MÖVZU 22. AZƏRBAYCAN SSR 1970 - 1980- 90-Cİ İLLƏRDƏ
1970 - 1980-ci illərdə respublikanın ictimai - siyasi, iqtisadi və mədəni həyatında baş vermiş bütün dəyişikliklər 1969-cu il iyulun 14-dən 1982-ci ilin noyabr ayınadək Azərbaycanı idarə etmiş Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, 1941-ci ildən həyatını bağladığı dövlət təhlükəsizlik orqanlarında uzun müddət çalışmış və vəzifə pillələrində sürətlə irəliləyərək, 1967-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilmişdi. H.Ə.Əliyev işdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini də bitirmişdir. O, hakimiyyətə gələndə respublikada ictimai - siyasi və iqtisadi vəziyyət kifayət qədər mürəkkəb idi. Bir tərəfdən respublikanın iqtisadi inkişafı ləng gedirdi və xalq təsərrüfatının əsas sahələri üzrə iqtisadi göstəricilər xeyli aşağı idi. Heydər Əliyev respublikada öz fəaliyyətinə idarəetmə orqanlarında ciddi kadr dəyişiklikləri ilə başladı. Partiya, təsərrüfat və sovet orqanlarında qanunu pozan, nüfuzunu itirən və işinin öhdəsindən gələ bilməyən bütün kadrlar dərhal yeniləri ilə əvəz olundu. Nazirlər Şurasının sədri təyin edilən A.İbrahimov, Ali Sovetin Rəyasət Heyətinin Sədri təyin edilən Q.Xəlilov kimi vicdanlı və dürüst şəxslərin dövlət və hökumət orqanlarında vəzifəyə gətirilməsi bütövlükdə hakimiyyətin nüfuzunun artmasına səbəb oldu. Sovet dövlətinin əsl xalq hakimiyyəti olmasına inanan Heydər Əliyev fəhlə, kəndli və ziyalıların nümayəndələri ilə bütün görüşlərində onları dinləmək bacarığı ilə hamını heyrətə gətirirdi.
Əhalinin getdikcə artan tələbatının ödənilməsində ciddi problemlərin olduğu bir şəraitdə mənzillərin, minik avtomobillərinin və digər az tapılan malların bölüşdürülməsində ədalət prinsipinə ciddi əməl olunması sadə adamlarda dövlətə inamı artırmışdı. 70-ci illərin əvvəllərindən Respublikanın həyatının müxtəlif sahələrini yüksək ixtisaslı kadrlarla təmin etmək üçün SSRİ-nin Moskva, Leninqrad və digər şəhərlərinin ali məktəblərinə müsabiqədən kənar qaydada təhsil almaq üçün hər il min nəfər azərbaycanlı gənc göndərilirdi.
Heydər Əliyev SSRİ tərkibində Azərbaycanın bir müttəfiq respublika kimi hüquqlarının pozulmasına yönələn bütün cəhdlərin qarşısını alırdı. 1977-ci il SSRİ Konstitusiyası hazırlanarkən Ermənistan rəhbərliyinin qaldırdığı Dağlıq Qarabağın statusuna yenidən baxılması məsələsi onun SSRİ rəhbərliyi qarşısında nümayiş etdirdiyi barışmaz və qəti mövqe nəticəsində gündəlikdən çıxarılmışdı. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların yaşadığı kənd və rayonların acınacaqlı sosial - iqtisadi vəziyyəti ilə yerində tanış olan H.Əliyev xüsusilə, Şuşa şəhərinin inkişaf etdirilməsi ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirmişdi. 1979-cu ildə Bakı - Yevlax - Xankəndi dəmir yolunun istifadəyə verilməsi Dağlıq Qarabağı respublikanın digər bölgələri ilə daha sıx şəkildə bağlamaq məqsədi güdürdü. 1978-ci ilin aprel ayında Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul edilərkən onun mətninə respublikamızda Azərbaycan dilinin dövlət dili olması haqqında ayrıca 73-cü maddə daxil edilmişdi.
