Mühafizə qurğularının saxlanılması qaydaları Sığınacaq və daldalanacaqların saxlanmasına cavabdeh olan müəssisə və idarə rəhbərləri sığınacaq və daldalanacaqlara xidmət etmək üçün manqalar yaradırlar.
Hər bir qurğu üçün 7-9 nəfərdən ibarət bir manqa təşkil edilir. Adətən, manqanın komandiri sığınacağın komendantı sayılır.
Komendant manqanın şəxsi heyəti ilə birlikdə sığınacağın kipliyinin yoxlanmasında iştirak edir, əhalini qəbul etmək üçün sığınacağın həmişə hazır vəziyyətdə saxlanmasını təmin edir, habelə buradakı bütün avadanlığın qorunub saxlanmasına və saz olmasına məsuliyyət daşıyır.
Manqa, müəyyən olunmuş siqnal üzrə dərhal sığınacağa gəlir, komendant adamların qəbul olunması üçün sığınacaqların qapılarını açır və postlar təşkil edir. 1№-li post (üçnövbəli, gecə-gündüz növbə çəkən).
Sığınacağın giriş yolu üzərində qoyulur. Növbətçilər qapıları açır, adamlar içəri keçərkən qayda-qanuna riayət olunmasına nəzarət edir, sığınacaq adamla dolduqdan sonra və ya «Mühafizə qurğularını bağlayın!» siqnalı üzrə qapıları bağlayır və özləri içəridə qapıların yanında dururlar. Qapının çöl tərəfinə «Sığınacaq doludur!» elanı asılır və ən yaxındakı sığınacaqların ünvanı göstərilir. 2№-li post (üçnövbəli, gecə-gündüz növbə çəkən).
Süzücü-ventilyasiya aqreqatını işə hazırlamağa, işə qoşmağa və onun işini tənzimləməyə, kipliyin vəziyyətinə nəzarət etməyə, qəza işıq vasitələrini yoxlamağa, qəza hava aparıcı boruların qoruyucu klapanlarını bağlamağa və ya açmağa borcludur.
Qəza baş verdikdə və ya sığınacaq zədələndikdə manqanın şəxsi heyəti onun aradan qaldırılmasında iştirak edir, habelə zərər çəkmiş adamlara ilk yardım göstərir.
Adamların qəbulu üçün mühafizə qurğusunun hazır vəziyyətə gətirilməsi qaydasıMühafizə qurğusu hazırlanarkən aşağıdakı işlər görülməlidir:
mühafizə qurğusuna giriş yollarının qarşısı yığışdırılıb təmizlənir və «Giriş» işıq göstəriciləri qoyulur;
mühafizə qurğusundakı otaqlardan kənar əşyalar, materiallar və digər avadanlıqlar çıxarılıb otaqlar boşaldılır;
mühafizə qurğusunda lazımi cihazlar və alətlər ehtiyatı yaradılır;
mühafizə qurğusundakı otaqların havası dəyişdirildikdən sonra giriş və çıxış qapıları bağlanır və mühafizə qurğusunda xidmət manqalarının fasiləsiz növbətçiliyi təşkil edilir;
«Hava həyəcanı» siqnalı üzrə mühafizə qurğusunun hansı otaqlarında kimlərin daldalanacağı, adamların mühafizə qurğusunda yerləşməsi və orada davranış qaydaları dəqiqləşdirilir.