BAKI-2021
FH-DA ƏHALININ KÖÇÜRÜLMƏSİ
köçürülmə tədbirləri. köçürülmənin mahiyyəti
Köçürmə tədbirlərinin yerinə yetirilməsi fövqəladə hallarda əhalinin mühafizəsinin ən səmərəli üsullarından biridir.
Köçürmə tədbirləri həm sülh dövründəki fövqəladə hallarda (təbii fəlakətlər, qəzalar və katastrofalar zamanı), həm də müharibə dövrünün fövqəladə hallarda (müasir kütləvi qırğın vasitələri işlədilərkən) əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir.
Köçürmə (təxliyə) – adamların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil sürətdə çıxarılıb (nəqliyyatda və piyada) təhlükəsiz rayonlarda (zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir (şəkil 4.13).
Köçürmə tədbirləri əhalini təhlükəli sahələrdən (zədələnmə ocaqlarından) təhlükəsiz rayonlara vaxtında çıxarmağa və bununla da fövqəladə halların təsirindən törəyən tələfatı maksimal dərəcədə azalmağa imkan verir.
Keçmiş müharibələrdə, xüsusən də Böyük Vətən müharibəsi və Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi dövründə köçürmə işləri geniş tətbiq edilmişdi. Hazırda, sülh dövründə Çernobl atom elektrik stansiyasında (ÇAES) qəza ilə əlaqədar olaraq geniş köçürmə işləri aparılmış, bu stansiya ətrafındakı 30 km-lik zonadan, həmçinin Ukraynanın, Belorusyanı və Rusiya Federasiyasının bir sıra yaşayış məntəqələrindən əhali çıxarılmışdır.
Daşkənddə zəlzələ, Gürcüstanda daşqınlar, İsmayıllı rayonunda sürüşmə, İmişli-Saatlı-Sabirabad rayonlarında 2010-cu il daşqınları və digər fövqəladə hallarla əlaqədar da köçürmə işləri olmuşdur.
Keçmişdə həyata keçirilən köçürülmə tədbirləri müasir dövrdəki müharibələr şəraitində nəzərdə tutulan köçürülmələrdən prinsipcə fərqlidir. Məsələn, II Dünya müharibəsi zamanı əhali düşməndən əks tərəfdə yerləşən uzaq rayonlara köçürülürdü.
Müasir şəraitdə köçürülmə düşmənin nüvə zərbələri endirəcəyi ən çox ehtimal edilən şəhərlərdən və obyektlərdən əhalinin çıxarılıb bu şəhərlərin hər tərəfindəki bütün təhlükəsiz rayonlarda yerləşdirilməsini nəzərdə tutur.
Köçürmə tədbirləri və fövqəladə hallar ehtimal olunan rayonlarda sülh və müharibə dövrlərində adamların həyatı və sağlamlığı üçün təhlükə yaranarkən qısa müddətdə ya qabaqcadan ya da zədələyici amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə yetirilməlidir.
Köçürmə tədbirləri düşmən tərəfindən müasir adi silahlar və kütləvi qırğın vasitələri tətbiq edilməsi, həmçinin təbii fəlakətlər, güclü istehsalat qəzaları baş ver-məsi ehtimalları nəzərə alınmaqla çoxvariantlı planlaşdırılmalı, yaranmış vəziyyətdən asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yetirilməsi nəzərdə tutulmalıdır.
Müharibə dövründəki fövqəladə hallarda (FH) köçürülmə bu məqsədlə görülən tədbirlər kompleksi daha böyük həcmli və geniş dairəsinə səciyyəvi olacaqdır.
Köçürülmənin mahiyyəti ondan ibarətdir ki, iri şəhərlərdən, vacib obyektlərdən və təhlükəli sahələrdən əhali əvvəlcədən çıxarılıb şəhərdənkənar zonadakı az təhlükəli rayonlarda yerləşdirilir. Bunun sayəsində iri şəhərlərin əhalisinin sayı dəfələrlə azaldılır, şəhərlərdə qalan (vacib obyektlərdə işlədilən) adamların mühafizə qurğularında daldalandırılması işi yüngülləşir, müasir qırğın vasitələrinin təsirindən baş verə biləcək tələfatı maksimal dərəcədə azaltmaq imkanı yaranır.