Keçən əsrin 70 - 80-ci illərində Azərbaycanın iqtisadi və mədəni sahədə böyük nailiyyətlər qazanması Moskvanın ən yüksək siyasi rəhbərliyində respublikanın və onun rəhbərinin nüfuzunu xeyli yüksəltmişdi. Artıq SSRİ-nin ali rəhbərliyi onun fikri ilə hesablaşırdı. Heydər Əliyevin respublika rəhbəri kimi məqsədyönlü fəaliyyətinin əsas yekunu 1982-ci ilin noyabr ayında onun SSRİ-nin ən ali rəhbər orqanı olan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilməsi və bunun ardınca SSRİ-nin Ali İcra orqanı olan Nazirlər Şurasının sədrinin birinci müavini təyin edilməsi oldu. Dünyanın iki super dövlətindən biri olan SSRİ-nin ali rəhbərliyində belə yüksək vəzifəyə o dövrdə yalnız xüsusi işgüzarlığı və şəxsi keyfiyyətləri olan kadrlar gətirilirdi.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1970 - 1980-ci illərin əvvəllərində Azərbaycan sənayesində köklü dəyişikliklər baş vermişdir. SSRİ-nin Sibir və Ural bölgəsində neftçıxarma sənayesinin sürətli inkişafı şəraitində sovet rəhbərliyinin Azərbaycanda neft çıxarılması və neft emalı sahələrinə kifayət qədər böyük vəsait ayırması real görünmürdü. Bunu nəzərə alan H.Əliyev ilk növbədə respublikamızın iqtisadi inkişafının uzun müddətə hesablanmış yeni strategiyasını müəyyənləşdirdi. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycan iqtisadiyyatının sənaye və kənd təsərrüfatı sahələrini inkişaf etdirmək üçün 1975 - 1979-cu illərdə beş mühüm qərar qəbul etmişdi. Həmin qərarların üçü kənd təsərrüfatına aid idi. Bu qərarların həyata keçirilməsi nəticəsində 70-ci illərdə neft hasilatını sabitləşdirmək və artırmaq üçün Azərbaycana yeni texnologiyalara əsaslanan qazma qurğuları gətirildi. Xəzər dənizində "28 Aprel", "Bahar", "Azəri", "Günəşli" kimi zəngin neft - qaz yataqları aşkar edildi. Artıq 1971-ci ildə 18 milyon tondan çox neft hasil edilmişdi. Azərbaycanın neft tarixinin sonuncu yüz ilində bir milyardıncı ton neft çıxarılmışdı.
1976-cı ildə Yeni Bakı Neftayırma zavodunda, 1982-ci ildə isə Bakı Neftayırma zavodunda alman mütəxəssislərinin iştirakı ilə ilkin neftin emalı üçün yeni qurğular quraşdırılaraq bu sahədə istehsal prosesi tamamilə avtomatlaşdırılmışdı. Neftayırma müəssisələrinin yenidən qurulması zamanı avadanlıqların böyük hissəsi Almaniyadan, yüksək keyfiyyətli benzin istehsalı üçün qurğular isə Fransadan alınmışdı. Görülən tədbirlərin nəticəsində 80-ci illərin əvvəlləri üçün respublikanın neftayırma müəssisələrində 90 adda müxtəlif neft məhsulları: təyyarə benzini, reaktiv yanacaq, avtomobil və dizel yanacaqları, müxtəlif sürtgü yağları istehsal olunurdu. Yeni Bakı Neftayırma zavodunda yüksək keyfiyyətli benzin istehsalı 3,5 dəfə artmışdı.
1970-ci illərdə respublikamızın neft maşınqayırma sənayesinin əsaslı şəkildə yenidən qurulması həyata keçirilmişdi. Bu işə o dövrün pulu ilə çox böyük məbləğ olan 480 milyon manat vəsait ayrılmışdı. Nəticədə Azərbaycan neft maşınqayırma sənayesi bütün SSRİ üzrə neft avadanlıqlarına olan tələbatın 70 faizdən çoxunu ödəyirdi. Azərbaycan, SSRİ miqyasında neft çıxarılmasında öz əvvəlki mövqeyini itirsə də, 70-ci illərin əvvəllərindən neft emalı və neft maşınqayırması sahəsində öz üstün mövqeyini daha da möhkəmləndirmişdi.
