyana 500 min manat pul vəsaiti ayırmışdı. Xeyli hissəsi erməni əsilli olan bolşeviklər və onların hakimiyyət orqanı Bakı Soveti Bakı şəhərində qırğın törətməklə "Müsavat" partiyasının sosial bazasını məhv etmək istəyirdi. 1918-ci il mart ayının 15-də Bakı Soveti ilə Daşnak partiyası və digər erməni milli təşkilatları arasında müsəlman - türk əhaliyə divan tutmaq və şəhəri əsil sahiblərindən təmizləmək haqqında gizli razılıq əldə olunmuşdu. Qırğın ərəfəsində Bakı Sovetinin rəhbərliyi bütün vasitələrlə müsəlman - türk əhalini silahsızlaşdırıb, müdafiəsiz vəziyyətə salmağa çalışırdı. Əvvəlcə cəbhədən qayıtmış müsəlman korpusunun komandanı general Xəlil bəy Talışinskini həbs etdilər. Martın 24-də Lənkərana yola düşməyə hazırlaşan "Evelina" gəmisindəki müsəlman hərbçilər bolşeviklər tərəfindən tərk - silah edildilər.
1918-ci il mart ayının 30-da Bakı Sovetinin rəhbərlik etdiyi bolşevik - daşnak hərbi dəstələri Bakı şəhərində türk - müsəlman əhaliyə qarşı soyqırımı həyata keçirməyə başladı. Üç gün davam edən Bakı qırğınları zamanı əksinqilabçı və müsavatçı adı ilə 12 min nəfər dinc əhali amansızlıqla qətlə yetirildi. Bolşevik - daşnak qüvvələri tərəfindən o dövrün gözəl memarlıq abidəsi olan və Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi "İsmailiyyə" binası, Şərqin ilk teatrı olan "Tağıyev teatrı", "Açıq söz" və "Kaspi" qəzetlərinin redaksiyaları yandırıldı və "Təzə pir" məscidi dağıdıldı.
"İstiqlaliyyət Bəyannaməsi." Azərbaycan Xalq Cümhuriyyətinin yaranması. 1918-ci il mart - aprel aylarında Bakıda və Azərbaycanın ayrı - ayrı bölgələrində bolşevik - daşnak qüvvələri tərəfindən türk - müsəlman əhalisinə qarşı çox dəhşətli soyqırımın törədilməsi, Cənubi Qafqazın əsas hakimiyyət orqanı olan Zaqafqaziya Seyminin bunun qarşısını almaq üçün hər hansı bir təsirli tədbirlər görmək istəməməsi, Seymdəki erməni - gürcü çoxluğunun Osmanlı ilə savaşda uduzandan sonra da bu dövlətlə münasibətləri normallaşdırmaq üçün heç bir ciddi addım atmaması Zaqafqaziya Federativ Respublikasını siyasi böhrana sürüklədi. Bu respublikanın süqutu və Seymdə təmsil olunan xalqların öz müstəqil dövlətlərini yaratması tarixi zərurətə çevrildi.
1918-ci il mayın 26-da Seymin sonuncu iclasında Gürcüstan Seymdən çıxdığını bəyan etdi və Seym buraxıldı. Beləliklə, ilk olaraq Gürcüstan öz dövlət müstəqilliyini elan etdi.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirərək Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürdü və özünü Müvəqqəti Milli Şura elan etdi. Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə seçildi. Milli Şuranın 1918-ci il mayın 28-də keçirilən birinci iclasında Azərbaycanın müstəqil respublika elan edilməsi qərara alındı və "İstiqlaliyyət Bəyannaməsi" qəbul edildi. "İstiqlaliyyət Bəyannaməsi"ndə deyilirdi:
1."Azərbaycan tam hüquqlu müstəqil dövlətdir. Cənubi Qafqazın cənub və şərq hissələrindən ibarətdir. Ali hakimiyyət Azərbaycan xalqına məxsusdur.
2. Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün üzvləri ilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə qonşuluq əlaqələri yaradacaqdır.
4. Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində milliyətindən, dinindən, cinsindən, ictimai vəziyyətindən asılı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və siyasi hüquqlar verir.
5. Azərbaycan Xalq Cümhuriyyəti onun ərazisində yaşayan bütün xalqların sərbəst inkişafına şərait yaradacaqdır.
6. Məclisi - Müəssisə çağırılana qədər Azərbaycanda ali hakimiyyət xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və Milli Şuranın qarşısında cavabdeh olan Müvəqqəti Hökumət sayılır".
