1920-ci il may ayının 15-də dinin dövlətdən ayrılması haqqında dekret imzalandı və Azərbaycanda bütün dini ayin və mərasimlərin icrası qadağan edildi. Azərbaycan İnqilab Komitəsinin 1920-ci il 23 sentyabr tarixli dekreti ilə kənd yerlərində yoxsul komitələri yaradılmasına başlandı. 1921-ci ilin yazında həmin komitələr kənd sovetləri ilə əvəz olundu.
1921-ci il mayın 6-da Bakıda keçirilən I Sovetlər qurultayında Azərbaycan SSR-nin ilk Konstitusiyası qəbul olundu. Bu Konstitusiya ilə Azərbaycanda bolşevik hakimiyyət orqanlarının fəaliyyəti "qanuniləşdirildi", zəhmətlə məşğul olmayanlar seçki hüququndan məhrum edildi. Azərbaycan İnqilab Komitəsi ləğv edildi. Bundan sonra Qurultayda seçilən Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi (MİK) ölkədə ali qanunverici orqan elan olundu. Azərbaycan SSR Xalq Komissarları Soveti (XKS) isə ali icra orqanı kimi fəaliyyət göstərirdi.
Sovet işğal rejiminə qarşı müqavimət hərəkatı. 1920-ci il 28 aprel istilasından dərhal sonra Azərbaycanda Sovet rejiminə qarşı üsyan və çıxışlara səbəb oldu. Azərbaycanda Sovet işğal rejiminə qarşı 1920-ci ilin mayında Gəncə şəhərində baş vermiş üsyan öz miqyasının böyüklüyünə görə digər üsyanlardan fərqlənirdi. Ordunun yenidən təşkil edilməsi bəhanəsi ilə Azərbaycanın bolşevik hökumətinin milli ordunun rəhbər heyətinin dəyişdirilməsi və əsgərlərin tərk - silah edilməsi haqqındakı qərarı Gəncədə güclü üsyana gətirib çıxartdı. Azərbaycan milli ordu hissələrinin 1920-ci il mayın 25-dən 26-na keçən gecə Sovet rejiminə qarşı başlayan üsyanında 1800 nəfər hərbçi ilə birlikdə Gəncə şəhərinin əli silah tutan 10 min nəfərdən çox sakini iştirak edirdi. Mayın 26-da üsyana rəhbərlik etmək üçün hərbi şura yaradılmışdı. Üsyançılar dəmir yol stansiyasını ələ keçirmiş və Gəncə şəhərinin müsəlmanlar yaşayan hissəsini bir həftə əllərində saxlamışdılar. Bolşeviklər çoxlu sayda qoşun birləşmələri, ağır artilleriya qüvvələri və zirehli qatarları cəlb edərək mayın 31-də Gəncə şəhərinə hücuma keçdilər. Bölgənin erməni əhalisi XI orduya hər cür yardım göstərir, silahlı dəstələr düzəldərək düşmənlərimizlə birlikdə üsyançılara qarşı vuruşurdular. Gəncədə işğalçı rus ordusuna müqavimət o qədər güclü olmuşdu ki, düşmən üsyanı yatırarkən 8500 nəfərdən çox əsgər itirmişdi. Gəncə üsyanı zamanı 13000 nəfərdən çox vətənpərvər şəhid olmuşdu. Üsyanda iştirak edən milli ordunun 76 nəfər yüksək rütbəli zabiti, o cümlədən 6 general həbs olunaraq Bakıya aparılmış və Nargin adasında güllələnmişdi. Gəncə üsyanının miqyası o qədər böyük idi ki, Azərbaycanı itirəcəyindən qorxuya düşən Sovet Rusiyası Bakıya əlavə hərbi qüvvələr gətirib yerləşdirmişdi.
Sovet rejiminə qarşı ikinci böyük üsyan Qarabağda baş vermişdi. Azərbaycan milli ordusunun 6 min nəfər əsgər və zabitdən ibarət süvari və piyada alayları Qarabağ bölgəsini nəzarətdə saxlayırdı. Sovet Rusiyasının həmin milli ordu hissələrini tərk - silah etmək üçün göndərdiyi XI ordunun iki diviziyasına qarşı Azərbaycan əsgərləri 1920-ci il iyunun 5-də Tərtər, Ağdam və Şuşada savaşa girərək düşməni böyük tələfata uğratmışdılar. Qarabağdakı erməni daşnakları işğalçı rus ordusu ilə birlikdə hərəkət edirdi. Şimali Qafqazda Qırmızı orduya qarşı azadlıq mübarizəsinə qoşulan qüvvələri birləşdirməyə gedən qəhrəman türk generalı Nuru paşa üsyan xəbərini alan kimi hərbi qüvvə ilə Şuşanın müdafiəçilərinə köməyə gəlmişdi. Milli ordu hissələri türklərin köməyi ilə Qarabağda Sovet hakimiyyətini devirmiş və Nuru paşa Qarabağın hakimi elan olunmuşdu. Ancaq əlavə kömək alan XI ordu hissələri iyunun 15-də üsyanı yatıraraq ermənilərlə birlikdə Azərbaycan əhalisinə divan tutdu. Milli ordumuzun salamat qalan hissələri Ş.M.Xiyabaninin nəzarətində olan Cənubi Azərbaycana keçməyə məcbur oldu.
Sovet rejiminə qarşı 1920-ci il iyunun 5-də Zaqatalada başlayan üsyanın əsas hərəkətverici qüvvələrini kəndlilər təşkil etsə də, milli ordunun bölgədəki süvari alayı da ruslarla savaşa qoşulmuşdu. Üsyana Hafiz Əfəndiyev və Əhmədiyev başçılıq edirdilər. Üsyançılar rus qoşunlarına qalib gəlib, əvvəl Zaqatalanı, sonra Qaxı düşməndən azad etsələr də, XI ordu hissələrinə əlavə hərbi yardım göndəriləndən sonra iyunun 18-də üsyan yatırılmışdı. Nəticədə Zaqatala yenidən ruslar tərəfindən zəbt edilmişdi.
1920-ci ilin yayında Sovet rejiminə qarşı Şəmkir qəzasında baş vermiş üsyanda kişilərlə yanaşı, hətta qadın və uşaqlar da ruslara qarşı qəhrəmanlıqla vuruşurdular. Sovet hakimiyyəti bu üsyanı XI ordunun dörd diviziyasını bölgəyə yeridəndən sonra çox çətinliklə yatırmışdı. 1920-ci ildə Lənkəranda baş verən üsyanı isə rus ordusu çox çətinliklə 1921-ci ilin əvvəllərində yatıra bilmişdi.
Azərbaycanda Sovet işğal rejiminə qarşı müqavimət hərəkatının genişlənərək ölkənin bütün bölgələrini bürüməsi Sovet Rusiyasını ölkəmizə təcili olaraq əlavə 7 diviziya göndərməsinə səbəb olmuşdu.
Dostları ilə paylaş: |