A. Radiasiya şəraitinin proqnozlaşdırılması
Radioaktiv buludun izinin yaranması 10-20 saat davam edir. Buna görə Respublika Mülki müdafiə (MM) qərargahı, rayon, zavod və iri obyektlərin MM qərargahları radiasiya vəziyyətini qabaqcadan, radioaktiv bulud yaxınlaşana kimi proqnozlaşdırırlar.
Radiasiya şəraitinin proqnozlaşdırılması radioaktiv bulud izinin yaranmasının 90% ehtimal olunan hüdudlarında xəritə (sxem) üzrə mərkəzi bucağı 40° olan sektora görə təyin olunur. Radioaktiv bulud izi sektorun təqribən 1/3-ni təşkil edir.
Radiasiya şəraitinin proqnozlaşdırılmasında ilkin şərtlər nüvə partlayışının koordinatları, gücü, tipi, vaxtı, orta küləyin sürəti və istiqamətidir. Orta külək yer səthindən radioaktiv buludun qalxma hündürlüyünə qədər atmosfer təbəqəsində orta sürətə və istiqamətə malik küləyə deyilir. Orta küləyi təyin etmək üçün atmosfer təbəqəsini hündürlük boyunca bir neçə vahid təbəqələrə bölərək, hər birində küləyin istiqaməti və sürəti təyin olunur. Orta küləyin istiqaməti, vahid təbəqələrdə küləyin istiqaməti vektorlarının cəmi ilə eyni istiqamətdə olur. Orta küləyin istiqaməti dərəcə ilə (0°-dən 360°-dək) saat əqrəbi istiqamətində qəbul olunur. Şimaldan əsən küləyin istiqaməti (azimut) 0° və ya 360°, şərqdən – 90°, cənubdan – 180°, qərbdən – 270°-dir. Orta küləyin sürəti vahid təbəqələrdəki küləklərin sürətləri cəminin təbəqələrin sayına olan nisbətinə bərabərdir.
Radioaktiv buludun yayılma sektoru aşağıdakı ardıcıllıqla qurulur (şəkil 2.1) – xəritədə (sxemdə) göy rənglə nüvə partlayışı mərkəzi qeyd olunur; nüvə partlayışı mərkəzindən orta küləyin istiqamətində göy rənglə sektorun oxu çəkilir; ehtimal olunan zədələnmə zonası göy rənglə qeyd olunur (zona radiusu cədvəl 2.1-dən təyin olunur); sektorun oxu ilə hər iki tərəfdən 20° əmələ gətirən xətləri çəkməklə A, B, V, Q radioaktiv zəhərlənmə (çirklənmə) zonalarının sərhədləri müvafiq rənglərlə (göy, yaşıl, qəhvəyi, qara) işarə olunur. Nüvə partlayışı mərkəzinin yanında partlayışın gücü (kt), partlayışın tipi (y – yer üstü) vaxtı və tarixi qeyd edilir.
Şəkil.2.1. Radiasiya şəraitinin proqnozlaşdırılması sxemi
1 – partlayış mərkəzi; 2 – partlayış rayonunda ehtimal olunan radioaktiv zəhərlənmə zonası; 3 – sektorun oxu (orta küləyin istiqaməti); 4 – A zonasının uzaq sərhədi.
Dostları ilə paylaş: |