Yeni iqtisadi strategiyaya uyğun olaraq qeyri - neft sahələrinin daha da genişləndirilməsi 70 - 80-ci illərdə Azərbaycan sənayesinin inkişafının əsas səciyyəvi xüsusiyyəti hesab olunur. 1970 - 1980-ci illərin birinci yarısında respublikada 130-dan çox yeni sənaye müəssisəsi açılmışdı. Əvvəlki dövrlərdən fərqli olaraq Moskva müttəfiq respublikalarda çoxlu xərc tələb edən iri sənaye müəssisələrinin tikilməsinə böyük maraq göstərmirdi. Buna baxmayaraq, həmin dövrdə Azərbaycanda Bakı Kondisionerləri zavodu, Sumqayıt Kompressorlar zavodu, Bakı Dərin Dəniz Özülləri zavodu kimi nəhəng sənaye müəssisələri tikilib istifadəyə verilmişdi. SSRİ-nin rəhbəri L.İ.Brejnevin sərəncamına baxmayaraq, Moskvanın bəzi rəhbərləri Kondisionerlər zavodunun Bakıda tikilməsinə inadla müqavimət göstərirdilər. Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində bu məsələ Azərbaycanın xeyrinə həll olundu. İki ildən az müddətdə yapon mütəxəssislərinin iştirakı ilə inşa edilən Bakı Məişət Kondisionerləri zavodu 1975-ci ildə məhsul istehsalına başladı. Bakı kondisionerləri SSRİ-də və xarici ölkələrdə böyük şöhrət qazanmışdı.
Heydər Əliyevin təşəbbüsü və fransız mütəxəssislərinin iştirakı ilə tikilib, 1985-ci ildə istifadəyə verilmiş Bakı Dərin Dəniz Özülləri zavodu bu gün də Azərbaycanın neft sənayesində özünəməxsus yer tutur.
1983-cü ildə Bakı - Qroznı neft kəmərinin istifadəyə verilməsi ilə respublikamız SSRİ-nin vahid neft kəmərinə qoşuldu və Sibir nefti emal olunmaq üçün Bakıya axmağa başladı. Bu dövrdə respublikada elektrik enerjisi istehsalını artırmaq üçün 1971-ci ildə Naxçıvanda Araz Su Elektrik Stansiyası (SES), 70-ci illərin ortalarında Tərtər Su Elektrik Stansiyası, 1981 - 1984-cü illərdə Şəmkir SES tikilib istifadəyə verilmişdi.
1976 - 1980-ci illərdə Azərbaycanda 38 yüngül və yeyinti sənaye müəssisəsi tikilib istifadəyə verilmişdi. Üzümçülüyün respublikanın kənd təsərrüfatının əsas sahələrindən birinə çevrilməsi nəzərə alınmış və həmin dövrdə Azərbaycanda 2 milyon ton istehsal gücü olan müasir tipli ilkin şərab emalı zavodları işə salınmışdı.
Nəqliyyat sahəsində də inkişaf göz qabağındadır. Azərbaycan ərazisinin şimal-qərb bölgəsini Bakı - Tiflis dəmir yolu xətti ilə birləşdirən və uzunluğu 162 km. olan Yevlax - Balakən dəmiryolu işə salınmışdı. 1970 - 1985-ci illərdə Bakı metropoliteninin daha 8 stansiyası işə düşmüş, beləliklə, stansiyaların sayı 16-ya çatmışdı. 1985-ci ildə Xəzərdə Azərbaycanı Qazaxıstanla birləşdirən bərə yolu açılmış və Gəncə şəhərində yeni aeroport istifadəyə verilmişdi.
