BAKI-2021
FH-da mülki müdafiənin rolu və vəzifələri
Mülki müdafiə, onun vəzifələri və
qurma prinsipləri
İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır. Bu ona görədir ki, elm və texnikanın sürətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və digər sənaye kompleksində qəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır.
Elmi-texniki tərəqqinin (ETT) yüksəlişi, mürəkkəb sistemlərin tətbiqi ilə elmi-texniki və istehsalat fəaliyyətinin miqyasının genişlənməsi, onların istismarında riskin artması insanların həyat və sağlamlığına, ətraf mühitə və istehsalatın normal fəaliyyətinə təhlükə yaradırlar.
Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir silahların tətbiqi zamanı istehsalatda insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini təmin etmək biliyi, bacarığı vermək günün vacib məsələsidir.
Mülki müdafiə (MM) insanın ətraf mühitində təhlükəsizliyi və sağlamlığının qorunması haqqında elmdir. O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın mühafizəsinin metod və vasitələrini, yollarını zərərli və təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır. MM-in müharibə vaxtındakı rolu xüsusilə böyükdür. Bununla belə qeyd etmək lazımdır ki, əmin-amanlıq dövründə MM-in rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələrilə mübarizədə xeyli artmışdır.
Böyük maddi itkilər və insan tələfatına səbəb olan (AES-də, dəmir yolunda, güclü təsirli zəhərli maddələrdən istifadə olunan müəssisələrdə baş verən qəzalar və tez-tez baş verən təbii fəlakətlər və s.) fövqəladə hadisələr göstərir ki, indi mövcud olan şəraitdə insanları və onların yaşadığı mühiti fövqəladə hallarda mühafizə etmək üçün, insanların psixoloji, mənəvi cəhətdən əsaslanmış səmərəli formada hazırlanması məsələlərini tamamilə yenidən qurmaq lazımdır, xüsusilə əmin-amanlıq dövründə fövqəladə hal olan MM tədbirlərinə yenidən baxılmalı və onun vəzifə və yollarını yenidən qiymətləndirmək lazımdır. Bu məsələ indiki iqtisadi münasibətlərin keçid dövründə daha böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti 1992-ci il iyulun 31-də “Azərbaycan Respublikasının Mülki müdafiəsi haqqında Əsasnamə” nin təsdiq edilməsi barədə 73 saylı fərmanı və 1998-ci il aprelin 18-də “Mülki müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 700 saylı fərmanı imzalanmışdır. Yuxarıda deyilənlər bu Əsasnamə və Qanunda öz əksini tapmışdır. Yeni Əsasnamə və Qanunda respublikada mülki müdafiənin əsas məqsəd və vəzifələrini habelə dövlət hakimiyyəti və idarəetmə orqanlarının, ictimai təşkilatların, eləcə də məsul şəxslərin və bütün vətəndaşların mülki müdafiə üzrə vəzifələri müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Mülki müdafiəsi – sülh və müharibə dövrlərində respublikanın ərazisində əhali və xalq təsərrüfatını təbii fəlakətlərin, həmçinin güclü qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin (bundan sonra “təbii fəlakətlərin, güclü qəzaların nəticələri və müasir qırğın vasitələrinin təsiri” ifadəsi – “fövqədadə hallar” adlandırılacaq) təsirindən mühafizə məqsədilə dövlət, təsərrüfat, hərbi idarəetmə orqanları tərəfindən bütün vətəndaşların iştirakı ilə həyata keçirilən sosial və müdafiə tədbirləri sistemidir.
Mülki müdafiə üzrə dövlət funksiyalarını Azərbaycan Respublikasının mülki müdafiə sistemi yerinə yetirir. Buraya bütün idarəetmə orqanları, müxtəlif mülkiyyət forma-larına aid olan birliklər, müəssisələr, idarələr, təşkilatlar və digər obyektlər, onların qüvvə və vasitələri daxildir. Onlar sülh və fövqəladə hallarda respublikanın bütün ərazisində mülki müdafiə tədbirlərinin yerinə yetirilməsini təşkil edirlər.