Müharibə dövründə təhlükəli rayonlarda işini davam etdirən obyektlərin fəhlə və qulluqçuları köçürülüb təhlükəsiz zonada yerləşdiriləndən sonra təhlükəli rayona növbələr üzrə işə gətirilir və işdən sonra dincəlmək üçün təhlükəsiz zona yerə aparılır. (Keçmişdə bu qaydada fəhlə və qulluqçuların seyrəldilməsi deyilirdi, indi bu anlayış istifadə olunmur).
Təhlükəsiz zona – düşmən basqını gözlənilən şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalardan və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir.
Əhalinin köçürüləcəyi nəzərdə tutulan şəhərlərdəki hər bir müəssisə, idarə, təşkilat, məktəb üçün təhlükəsiz zonada yerləşmə rayonu müəyyən edilir ki, bu rayon oraya köçürüləcək fəhlələrin, qulluqçuların və onların ailə üzvlərinin sayından asılı olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər.
İri şəhərlərdə işini davam etdirən müəssisələrin fəhlə və qulluqçuları təhlükəsiz zonada elə məsafədəki rayonlarda yerləşdirilməlidir ki, burada onların təhlükəsizliyi təmin edilsin, işə aparılması və dincəlmək üçün təhlükəsiz zonaya gətirilməsinə isə minimal (ən çoxu 4 saat) vaxt sərf edilsin.
Bu zaman təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməlidir:
müasir qırğın silahlarının təsirindən dağıntı və daşqınlardan əhalinin etibarlı mühafizəsini:
müəssələrin iş növbələrindəki işçilərin təhlükəsiz zonadan obyektə minimal vaxt sərf etməklə gətirilməsini;
MM qüvvələrinin zədələnmə ocağına yeridilməsi üçün əlverişli sürətdə qruplaşdırılmasını;
lazımi gigiyena-sanitariya şəraitini.
Köçürüləcək əhalinin təhlükəsiz zonada yerləşdiriləcəyi rayonların və yaşayış məntəqələrinin müəyyən edilməsi, hazırlanması və təşkil edilməsi işləri əvvəlcədən, hələ sülh dövründə başlanılır, fövqəladə hallar təhlükəsi yaranan dövrdə tam sürətdə başa çatdırılır.
Bu məqsədlə:
nəqliyyat yolları təkmilləşdirilir və qaydaya salınır;
mövcud olan rabitə, ondan idarəetmə orqanlarının istifadə etməsi məqsədilə inkişaf etdirilir;
mənzil fondu, tibb, kommunal, mədəni-maarif, ticarət müəssisələri və digər sahələr köçürülüb gətirilən əhalinin yerləşdirilməsi və ona xidmət göstərilməsinə hazır-lanır;
əlavə su təchizatı məntəqələrinin yaradılması və avadanlaşdırılması, digər mühəndis – texniki tədbirlərin yerinə yetirilməsi işləri təşkil edilir.
Əhalinin köçürülməsi istehsalat-ərazi prinsipi üzrə təşkil edilir. Bu o deməkdir ki, bütün fəhlə və qulluqçuların, onların ailə üzvlərinin, ali məktəb tələbələrinin və orta ixtisas məktəbləri tələbələrinin, texniki-peşə və orta məktəb şagirdlərinin obyektlər üzrə təhlükəli rayonlardan çıxırılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə tutur.
Qalan əhali isə ərazi prinsipi üzrə yaşayış yerlərindən köçürülür.
Əhalinin köçürülməsinin əsas üsulu kombinasiyalı üsuldur, bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan bütün nəqliyyat vasitələrilə təhlükəli zonalardan dərhal çıxarılır.
Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər şəxsiyyəti təsdiq edən pasport (vəsiqə) və iş, yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir.
Qismən köçürülmə hallarında ilk növbədə: internat məktəblərin şagirdləri, uşaq evlərindəki uşaqlar, ali məktəb tələbələri, orta ixtisas məktəblərinin şagirdləri – bu məktəblərin professor-müəllimlər heyəti və onların ailə üzvləri ilə birlikdə, həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyət təhlükəli rayonlardan çıxarılır. Belə əhalinin daşınması nəqliyyat vasitələrinin sülh dövründəki hərəkət cədvəllərini pozmadan, bütün nəqliyyat vasitələrindən istifadə etməklə yerinə yetirilir.
Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün köçürmə komissiyalarının qüvvələri ilə toplanış-köçürmə məntəqələri (TKM) açılır. Bu məntəqələr adətən, adamlar nəqliyyat vasitələrinə mindiriləcək meydançaların və yolların yaxınlığındakı məktəb, klub binalarında və başqa ictimai binalarda açılır. Müxtəlif əhali toplanış-köçürmə məntəqələrinə əvvəlcədən obyektlər üzrə təhkim edilir.
Toplanış-köçürmə məntəqəsinə gələn əhali burada qeydə alınır. Sonra köçürüləcək əhali qruplara ayrılır: nəqliyyat vasitələrində aparılacaq adamlar: nəqliyyat vasitələrinin növləri üzrə qatarlar və avtomobil dəstələri üzrə, şəhərdən piyada çıxarılacaq adamlar isə piyada dəstələri üzrə qruplaşdırılır.
Piyada yürüş edən adamların istirahəti üçün istirahət (düşərgə) müddətləri sonra nəzərdə tutulur: qısa istirahət (10-15 dəqiqəlik) – hər 1-1,5 saat yürüşdən sonra üçün istirahət (1-2 saatlıq) yolun ikinci yarısında, adətən ehtimal edilən güclü dağıntı zədələnmə zonasının hüdudlarından kənarda təyin edilir.
Piyada köçürülən əhalinin yerləşdirilməsi nəzərdə tutulan rayonlar çox uzaqda olduqda, belə əhali üçün aralıq köçürmə məntəqələri təşkil edilə bilər.
Nəqliyyat vasitələrində köçürülən əhali təhlükəsiz zonada nəqliyyatdan düşürmə stansiyalarına və ya məntəqələrinə gətirilir, burada nəqliyyatdan düşürülür və sonra təşkil edilən köçürmə əhali də bu məntəqələrə gəlir. Köçürmə üzrə qəbuletmə məntəqələrinin işçiləri gətirilən əhalinin qarşılanmasını, qeydə alınmasını və yerləşdirilməsini təşkil edir.
Köçürmə zamanı ən lazımi şeyləri – paltar, ayaqqabı, alt paltarı, yataq ləvazimat götürürlər.
Hər bir adam özü ilə həmçinin ərzaq və bir qədər içməli su götürməlidir, 2-3 günlük ərzaq götürürlər: tez xarab olmayan, saxlanması daha rahat olan və yeməzdən əvvəl hazırlanması (uzun müddət bişirilməsi) tələb olunmayan ərzaq növləri – konserv konsentrat, qalet, qurudulmuş çörək və s. məhsullar götürmək daha yaxşıdır.
Köçürülən yaşlı adamlar sənədlərdən: pasportu, hərbi bileti, əmək kitabçasını və ya təqaüd vəsiqəsini, təhsili haqqında diplomu (attestatı), evlənmə haqqında vəsiqəsini və uşaqların doğum şəhadətnaməsini özləri ilə götürməlidir.
Uşaqlar üçün paltar və ayaqqabı seçərkən, bunların mühafizə xüsusiyyətlərini və ilin fəslini nəzərə almaq lazımdır. Üç yaşadək olan uşaqlar üçün uşaq ərzaq malları – uşaq yeməyi, quru süd, konservləşdirilmiş şirələr və s. ehtiyatları hazırlanmalıdır.
Sənədlərdən – uşaqların yaş kağızlarını və məktəb gündəliklərini götürürlər.
Köçürülən uşaqların pal-paltarı və ərzağı yığılmış çamadana (arxa çantasına) çənə (birka) bənd etmək və onun üzərinə uşağın soyadını, adını, atasının adını, ev ünvanını və köçürülmə məntəqəsinin adını aydın surətdə yazmaq lazımdır. Məktəbəqədər yaşlı uşaqların həmişə geydiyi paltarın daxili cibinə də bu cür vasitə ilə uşağın adı, atasının adı, soyadı, təvəllüdü, ata və anasının ev və iş yerinin ünvanları göstərilən vərəq qoyulur; bu məlumatlar yazılmış ağ parça qırığı uşağın paltarının astarına (yaxanın altında) tikişə, daha yaxşı olar.
Köçürülən əhalinin ərzaqla təminatı ictimai iaşə müəssisələrinin bazası əsasında təşkil edilir, lazımi hallarda əlavə iaşə məntəqələri (yeməkxanalar) açılır.
Respublikada, şəhər və rayonlarda bütün köçürmə tədbirləri üzrə ümumi hesablamalar aparılır, burada hər bir konkret fövqəladə hadisə təhlükəsi yaranarkən və baş verərkən köçürmə işlərinin icrasına cəlb ediləcək qüvvə və vasitələr hesablanıb müəyyən edilir.