1969-cu ildən sonra respublikanın rəhbərliyi Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsini özünün birinci dərəcəli vəzifəsi hesab edirdi. Respublikada meliorasiya işləri genişləndirilmiş, Tərtər, Xanbulaq və Arpaçay su anbarlarının tikilməsi 145 min hektardan artıq əkin sahəsinin suvarılmasna imkan vermişdi. Kənd təsərrüfatı məhsullarının istehsalında yeni istiqamətlər müəyyənləşdirilmiş, bu zaman əsas diqqət pambıqçılıq və üzümçülüyün inkişafına yönəldilmişdi. Görülən tədbirlər nəticəsində respublikamızda pambıq istehsalı ildə 335 min tondan 883 min tona çatdırılaraq 2 dəfədən də çox artmışdı. 1970 - 1980-ci illər arasında Azərbaycanda üzüm istehsalı 351 min tondan 1 milyon 481 min tona çataraq 4 dəfədən çox artmışdı. Taxıl, tütün və tərəvəz kimi kənd təsərrüfatı məhsullarının yüksək artımı şəraitində maldarlıq təsərrüfatı yenə ən zəif sahə olaraq qalırdı. 1970-1980-ci illərin əvvəllərində Azərbaycan sənaye və kənd təsərrüfatı istehsalının artımına görə həm İttifaq miqyasında, həm də bütün müttəfiq respublikalardan öndə idi. Lakin Azərbaycan sənaye və kənd təsərrüfatı sahəsində SSRİ rəhbərliyinin bütün planlarını artıqlaması ilə yerinə yetirsə də, respublikamız ət, süd, yağ kimi əsas ərzaq məhsullarına olan tələbatını ödəmək iqtidarında deyildi. İttifaq hökuməti və digər respublikalar Azərbaycanı heyvandarlıq məhsulları ilə təmin etmək sahəsində öz öhdəliklərini yerinə yetirmirdilər. 80-ci illərin ortalarında artıq respublikada ət və yağ, 80-ci illərin sonlarında isə şəkər əhaliyə talonla verilirdi. Bir çox sənaye məhsulları, xüsusilə, geyim, mebel, minik avtomobilləri az tapılan məhsulların sırasında idi.
1970 - 1980-ci illərdə respublikamızda ümumi sahəsi 38 milyon kvadrat km. olan yaşayış evləri tikilsə də, əhalinin mənzil təlabatı tam şəkildə ödənilmirdi. Nəticədə şəhərin ətrafında minlərlə ailə "gecəqondu" adlanan qanunsuz evlərdə yaşayırdı.
1970 - 1980-ci illərdə respublikamızda minlərlə məktəb, klub, kitabxana, xəstəxana və s. tikilmiş, Bakının ətrafında yeni yaşayış massivləri salınmışdı. 70-ci illərdə Bakıda Dəniz Vağzalı, Respublika Sarayı, Moskva mehmanxanası, 80-ci illərdə Gülüstan sarayı, Örtülü idman kompleksi və s. tikilib istifadəyə verilmişdi. Bakı şəhərinin su ilə təchizatını yaxşılaşdırmaq üçün 1971-ci ildə Kür su kəməri çəkilmişdi. 80-ci illərin ortalarından SSRİ-də baş verən siyasi dəyişikliklər və sovet cəmiyyətinin bütün sahələrini bürümüş böhran Azərbaycana da ciddi təsir göstərmişdi. Respublikada sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı ildən - ilə azalırdı. 1980-ci illərin ortalarından Sovet İttifaqında alkoqolizmə qarşı mübarizə kampaniyasının başlaması nəticəsində Azərbaycanda 100 min hektardan çox üzümlük məhv edilmişdi.
Bu dövrdə Azərbaycanda orta və ali təhsil xeyli inkişaf etmişdi. 80-ci illərin sonunda respublikanın ümumtəhsil məktəblərində 1,5 milyon şagird və 17 ali məktəbdə 100 mindən çox tələbə oxuyurdu. 70 - 80-ci illərdə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və digər şəhərlərinin ali məktəblərində respublikamız üçün 6 mindən çox kadr hazırlanmışdı. 1976-cı ildə İnşaat İnstitutu, 1981-ci ildə Gəncə Texnologiya İnstitutu, 1972-ci ildə Naxçıvanda, 1973-cü ildə Xankəndində Pedaqoji İnstitutlar açılmışdı. Bütün təhsil pillələrində marksizm - leninizm ideyaları təbliğ olunur, Azərbaycan xalqının tarixinin, mədəniyyətinin və coğrafiyasının öyrədilməsinə kifayət qədər diqqət yetirilmirdi. Ali məktəblərə qəbul prosesində çox vaxt obyektivlik gözlənilmirdi.