Azərbaycan Respublikası Mülki müdafiəsinin əsas vəzifələri aşağıdakılardır:
fövqəladə halların nəticələrindən əhalinin və xalq təsərrüfatının mühafizə edilməsi;
sülh və müharibə dövrlərində adamların həyatı, sağlamlığı üçün təhlükə yarandığı barədə və belə şəraitdə davranış qaydaları haqqında əhalinin vaxtında xəbərdar edilməsi;
fövqəladə halların nəticələri aradan qaldırılarkən xilasetmə işlərinin və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi;
mülki müdafiə sistemi rəhbər heyətinin, idarəetmə orqanları və qüvvələrinin fövqəladə hallarda mühafizəyə və fəaliyyətə hazırlanması, habelə müvafiq mühafizə və fəaliyyət üsullarının əhaliyə öyrədilməsinin təşkili;
sülh və müharibə dövrlərindəki fövqəladə hallarda xalq təsərrüfatı sahələrinin, müəssisələrin, idarə və təşkilatların sabit fəaliyyətinin təmin olunmasına yönəldilmiş tədbirlərin, xüsusən də mülki müdafiənin mühəndis-texniki və digər tədbirlərinin hazırlanmasında, həyata keçirilməsində iştirak etməkdir.
Sadalanmış vəzifələrin hamısı vacibdir və kompleks həll edilməlidir.
Mülki müdafiə ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu, o deməkdir ki, mülki müdafiənin bütün tədbirləri həm icra hakimiyyəti xətti üzrə, həm də istehsalat və təsərrüfat fəaliyyətinə rəhbərlik edən nazirlik və idarələr xətti üzrə planlaşdırılır və yerinə yetirilir.
Yeni qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında Mülki Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikasının Mülki Müdafiəsinə respublikanın Baş Naziri bilavasitə rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri həyata keçirməyə daim hazır olması üçün məsuliyyət daşıyır.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirməsini təşkil etmək, habelə icraya nəzarət məqsədilə FHN mülki müdafiə idarəsinin rəisi mülki müdafiəyə gündəlik rəhbərlik edir.
Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər:
Naxçıvan Müxtar Respublikasında – Muxtar Respublikanın Baş Naziri;
şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə – müvafiq icra hakimiyyəti başçıları və onların nümayəndələri;
təsərrüfat birliklərdə və obyektlərdə – onların rəhbərləri və sahibkarları.
Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu, onların vəzifə borcuna daxildir. Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa dövlət orqanları vasitəsilə yerinə yetirirlər.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün yerlərdə mülki müdafiə qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat obyektləri (müəssisələr) mühüm yer tutur. Təsərrüfat obyektləri (müəssisələr) mülki müdafiənin təşkilində vacib rola malikdir və əsas mərhələdir.
Bütün mülki müdafiə tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt dedikdə idarə, müəssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur.
Obyektdə (məktəblərdə, institutlarda) mülki müdafiənin təşkil edilməsi və vəziyyəti üçün bu obyektin rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır. Mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi barədə müəssisə rəhbərinin əmr və sərəncamlarını obyektin bütün vəzifəli şəxsləri hökmən icra etməlidirlər.
Obyektlərdə mülki müdafiə – fəhlə, qulluqçu, gəncləri, tələbələri (şagirdləri) qabaqcadan müasir qırğın vasitələrindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə hallarda sabit işləməsi üçün şərait yaratmaq və vaxtında xilasetmə və digər təxirəsalınmaz işlər (X və DTİ) görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək üçün yaradılır.
Obyektin rəhbərinə mülki müdafiə üzrə kömək göstərmək məqsədilə onun müavinləri (köçürmə, mühəndis texniki hissəsi, maddi-texniki təchizat, qərargah üzrə və s.) olur.
Obyektin mülki müdafiə rəhbərliyinin yanında mülki müdafiə Qərargahı yaradılır; Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki müdafiə məsələləri üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah mülki müdafiə üzrə ştatlı işçilərdən və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir.
Mülki müdafiənin xüsusi tədbirlərini yerinə yetirmək, bu məqsədlə qüvvə və vasitələr hazırlamaq, xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən mülki müdafiə qüvvələrinin fəaliyyətini təmin etmək üçün yerlərdə mülki müdafiə xidmətləri yaradılır. Obyektlərdə xidmətlərin vacib rolu vardır. Onlar obyektin şöbələri, təşkilat və laboratoriyaları əsasında yaradılır. Xidmətlərin rəisləri obyektin baş mütəxəssisləri, istehsalat rəhbərlərindən təyin edilir.
Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcm və xüsusiyyətlərini, xidmət yaratmaq üçün lazımi maddi bazanın, qüvvə və vasitələrin olmasını nəzərə almaqla müvafiq icra hakmiyyəti başçılarının qərarı və obyekt rəhbərlərinin əmrləri ilə yaradılır. Mülki müdafiənin əsas xidmətləri bunlardır: rabitə və xəbərdarlıq; tibbi; yanğından mühafizə; ictimai asayişi mühafizə; sığınacaq və daldanacaqlar; mühəndis; avtomobil nəqliyyatı; maddi-texniki təchizat; ticarət və energetika; kimya və radiasiyadan mühafizə və s.
Lazımi hallarda və müvafiq baza olduqda digər xidmətlər də yaradıla bilər. Kənd təsərrüfatı istehsalı obyektlərində bunlardan başqa kənd təsərrüfatı heyvanlarını və bitkilərini mühafizə xidməti də yaradılır.
Mülki müdafiə xidmətləri, qüvvələri, onların təyinatı və yaradılması
Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-xilasetmə dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xüsusi mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsinə cəlb olunan müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.
Mülki müdafiə qüvvələri FH-ın nəticələrini aradan qaldırarkən X və DTİ yerinə yetirmək, bu işləri təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa vəzifələri icra etmək üçündür. Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş dəstələr təşkil edir. Bunlar sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə iştirak edən mülki müdafiə qüvvələrinin sayca ən böyük hissələridir.
Ərazi və sahə orqanları tərəfindən yaradılan hərbiləşməmiş ümumi və xüsusi mülki müdafiə dəstələri bilavasitə həmin orqan rəhbərlərinin sərəncamı ilə fəaliyyət göstərir.
Xatırladaq ki, mülki müdafiə dəstələri ərazi-istehsalat prinsipi üzrə Naxçıvan Muxtar Respublikasında, rayonlarında, şəhərlərdə, obyektlərdə və yaşayış məntəqələrində yaradılır.
Mülki müdafiə dəstələri əminamandıq dövründə ayrı-ayrı təsərrüfat obyektlərində yaradılır. Dəstələr adamlarla, əşyalarla, texniki və nəqliyyat vasitələrilə, təşkilatın hesabına normalara uyğun olaraq təchiz olunurlar.
Hərbiləşməmiş mülki müdafiə dəstələrinə Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşından 60 yaşadək kişilər, 18 yaşından 55 yaşadək qadınlar cəlb edilirlər. Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar.
Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür:
Tabeliyinə görə – ərazi dəstələri və obyekt mülki müdafiə dəstələrinə bölünürlər.
Yerinə yetirdikləri vəzifələrə görə – obyektlərdə ümumi məqsədli mülki müdafiə dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.
Ümumi məqsədli dəstələr zədələmə ocağında xilasetmə işləri aparmaq təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur.
Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma mexanizasiya dəstələri (komandaları) – ümumi məqsədli dəstələr sayılır.
Mülki müdafiə xidmət dəstələri – xüsusi təyinatlı dəstələr kəşfiyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. məhz xidmət dəstələri sayılır.
Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) ixtisaslaşdırılmış dəstələr yaradılır. Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəstələrin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik hazırlıqda olurlar (24 saat).
Rayonun mülki müdafiə qərargahı. Rayonun icra başçısı MM dəstələrinin işinə qərargah və xidmət rəisləri vasitəsilə gündəlik rəhbərlik edir. Qərargah Rayon İcra başçısı və onun şöbələrinin, idarələrinin və digər təşkilatların işçilərindən təşkil olunur. Qərargaha, adətən, ştatda olan işçi (qərargah rəisi) rəhbərlik edir. Qərargahın digər şəxsi heyəti öz vəzifələrini əsas işdən ayrılmadan yerinə yetirilir. Rayonun icra başçısı həmin şəxslərin bilavasitə qərargahda, xidmətlərdə və obyektlərdə işləyəcəyi günləri (saatları) müəyyən edir. Bu qayda, tədbirlərin plan üzrə və məqsədəuyğun yerinə yetirilməsinə imkan yaradır.