Köçürülmə zamanı adamlar öyrəndikləri yaşayış yerlərini tərk etməyə, əmlakının xeyli hissəsini evlərində qoyub gəlməyə, vərdiş etmədikləri şəraitdə yerləşib yaşamağa vadar olacaqlar. Hamı başa düşməlidir ki, adamların həyatını xilas etmək naminə bu çətinlik və məcburiyyətə tab gətirmək lazımdır. Buna görə də müəyyən olunmuş sərəncamlarını yerinə yetirmək, bu mürəkkəb tədbirlərin həyata keçirilməsində onlara kömək göstərmək hər bir vətəndaşın borcudur.
Təhlükəsiz rayonların əhalisi isə təhlükəli zonalardan köçürülüb gətirilmiş əhalinin həyat şəraitinin təmin olunması: radiasiya əleyhinə daldalanacaqlar düzəldilməsi, tənəffüs üzvlərini qoruyan ən sadə mühafizə vasitələri hazırlanması, ictimai binaların yaşayış yeri kimi uyğunlaşdırılması, əlaltı materiallardan məişət əşyaları (yataq, kürsü, döşək və s.) düzəldilməsi işlərində fəal iştirak etməli, yardım göstərməlidir.
Kimyəvi təhlükəli obyektlərdə qəza baş verərkən, eləcə də ərazidə radioaktiv zəhərlənmə (çirklənmə) olarkən köçürmə işləri adətən iki mərhələdə yerinə yetirilir: əhali əvvəlcə zədələyici amillərin yerləşdirmə məntəqələrinə aparılır. Bu dövrdə həmçinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizə tədbirləri də görülür. Qəza baş vermiş rayon ərazi polis idarələrinin əməkdaşları tərəfindən ciddi nəzərə alınır, əhalinin qəza zonasından köçürülməsini isə yol polisi müəyyən marşrut üzrə nizama salır.
Köçürmə işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi həmçinin əhalinin özünün mütəşəkkilliyindən və intizamından xeyli asılı olacaqdır.
Müharibə dövründə ehtimal edilən güclü dağıntı zonalarında işini davam etdirən və onu təmin edən obyektlərin fəhlə və qulluqçularının köçürülməsi – onları nəqliyyatın bütün növləri ilə şəhərdənkənar zonaya daşımaqla yerinə yetirilir.
İri şəhərlərdə istehsalat fəaliyyətini dayandıran və ya öz işini şəhərdənkənar zonaya keçirən obyektlərin fəhlə və qulluqçularının, habelə istehsalatda məşğul olmayan əhalinin köçürülməsi kombinasiya üsulu ilə yerinə yetirilir, yəni onların həm piyada, həm də nəqliyyat vasitələrində, mütəşəkkil surətdə şəhərdənkənar zonaya aparılması nəzərdə tutulur.
Nəqliyyat vasitələrində: şəhərdə işini davam etdirən obyekttlərin fəhlə və qulluqçuları, şəhərdən piyada çıxmağa qabil olmayan əhali (xəstələr 10 yaşına qədər uşağı olan qadınlar və s.), həmçinin MM dəstələrinin bir qismi daşınır. Qalan əhali şəhərdən piyada çıxarılır.
Qismən köçürülmə hallarında ilk növbədə: internat məktəblərin şagirdləri, uşaq evlərindəki uşaqlar, ali məktəb tələbələri, orta ixtisas məktəblərinin şagirdləri – bu məktəblərin professor – müəllimlər heyəti və onların ailə üzvləri ilə birlikdə, həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyət şəhərlərdən çıxarılır. Belə əhalinin daşınması nəqliyyat vasitələrinin sülh dövründəki hərəkət cədvəllərini pozmadan, bütün nəqliyyat vasitələrindən istifadə etməklə yerinə yetirilir.
Nəticə olaraq qeyd etmək lazımdır ki, sülh və müharibə dövrlərindəki fövqəladə hallarda köçürmə işlərinin müvəffəqiyyəti – köçürülən fəhlələrin, qulluqçuların və bütün əhalinin kamil fəaliyyətindən, bu tərəfdən həyata keçirilərkən onların mütəşəkkil, intizamlı və şüurlu davranışından xeyli dərəcədə asılı olacaqdır.
Dostları ilə paylaş: |