Sovet Rusiyası geniş sosial bazaya malik olmayan Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Milli Hökumətimizə qarşı hər hansı bir üsyan və ya çevriliş təşkil etmək gücündə olmadığını yaxşı dərk etdiyindən, Azərbaycana qarşı açıq hərbi müdaxilə variantını seçmişdi. Azərbaycan bolşevikləri ilə birlikdə o dövrdə antimilli qüvvəyə çevrilən “İttihad” partiyası olsa - olsa, müəyyən pozuculuq işləri və təxribatlar aparmağa yarayırdı.
Heç şübhəsiz, Cümhuriyyətin yıxılmasında müəyyən daxili amillərin də rolu olmuşdur. 1920-ci il martın 30-da Beşinci hökumət kabinetinin istefaya çıxması, lakin yeni hökumət kabinetinin yaradılmaması, Parlament daxilində Rusiyameylli qüvvələrin fəallaşması, müxtəlif partiya və fraksiyalar arasında mübarizənin kəskinləşməsi, hökumət üzvləri arasında Rusiyaya münasibətdə fikir ayrılığının mövcudluğu və s. kimi amillər dövlətimizin Rusiyanın açıq hərbi təcavüzündən qorunması üçün lazımı tədbirlərinin görülməsini çətinləşdirmişdi. Sovet Rusiyasının XI Qırmızı Ordu hissələri şimaldan hərbi təcavüzü davam etdirərək artıq 1920-ci il aprel ayının 27-də Bakı şəhərinin yaxınlığına, Biləcəri stansiyasına gəlib çatmışdı. Bu orduya arxalanan Azərbaycan kommunistləri aprel ayının 27-də Respublika Parlamentinə hakimiyyəti təhvil vermək haqqında ultimatum göndərdi. Ultimatumda “yubanmadan hakimiyyətin Nəriman Nərimanov başda olmaqla Azərbaycan fəhlə - kəndli hökumətinə təhvil verilməsi tələb olunur, əks halda Xəzər dənizindəki Qırmızı donanma tərəfindən Bakı şəhərinin atəşə tutulucağı” bildirilirdi.
Aprelin 27-də Parlamentin M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi sonuncu iclasında sosialist fraksiyası və ona yaxın qüvvələr hakimiyyətin bolşeviklərə təhvil verilməsi tələbini müdafiə etdilər. Parlamentdə azlıqda qalan qüvvələri təmsil edən Məmməd Əmin Rəsulzadə bu tələbə kəskin etiraz edərək bildirmişdi: “yalan təbliğata əl atan düşmən bizi aldadır ki, Rusiyadan gələn bu ordu guya Türkiyəni xilas etmək üçün gedir. Ancaq Anadolunun imdadına getmək bəhanəsi ilə yurdumuza girən işğalçı ordu buradan bir daha çıxmaq istəməyəcəkdir.”
Dostları ilə paylaş: |