Qərargah heyətinin sayı konkret şəraitdən asılı olaraq müəyyən edilir. Qərargah 12-16 nəfərdən ibarət ola bilər: qərargah rəisi, onun müavini, operativ kəşfiyyat şöbəsi (rəis və 2-3 köməkçi); döyüş hazırlığı qrupu (rəis və 2-3 köməkçi); mühəndis-texniki və radiasiyadan mühafizə qrupu (rəis və 1-2 köməkçi); maddi və texniki təminat qrupu (rəis və 1-2 köməkçi). Rayon İcra başçısı rayon tabeliyində olan şəhərdə yerləşirsə, belə hallarda rayonun və şəhərin birləşmiş mülki müdafiə qərargahı yaradılır, həmçinin rayonun başçısına tabe olan vahid xidmətlər təşkil edilir.
Rayon qərargahının əsas vəzifələri: rayonun mülki müdafiə planını işləyib hazırlamaq və onun yerinə yetirilməsini təşkil etmək; əhalini, xalq təsərrüfatı istehsalını qorumaq və zərər çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki müdafiənin döyüş hazırlığını daim təmin etmək; əhaliyə mülki müdafiə siqnalları vasitəsilə xəbər vermək və dəstələrin, xidmətlərin arasıkəsilmədən idarə olunmasını təmin etmək; kəşfiyyatı təşkil və ona müntəzəm rəhbərlik göstərmək; əhalinin və xalq təsərrüfatı istehsalı obyektlərinin nüvə, kimyəvi və bakterioloji adi silahlardan, sülh mahiyyətli FH-dan mühafizəsinə dair tədbirləri işləyib hazırlamaq və həyata keçirmək; mülki müdafiə xidmətləri və dəstələri şəxsi heyətinin hazırlığını təşkil etmək və onun keçirilməsinə nəzarət etmək; rayonun ərazisində yerləşən obyektlərin mülki müdafiə hazırlığına nəzarət etməkdir.
Rayonun (şəhərin) mülki müdafiə xidmətləri. Mülki müdafiə tədbirlərini, dəstələrin hazırlığını və zədələnmiş (zəhərlənmiş) yerlərdə iş görərkən onların düzgün idarə olunmasını təmin etmək üçün, yerli şəraiti və müvafiq bazanın olmasını nəzərə alaraq, Rayon (şəhər) İcra Hakimiyyətinin qərarı ilə rayon xidmətləri yaradılır.
Rabitə xidməti – rayon (şəhər) rabitə kontorunun bazası əsasında təşkil olunur. Rabitə xidmətinin işçiləri: İcra Hakimiyyətinin nümayəndəsinə, idarələrin, müəssisələrin vəzifəli şəxslərinə və rayonun bütün əhalisinə fövqəladə hadisələr təhlükəsi barədə vaxtında xəbər verir; MM siqnallarının verilməsini təşkil edir, rayonun bütün obyektləri ilə rabitə yaradır və onu daim fəaliyyətə hazır saxlayır; rayonun ərazisində fəaliyyət göstərən mülki müdafiə qüvvə və vasitələrinin idarə olunmasını təmin edirlər.
Tibb xidməti – tibb müəssisələrinin bazası əsasında yaradılır (xidməti rəisi – rayonun baş həkimidir). Xidmət: müalicə-profilaktika, epidemiya əleyhinə və sanitariya-gigiyena tədbirlərini həyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını təmin edir; zərər çəkmiş, zədələnmə ocağından çıxarılan adamların qəbul edilməsi, yerləşdirilməsi və müalicəsi üçün binaları hazırlıyır.
İctimai asayişi mühafizə xidməti – rayon polis şöbəsinin bazası əsasında təşkil olunur (xidmətin rəisi – rayon polis şöbəsinin rəisidir). Xidmətə: dövlət mülkiyyətini və ictimai mülkiyyəti, habelə vətəndaşların şəxsi əmlakını qorumaq; çaxnaşmanın qarşısını almaq; nəqliyyatın hərəkətini təmin etmək; əhalinin müəyyən edilmiş davranış qaydalarını yerinə yetirilməsinə nəzarət etmək həvalə olunur. Xidmət köçürülmə işlərinə, mülki müdafiə siqnalları üzrə əhalinin daldalanmasına yardım göstərir, zədələnmə ocağına buraxılma rejiminin və bakterioloji yoluxma ocağında karantin tədbirlərinin yerinə yetirilməsini təmin edir.
