MÖVZU 18. AZƏRBAYCAN XX ƏSRİN 20-30-CU İLLƏRİNDƏ
Azərbaycanda sovet hakimiyyətinin qurulması. 1920-ci ildə İşğalçı XI Qırmızı Оrdu Bakıya daxil oldu və 1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu elan edildi. Azərbaycan Kommunist (bolşeviklər) Partiyası ölkəmizdə yi Azərbaycan Müvəqqəti İnqilab Komitəsini ali siyasi hakimiyyət orqanı elan etdi və aprelin 28-də formalaşdırılan yeni hökumət Azərbaycan SSR Xalq Komissarları Soveti (XKS) adlandırıldı. Azərbaycan XKS-nin sədri təyin edilən Nəriman Nərimanovun başçılıq etdiyi yeni hökumətin tərkibi tamamilə azərbaycanlılardan ibarət olsa da, Sovet Rusiyasının rəhbərləri nə Müvəqqəti İnqilab Komitəsinə, nə Azərbaycan XKS-yə, nə də N.Nərimanova real siyasi hakimiyyət və səlahiyyət vermək fikrində deyildilər. Yeni hökumətin başçısı N.Nərimanov 1920-ci il may ayının 16-da Bakıya gələndə Naxçıvanı çıxmaqla, demək olar bütün Azərbaycanda silah gücünə və zorakılıqla Sovet hakimiyyəti qurulmuşdu. XI Qırmızı Ordunun xüsusi şöbəsi V.Pankratovun başçılığı ilə Azərbaycanda siyasi prossesləri tənzimləyən əsas terror təşkilatına çevrilmişdi.
Azərbaycan Müvəqqəti İnqilab Komitəsi Rusiya təcrübəsini əsas götürərək Azərbaycanın sosial - iqtisadi həyatı və “dövlət quruculuğu” sahəsində bir sıra “inqilabi” tədbirləri həyata keçirməyə başladı. Azərbaycan İnqilab Komitəsi tərəfindən 1920-ci il may ayının 5-də imzalanmış torpaq haqqında dekretdə (fərman) “xanların, bəylərin, mülkədarların bütün torpaqlarının, bütün monastr, kilsə, vəqf və məscid torpaqlarının iş heyvanları və avadanlıqları ilə birlikdə ödəncsiz olaraq torpaqdan bərabər şəkildə istifadə əsasında zəhmətkeş xalqa (yəni kəndlilərə) verilməsi” nəzərdə tutulmuşdu. Qəza və kəndlərdə yaradılan torpaq komitələri bu dekretin həyata keçirilməsinə başlamadığı şəraitdə, 1920-ci ilin avqust ayından Azərbaycanda “hərbi kommunizm” siyasəti tətbiq olunmağa başladı, halbuki Azərbaycan şəraitində bu siyasətə heç bir zərurətyox idi. “Hərbi kommunizm” siyasətilə kəndlilər ərzaq sapalağı ödəməli idilər. Ərzaq sapalağına görə kəndli öz məhsulunun yalnız az bir hissəsini acından ölməmək üçün özünə saxlayıb, qalanını hökmən dövlətə təhvil verməli idi. Beləlilklə, 1920-ci il avqustun 26-da Azərbaycan SSR-də taxıl məhsulları üzərinə dövlət inhisarı qoyularaq həmin məhsulların satışı kəndlilərə qadağan edilmişdi. Sovet Azərbaycanında yerləşən və şəxsi heyəti 70 min nəfərdən çox olan Qırmızı Ordunu və fəhlələri çörək və digər kənd təsərrüfatı məhsulları ilə təmin etmək kimi çox ağır vəzifə Azərbaycan kəndlilərinin boynuna yüklənmişdi. Qırmızı Оrdunun müşayiəti ilə Azərbaycan kəndinə göndərilən və Bakı şəhərinin erməni və rus əhalisinin nümayəndələrindən təşkil edilən Xüsusi ərzaq ekspedisiyaları əhalinin əlində olan bütün taxıl və digər kənd təsərrüfatı məhsullarını ərzaq sapalağı adı ilə zorla alıb aparırdılar. Məcburi qaydada ərzaq sapalağının yığılması Azərbaycan kəndlisini tamamilə müflisləşdirmişdi.
Neft sənayesini çıxmaqla, iqtisadiyyatımızın milliləşdirilmiş bütün sahələrini idarə etmək üçün Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurası yaradıldı.
Dostları ilə paylaş: |