Kimyəvi kəşfiyyat cihazları. Havada, ərazidə, texnikanın və başqa obyektlərin səthlərindəki, zəhərləyici maddələri (ZM) adətən kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə, yaxud nümunə götürüb onları kimya laboratoriyasında analizdən keçirməklə aşkar edirlər. Müasir zəhərləyici maddələri hiss orqanları vasitəsilə aşkar etmək çox çətindir. Çünki onların bir çoxunun nə iyi, nə rəngi, nədə qıcıqlandırıcı xassələri yoxdur, başlıcası isə, bir sıra ZM-nin zəhərliliyi o dərəcədə yüksəkdir ki, onların iyinə və qıcıqlandırıcı təsirlərinə görə aşkar edilməsi cəhdi, ciddi zəhərlənmələrlə nəticələnə bilər.
Zəhərləyici maddələri çöl şəraitində təyin etmək üçün ən çox kimyəvi metoddan istifadə edilir. Bu üsul zəhərləyici maddə ilə ona müvafiq seçilmiş digər bir xüsusi maddənin qarşılıqlı təsiri sayəsində müəyyən bir rəngə malik birləşmə yaranması hadisəsinə əsaslanır. Belə rəngin meydana çıxması burada məhz həmin ZM-in olduğuna dəlalət edir. Bu rəngin çalarını kağıza çəkilmiş rəng etalonları ilə müqayisə edərək, ZM konsentrasiyası və ya havanın zəhərlənmə dərəcəsi barədə qənaətə gəlmək mümkündür.
İstifadə etmək rahat olsun deyə, kimyəvi kəşfiyyat cihazlarında işlədilən reaktivləri məsaməli maddəyə yaxır, yaxud şüşə ampula yığırlar. Reaktiv yaxılmış məsaməli maddəni və müvafiq miqdar ampulları şüşə borucuğa yerləşdirir və ətraf mühitin təsirindən qorumaq üçün borucuğun hər iki ucunu lehimləyirlər. Belə borucuqlar indikator borucuğu adlanır.
İndikator borucuğunu işlədərkən onun uclarını kəsir, daxilindəki ampulu sındırmaqla zəhərli havanı xüsusi nasosla sorub borucuqdan keçirirlər. Bu zaman havanın tərkibindəki ZM buxarları reaktivlə reaksiyaya qoşularaq məsaməli maddənin rəngini müvafiq surətdə dəyişir. Bu rəngə və onun tündlüyünə görə ZM-in növü və havadakı konsentrasiyası təxmini təyin edilir.
Kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatorlarının qoşun kimyəvi kəşfiyyat cihazı (VPXR), yarımavtomat kimyəvi kəşfiyyat cihazı (PPXR), QSA-12 və QSP-11 avtomat qaz siqnalizatorları və s. növləri olur.