Yanğından mühafizə xidməti – yanğından mühafizə təşkilatlarının bazası əsasında yaradılır (xidmətin rəisi – rayonun yanğın müfəttişidir). Bu xidmətin vəzifələri: yanğınsöndürən dəstələr hazırlamaqdan, yanğına qarşı profilaktika tədbirlərini həyata keçirməkdən, müəssisə, idarə və qəsəbələrin ərazisində su hövzələri tikilməsini təşkil etməkdən ibarətdir. Yanğınlar baş verdikdə onların məhdudlaşdırılması və söndürülməsi üçün xidmət hər cür tədbir görür.
Ərzaq və paltarla təchizat xidməti – rayon istehlak cəmiyyəti və ticarət bazası əsasında yaradılır (xidmətin rəisi rayon istehlak cəmiyyətinin sədridir). Bu xidmət: anbarlarda, ictimai iaşə və ticarət müəssisələrində saxlanan malların zəhərləyici, radioaktiv maddələrdən və bakterioloji vasitələrdən mühafizəsi məsələləri ilə məşğul olur; köçürülən və zərər çəkmiş əhalinin yeməklə təmin olunmasını sahmana salır, onları ən lazımi şeylərlə təchiz edir; həmçinin rayonun mülki müdafiə dəstələrinin şəxsi heyətini yeməklə təmin edir.
Heyvanları və bitkiləri mühafizə xidməti –baytarlıq və aqronomiya idarələrinin bazası əsasında təşkil olunur. Xidmət baytarlıq tədbirlərini və heyvanların, kənd təsərrüfatı bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi zədələnmə vasitələrindən qorunması üçün tədbirlər həyata keçirir. Kənd təsərrüfatı məhsulları emal edən müəssisələrdə bu xidmət həmçinin su mənbələrinin, taxıl, alaf və başqa kənd təsərrüfatı məhsullarının mühafizəsi üzrə tədbirlər görür. Heyvanları və bitkiləri mühafizə xidməti heyvandarlıq məhsullarının baytarlıq-sanitariya ekspertizasını təşkil edir, kənd təsərrüfatı müəssisələrində su mənbələrinin və ərzaq ehtiyatlarının vəziyyətinə nəzarət edir; tibb xidməti, habelə ərzaq və paltarla təzhizat xidməti ilə birlikdə zəhərlənmiş məhsullardan istifadə olunması qaydalarını müəyyənləşdirir.
Lazım gəldikdə rayon (respublika) rəhbərliyinin razılığı ilə rayonda yuxarıda göstərilənlərdən əlavə başqa xidmətlər də (kommunal-texniki xidmət – rayon kommunal təsərrüfatı kombinatı bazası əsasında; mühəndis xidməti – tikinti təşkilatlarının bazası əsasında; avtomobil nəqliyyatı xidməti – avtomobil təsərrüfatları, yol idarələri və digər təşkilatların bazası əsasında; maddi-texniki təchizat, energetika və b. xidmətlər) yaradıla bilər.
Əgər xidmət bir neçə idarənin bazası əsasında yaradılırsa, bu zaman həmin idarələrin rəhbərlərindən biri xidmətin rəisi, qalanları isə onun müavinləri təyin edilir. Rayon xidmətlərinin vəzifələri və fəaliyyəti əsasnamələrlə, təlimatlarla, habelə yuxarı xidmətlərin göstərişləri əsasında və rayonun xüsusiyyətləri nəzərə alınmaqla yuxarı idarə rəhbərləri tərəfindən müəyyən edilir.