"İstiqlaliyyət Bəyannaməsi"nin verildiyi elə həmin gün - mayın 28-də Milli Şuranın tapşırığı ilə Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk hökumət kabineti təşkil edildi.
Beləliklə, milli - azadlıq hərəkatının üçüncü mərhələsinin əsas yekunu olaraq xalqımız öz dövlət müstəqilliyinə qovuşdu. Azərbaycan Xalq Cümhuriyyəti bütün Türk və Müsəlman dünyasında dünyəvi təməl üzərində qurulan ilk Türk dövləti idi.
Cənubi Qafqazda yaranan yeni dövlətlərin sərhədlərinin müəyyən edilməsi məsələsində erməni nümayəndələri çox çətin vəziyyətə düşmüşdülər. Çünki Ermənistan dövləti yaratmaq üçün onların siyasi mərkəz olacaq şəhərləri yox idi. Azərbaycan Milli Şurası 1918-ci il may ayının 29-da erməni Milli Şurasının müraciəti əsasında ermənilərin Dağlıq Qarabağa olan iddialarından imtina etməsi şərti ilə İrəvan şəhərinin onlara güzəştə gedilməsi haqqında qərar çıxartdı. Gürcüstanla sərhəd məsələsi dinc yolla həll edildi. Gürcülərin Zaqatala dairəsinə iddiası əsasında dairənin əhalisi arasında rəy sorğusu keçirildi və sorğunun nəticəsinə görə Zaqatala dairəsi Azərbaycanın tərkibində saxlanıldı.
Azərbaycan Milli Hökumətinin xarici siyasət sahəsində ilk diplomatik addımı və böyük uğuru 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsinin bağlanması oldu. Bu müqavilə əsasında Osmanlı imperatorluğu Azərbaycan Cümhuriyyətini tanıyan ilk dövlət oldu. Batum müqaviləsinin dördüncü maddəsi yeni yaranmış dövlətimiz üçün həyati əhəmiyyətə malik idi. Çünki həmin maddəyə görə ölkəmizin təhlükəsizliyinin təmin olunması ehtiyacı yaranardısa, Osmanlı hökuməti Azərbaycan hökumətinə hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü. Müqaviləni imzalayan Azərbaycan nümayəndələri - M.Ə.Rəsulzadə və M.H.Hacınskinin Türkiyə hökumətindən hərbi yardım istəyinə dərhal müsbət cavab verildi və iyun ayının birinci yarısında Nuru paşanın başçılığı ilə türk qoşunu Gəncəyə gəldi.
1918-ci ilin iyun ayının 16-da Azərbaycan Milli Şurası və Milli hökuməti Tiflisdən Gəncəyə köçdü. İyun ayının 17-də Azərbaycan Milli Şurası müvəqqəti olaraq öz işini dayandıraraq bütün səlahiyyətlərini Fətəli xan Xoyskinin başçılıq etdiyi Müvəqqəti Hökumətə verdi. Hökumət isə 6 aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalı idi. 1918-ci il iyunun 17-də F.Xoyskinin başçılığı ilə Gəncədə təşkil olunan ikinci hökumət kabinetinin əsas vəzifəsi Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətini ölkənin bütün ərazisinə yaymaqdan və Bakı şəhərini Azərbaycan xalqının düşmənlərindən azad etməkdən ibarət idi.
1918-ci ilin noyabrın 16-da fəaliyyətini bərpa edən Milli Şura noyabrın 19-da Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul etdi. Bu qanuna görə 120 nəfərdən ibarət olacaq təkpalatalı Parlamentə Milli Şuranın 44 üzvündən əlavə, Şimali Azərbaycanın 2 milyon 862 min nəfərə çatan ümumi əhalisinin 1 milyon 952 min nəfərini, yəni 68% -ni təşkil edən müsəlman türklərindən daha 36 nümayəndə seçilməsi (birlikdə cəmi 80 nəfər) nəzərdə tutulmuşdu. Cümhuriyyət hökuməti öz prinsiplərinə sadiq qalaraq ölkəmizdə sığınacaq tapmış 500 mindən çox erməniyə parlamentdə 21 yer, sayı 214 min nəfər olan ruslara 10 yer, milli azlıqların isə hərəsinə bir yer ayırmışdı. Azərbaycan Cümhuriyyəti dünyada ilk dəfə olaraq qadınlara seçib - seçilmək hüququ vermişdi.