Azərbaycanda milli hərbi kadrlar yetişdirmək və azərbaycanlı gənclərin SSRİ-nin ali hərbi məktəblərinə daxil olmasını təmin etmək məqsədilə 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış orta internat məktəbi açılmışdı.
1989-cu ilin statistikasına görə respublikada əhalinin sayı 7 milyonu ötmüşdü. Bu əhalinin 1,2 milyon nəfəri (20 faizdən çoxu) qeyri - azərbaycanlı idi. Respublikanın təhsil müəssisələrində oxuyan şagird və tələbələrin 3/4-ü Azərbaycan dilində təhsil alırdı. Respublikanın bütün həyat sahələrində Azərbaycan dilinin işlədilməsinə xüsusi diqqət yetirilməsinə başlanmışdı. Buna baxmayaraq rus dilində təhsil alan azərbaycanlıların bir hissəsi öz doğma dilində danışa bilmirdi, qeyri -azərbaycanlıların böyük hissəsi isə laqeyd münasibət bəslədiyindən, hətta məişət səviyyəsində belə Azərbaycan dilini bilmirdi. Respublika daxilində rus dili müxtəlif millətlər arasında əsas ünsiyyət vasitəsi idi.
1970 - 1980-ci illərdə Azərbaycanın fundamental və tətbiqi elm sahələri inkişaf etmişdi. Şamaxı rəsədxanası SSRİ-nin ən böyük astronomiya mərkəzlərindən biri idi. "Xəzər" elmi mərkəzi kosmik fəzanın öyrənilməsində mühüm rol oynayırdı. 1987-ci ildə Bakıda Kosmik Araşdırmalar üzrə Elmi Tədqiqat Birliyi yaradılmışdı. Neft çıxarılması texnologiyasının hazırlanmasında akademik Azad Mirzəcanzadənin araşdırmalarının böyük əhəmiyyəti olmuşdur.
Bu dövrdə Bakı SSRİ-də "Neft Akademiyası" kimi tanınırdı. Azərbaycanın görkəmli alimləri Mirəli Qaşqay, Şəfaət Mehdiyev, Əliəşrəf Əlizadə və başqalarının neft, neft - kimya, geologiya sahəsindəki tədqiqatları bütün İttifaq miqyasında tanınır və tətbiq olunurdu. Azərbaycan alimi Fərman Salmanovun rəhbərliyi altında Qərbi Sibirdə neft və qaz yataqları kəşf olunmuşdu. O, tək bir Tümen vilayətində 20-dən çox neft yatağı aşkar etmişdi. Heç də təsadüfi deyil ki, 80-ci illərdə Azərbaycanın 5 alimi SSRİ-nin ən ali - Lenin mükafatı laureatı adına, 14 alimi isə Dövlət mükafatına layiq görülmüşdü. Fundamental elmi araşdırmalarına görə akademiklərimiz R.H.İsmayılov, M.A.Topçubaşov, M.F.Nağıyev, M.Ə. Hüseynov, M.Ə.İbrahimov Sosialist Əməyi Qəhrəmanı fəxri adını almışdılar.
İctimai elmlər olan tarix, ədəbiyyat və dilçilik sahəsində müəyyən uğurlar qazanılmışdı. 1976 - 1987-ci illərdə 10 cilddən ibarət Azərbaycan Sovet Ensiklopediyası nəşr olunmuşdu. Bu dövrün ədəbiyyatında mühüm rol oynamış şair və yazıçılardan Anar, Elçin, Yusif və Vaqif Səmədoğlular, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Məmməd Araz və başqalarının əsərlərində Sovet həyat tərzinin eybəcərliklərinə, insanların hüquqlarının pozulmasına və cəmiyyətdə baş verən qanunsuzluq hallarına bu və ya digər formada etirazlar səslənirdi.