Öz bazası əsasında rayon xidmətləri yaradılmış təşkilatların imkanlarından asılı olaraq burada komandalar, qruplar, briqadalar, habelə xüsusi məqsədli manqalar; tibb, mühəndis, ictimai asayişi mühafizə, rabitə, kommunal-texniki, avtomobil nəqliyyatı, heyvanları və bitkiləri mühafizə manqalları təşkil edə bilər. Bundan başqa, mülki müdafiə məqsədləri üçün (ştat üzrə mövcud strukturda) rayonun rabitə, səhiyyə idarələrindən, habelə maddi və texniki təchizat, ticarət və ictimai iaşə idarə və müəssisələrindən istifadə olunur. Rayonun və şəhərlərdən köçürülən müalicə-profilaktika və tibb idarələrinin bazası əsasında baza xəstəxanaları idarəsi, çeşidləmə-köçürmə hospitalları, baş və profil xəstəxanaları, ilk yardım dəstələri və epidemiya əleyhinə dəstələr yaradılır.
Mülki müdafiə rayon mərkəzindəki komanda məntəqəsindən idarə edilir. Bu məntəqəni rabitə vasitələri ilə, məntəqənin şəxsi heyətini isə nəqliyyat vasitələri və fərdi mühafizə vasitələri ilə təmin edirlər. Komanda məntəqəsində: rəhbər heyət, qərargahın və xidmətlərin şəxsi heyəti, köçürmə komissiyası və xidmət qrupu yerləşir.
Müəssisə direktorları, rəhbərləri mülki müdafiəyə cavabdeh şəxs sayılırlar. Onlara aşağıdakı vəzifələr həvalə olunur:
obyekt dəstələri yaratmaq, onları lazımi əmlakla təchiz etmək və bu dəstələrin döyüş hazırlığını təmin etmək;
əhaliyə FH-ın nəticələrindən mühafizə tədbirlərinin öyrədilməsini təşkil etmək;
mülki müdafiə dəstələri və əhali üçün xüsusi əmlak və fərdi mühafizə vasitələri əldə etmək, bunları toplayıb saxlamaq;
vəzifəli şəxslərə, dəstələrin şəxsi heyətinə və əhaliyə FH təhlükəsi haqqında vaxtında xəbər vermək;
əhalinin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə rəhbərlik etmək;
profilaktika tədbirlərini, epidemiya və yanğın əleyhinə tədbirləri təşkil etmək;
şəhərlərdən köçürülmüş əhalini və idarələri qəbul edib yerləşdirmək;
əhalinin köçürülməsini təşkil etmək;
xəstəxana kollektorları açmaq üçün nəzərdə tutulmuş binaları hazırlamaq;
dəstələri toplamaq və onların zədələnmə ocağına yürüşünü təşkil etmək;
kənd təsərrüfatı heyvanlarının, bitkilərin, ərzaq ehtiyatlarının, alafın və su mənbələrinin radioaktiv, kimyəvi maddələr, bakterioloji vasitələrlə yoluxmadan mühafizəsi üzrə tədbirləri yerinə yetirmək;
əkinlərin, su anbarlarının, meşələrin, otlaqların və başqa kənd təsərrüfatı sahələrinin zəhərlənməsini vaxtında aşkara çıxarmaq məqsədilə bu yerlərə nəzarəti təşkil etmək, habelə onların zərərsizləşdirilməsi işlərinə rəhbərlik etmək.
Obyekt dəstələrinin hazırlığına gündəlik rəhbərliyi təmin etmək və mülki müdafiə tədbirlərini planlaşdırmaq üçün obyektlərdə 3-5 nəfərdən ibarət qərargah (qərargahın heyətinə daxil edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şərtilə) yaradılır.
Rayonun mülki müdafiə dəstələri. Rayonun müəssisələrində, şəhərlərində və qəsəbələrində bu dəstələr yaradılır: xilasedici dəstələr (komandalar), kəşfiyyat qrupları (manqaları), ətraf mühitin radioaktivliyini müşahidə postları, rabitə qrupları, sanitar drujinası dəstələri və sanitar drujinaları, yanğınsöndürən komandalar (bölmələr), ictimai asayişi mühafizə dəstələri (komandaları), zərərsizləşdirici komandalar (qruplar), kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə komandaları (qrupları).
Kənd yerlərindəki müalicə-profilaktika idarələrinin və şəhərlərdən köçürülən tibb idarələrinin bazası əsasında ilk tibbi yardım dəstələri, epidemiya əleyhinə səyyar dəstələr, ixtisaslı tibbi yardım dəstələri (briqadalar), həmçinin tibb xidmətinin idarələri (baza xəstəxanaları idarəsi, çeşidləmə-köçürmə hospitalları, mərkəzi və profil xəstəxanaları) təşkil edilir.