Azərbaycan parlamentinin ilk iclası 1918-ci il dekabrın 7-də keçirildi. Böyük siyasi və dövlət xadimi, Cümhuriyyətin qurucusu Məmməd Əmin Rəsulzadə ilk iclasda çıxış edərək bütün nümayəndələri "Vətən və millət qayəsindən qat - qat aşağıda duran partiya və şəxsi maraqları bir tərəfə tullayıb, Vətən qayğısı və Millət duyğusunu hər şeydən yüksək tutmağa çağırdı."
Bitərəf hüquqşünas və tanınmış siyasi xadim Əlimərdan bəy Topçubaşov Azərbaycan Parlamentinin sədri, "Müsavat" partiyasının üzvü Həsən bəy Ağayev isə onun müavini seçildi. Əvvəl İstanbulda Azərbaycan Cümhuriyyətinin nümayəndəsi, sonra isə Paris konfransına göndərilən nümayəndə heyətinin başçısı olan Ə.Topçubaşov Vətənə dönmədiyindən parlamentə əvvəldən axıra qədər Həsən bəy Ağayev başçılıq etmişdir. Parlamentin təkidi ilə dekabrın 26-da təşkil edilən üçüncü hökumət kabinetinə də Fətəli xan Xoyski başçılıq edirdi. 1919-cu il martın 14-dən dekabrın 22-nə qədər mövcud olmuş dördüncü hökumət kabinetinə və 1919-cu il dekabrın 24-dən 1920-ci il aprelin 1-dək fəaliyyət göstərmiş beşinci hökumət kabinetinə isə "Müsavat" partiyasının liderlərindən biri Nəsib bəy Usubbəyli başçılıq etmişdir.
1918-ci il 27 iyun tarixli fərmanla türk dili Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət dili elan olunmuşdu. Parlamentdə Azərbaycan türk dili işlənir və rəsmi sənədlərin hamısı bu dildə tərtib olunurdu. Azərbaycan Parlamenti mövcud olduğu dövrdə ölkəmizin sosial - iqtisadi, siyasi və mədəni həyatının ən vacib məsələləri ilə bağlı 300-dən çox qanun qəbul etmişdi.
Yeni dövlət quruculuğu sahəsində ən mühüm addımlardan biri, məşhur bəstəkarımız Üzeyir Hacıbəyovun vətənpərvər şairimiz Əhməd Cavadın sözlərinə yazdığı Milli Marşın Cümhuriyyətin Himni kimi qəbul edilməsi oldu. Milli hökumətin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsvir edilmiş qırmızı bayraq Cümhuriyyətin Dövlət Bayrağı kimi təsdiq edildi. 1918-ci il noyabr ayının 9-da bu bayraq mavi, qırmızı və yaşıl zolaqlardan ibarət yeni Dövlət Bayrağı ilə əvəz olundu. Dövlət bayrağımızın bu üç rəngi Türk milli mədəniyyətini, Müasir Avropa demokratiyasını və İslam sivilizasiyasını təcəssüm etdirirdi. Cümhuriyyət yaranışından elan etdiyi təməl prinsiplərinə sadiq qalaraq 1918-ci il avqustun 23-də o dövr üçün çox mütərəqqi sayılan "Azərbaycan vətəndaşlığı haqqında" qanunu qəbul etdi. Bu qanuna görə Azərbaycan ərazisində doğulan və valideynlərindən ən azı biri azərbaycanlı olan bütün şəxslər Azərbaycan vətəndaşı sayılırdılar.
Cümhuriyyət hökuməti Azərbaycanın hərbi donanmasının yaradılması üçün də mühüm addımlar atmışdı. 1919-cu ilin yayında Bakını tərk edən ingilislərin Azərbaycan hökumətinə təhvil verdiyi hərbi sursat və hərbi gəmilər əsasında Xəzər Hərbi Donanması yaradıldı. Cənubi Rusiya ordusunun başçısı, çar generalı Denikinin qəti etirazlarına baxmayaraq, dəniz sərhədlərimizi qoruyan hərbi donanmamız şanlı Azərbaycan bayrağı altında üzürdü. 1919-cu ilin sonunda donanma üçün xaricdən 18 hərbi kater və 6 sualtı qayıq alınmışdı.
Dostları ilə paylaş: |