Panislamizm və pantürkizmdə günahlandırılaraq Stalin həbs düşərgələrinə göndərilən və orada vəfat edən məşhur şair - dramaturqumuz Hüseyn Cavidin nəşinin 1982-ci ildə Sibirin İrkutsk vilayətindən Heydər Əliyevin təşəbbüsü ilə gətirilərək doğma yurdu Naxçıvanda dəfn edilməsi və həmin il Şuşada böyük Azərbaycan şairi Vaqifin məqbərəsinin açılması gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm rol oynamışdı.
Cənubi Azərbaycan şairlərindən böyük Seyid Məhəmmədhüseyn Şəhriyarın, Balaş Azəroğlu, Əli Tudə, Söhrab Tahir, Mədinə Gülgün, Hökumə Billurinin və daima cənub mövzusuna müraciət edən Süleyman Rüstəmin əsərləri milli şüurumuzun oyanmasında mühüm rol oynamışdır. Böyük şairimiz Şəhriyarın hələ 1954-cü ildə yazdığı "Heydərbabaya salam" poeması respublikamızda böyük əks - səda doğurmuş və dillər əzbəri olmuşdur.
Mirzə İbrahimov, İlyas Əfəndiyev və Anarın insanlarda yüksək mənəvi -əxlaqi keyfiyyətlər aşılayan pyesləri ilə Azərbaycan dramaturgiyası xeyli zənginləşmişdi.
Fikrət Əmirovun "Min bir gecə", Aqşin Əlizadənin "Babək" baletləri, Şəfiqə Axundovanın "Gəlin qayası" operası, Emin Sabitoğlunun "Hicran" musiqili komediyası 70-ci illər Azərbaycan musiqi sənətinin çox mühüm nailiyyətləri hesab olunur.
Tofiq Quliyev, Süleyman Ələsgərov, Emin Sabitoğlu, Cavanşir Quliyev, Ələkbər Tağıyev və başqa bəstəkarlarımızın mahnıları xalqımız tərəfindən sevilirdi.
Rəşid Behbudov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Fərhad Bədəlbəyli, Vaqif Mustafazadə və başqalarının ifaçılıq sənəti özünəməxsus zəngin kaloriti və təkrarsızlığı ilə dinləyənləri heyrətə salırdı.
1970 - 1980-ci illərdə Azərbaycan səhnəsinə Həsən Turabov, Səməndər Rzayev, Fuad Poladov, Amaliya Pənahova, Səyavuş Aslan, Yaşar Nuri və başqaları kimi yeni və istedadlı bir nəsil gəlmişdi. Bu nəslin nümayəndələri Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Məlik Dadaşov, Məmmədrza Şeyxzamanov, Əliağa Ağayev, Süleyman Ələsgərov, İsmayıl Osmanlı kimi Azərbaycan səhnəsində yüzlərlə özünəməxsus obrazlar yaratmış sənət korifeyləri ilə çiyin - çiyinə çalışırdılar.
60-cı illərin sonu - 80-ci illərdə çəkilmiş "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Yeddi oğul istərəm", "Nəsimi", "Babək", "Tütək səsi", "Axırıncı aşırım", "Dədə Qorqud", "Yaramaz" filmləri ilə Azərbaycan kinosu özünün çiçəklənmə dövrünü yaşayırdı.
Bu dövrdə Adil İsgəndərov, Həsən Məmmədov, Həsən Turabov, Rasim Balayev, Şəfiqə Məmmədova kimi istedadlı kino aktyorlarımız yaratdıqları özünəməxsus və parlaq obrazlarla böyük şöhrət qazanmışdılar.
Xalqımızın istedadlı rəssamları Tahir Salahov, Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov və Lətif Kərimov bu dövrdə Azərbaycan boyakarlığının çox gözəl nümunələrini yaratmışdılar.
Heykəltəraşlarımızdan Cəlal Qaryağdı, Mirələsgər Mirqasımov, Tokay Məmmədov, İbrahim Zeynalov, Fuad Əbdürrəhmanov və Ömər Eldarovun Azərbaycanda və respublikamızdan kənarda ucaltdıqları abidələr heykəltəraşlıq sənətinin çox gözəl nümunələri hesab edilir.
Dostları ilə paylaş: |