Dəstələri istehsalat prinsipi əsasında komplektləşdirir və təlimə cəlb edirlər.
Dəstələrin ştatları və əmlakla təchizat tabelləri, bu sahədə təsərrüfatların imkanları, habelə qüvvə və vasitələrə olan tələbat nəzərə alınmaqla dəstələrin nümunəvi təşkili sxemləri və təchizat norması tabellərinə uyğun olaraq obyektin qərargahı tərəfindən işlənib hazırlanır.
Xilasedici dəstə 2–4 komandadan ibarət olub, obyektin əsas mülki müdafiə dəstəsi sayılır. Xilasedici dəstə zədələnmiş adamları axtarmaq, uçqunlar altından, dağıdılmış sığınacaq və binalardan çıxarmaq, həkimə qədər yardım göstərmək, habelə onları zədələnmə ocağından aparmaq üçün nəzərdə tutulur.
Xilasedici dəstə bir iş növbəsi (8-10 saat) ərzində aşağıdakı işlərdən birini görə bilər: zədələnmiş 600-1200 nəfər adamı zədələnmə ocağından çıxarıb 250-350 m məsafəyə daşımaq; zədələnmiş 120-240 nəfəri uçqun altından, qismən uçulmuş binalardan çıxarıb 250-350 m məsafəyə aparmaq; qismən dağılmış xəndək və ya qazma tipli 60-120 daldalanacağın üstünü açıb sökmək; 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək. Həmin işləri yerinə yetirmək üçün dəstə, adətən, mühəndis texnikası və kənd təsərrüfatı texnikası ilə təmin olunur, habelə xüsusi məqsədli dəstələr ilə gücləndirilir.
Kəşfiyyat qrupu 3-5 manqandan ibarət olur. Bu qrupun əsas vəzifələri – zədələnmə ocağının hüdudlarını, dağıntıların xarakterini və miqdarını, radiasiyanın səviyyələrini, zəhərləyici maddələrin və bakterioloji vasitələrin növünü müəyyən etməkdir. Kəşfiyyat bölmələri yanğınların yerini və ölçülərini, Dağılmış və zədələnmiş binaların, sığınacaqların və daldalanacaqların vəziyyətini müəyyənləşdirir, texnika və nəqliyyatın hərəkəti üçün yararlı olan marşrutlar tapır, harada yaralılar olduğu barədə məlumat toplayır və başqa işləri icra edir. Kəşfiyyat qrupu adamların, texnikanın, əmlakın, ərzağın, alafın və suyun zəhərlənməsinə nəzarət etmək işinə də cəlb oluna bilər.
Zərərsizləşdirici komanda – 2-4 qrupdan ibarət olub ərazini, tikintiləri və texnikanı zərərsizləşdirmək üçün nəzərdə tutulur. Bir iş növbəsində 350-600 min m2 sahəni və ya 80-120 min m2 tikilini deqazasiya edə bilər.
Sanitariya dəstəsi – 4-5 sanitar dəstədən ibarətdir və kütləvi zədələnmə ocağında zərər çəkmiş adamlara ilk tibbi yardım göstərmək üçün nəzərdə tutulur. Dəstənin şəxsi heyəti bir iş növbəsində 2200-2700 şəxsə ilk yardım göstərə bilər. Dəstə zədələnmə ocağında mülki müdafiənin xilasedici bölmələri ilə birgə işləyir.
Sanitar drujinaları – beş manqandan ibarətdir; kənd təsərrüfatı və orta təhsil müəssisələrinin, bazası əsasında yaradılır. Drujinalar zərər çəkmiş şəxslərə zədələnmə ocağında ilk tibbi yardım göstərmək üçündür.
Ətraf mühitdəki obyektlərin radioaktivliyini müşahidə postları müəssisə və obyektlərdə radioaktiv, kimyəvi və bakterioloji vəziyyəti müşahidə etmək, sahələrdə zəhərlənmə başladığını vaxtında aşkara çıxarmaq və bu barədə obyektin mülki müdafiə qərargahına məlumat vermək üçündür.
Dostları ilə paylaş: |